Bakı-İrəvan xəttində son durum: Sülh müqaviləsi ilə yanaşı, bu üç sənəd də imzalana bilər – MÜSAHİBƏ

ReAl Partiyasının sədri Natiq Cəfərli “Teleqraf” İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Natiq bəy, Ermənistanın Baş naziri Nikol Paşinyanın qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Azərbaycan xalqını Qurban Bayramı münasibəti təbrik etməsi diplomatik jest kimi dəyərləndirilir. Sizcə, erməni baş nazir bununla hansı mesajı verməyə çalışır?
– İndiyə qədər belə bir şey olmamışdı ki, Azərbaycan xalqının hansısa bir bayramını Ermənistan rəhbərliyindən kimsə təbrik etsin. Ona görə bu bir ilkdir. Paşinyanın belə bir jest etməsi, təbrik mesajını yayımlaması, bundan öncə isə Türkiyə Prezidenti ilə telefon danışığında “Cənubi Qafqazda sülh üçün əlindən gələni edəcəyini” söyləməsi ondan xəbər verir ki, Ermənistan rəhbərliyi ən azından Azərbaycanın indiki şəraitdə tələb etdiyi ön şərtlərlə belə sülh müqaviləsini imzalamağa hazır olduğunu göstərir. Görünən odur ki, kənardan müdaxilələr olmasa, bunu edə bilər. Çünki Azərbaycanın sülhlə bağlı Ermənistandan iki haqlı tələbi var. Bunlardan biri ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlıdır. Bununla bağlı Ermənistanın digər rəhbərləri ilə yanaşı, Paşinyan da açıqlama verib ki, Minsk Qrupundan imtinanı da sülh sazişi ilə eyni gündə həll edə bilərlər.
– Minsk Qrupu ilə bağlı konsensusun olması fonunda onun buraxılmasının heç də asan olmayacağı da iddia edilir. Keçmiş münaqişə tərəflərinin müraciətinin yubadılması ehtimalını necə dəyərləndirirsiniz?
– Əgər Azərbaycan və Ermənistan tərəfindən Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciəti olarsa, bu ilin dekabr ayında keçiriləcək ATƏT-in növbəti konfransında bu sadəcə formal bir hal olacaq. ATƏT-in növbəti iclasında səsə qoyulmadan belə Minsk Qrupunun buraxılması elan oluna bilər. İki ölkə birgə müraciət etmiş olsa, formal olaraq o müddət ATƏT-in növbəti konfransında sona çatmalıdır.
– Beynəlxalq məhkəmələrdən qarşılıqlı olaraq iddiaların geri çəkilməsi ilə bağlı tərəflərin ümumi razılığa gəlməsi ehtimalı varmı?
– Ən azından Ermənistan mediasında çıxan materiallardan aydın olur ki, rəsmi İrəvan buna da hazırdır.
– Rəsmi Bakının Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması ilə bağlı tələbi necə yerinə yetiriləcək?
– Əslində, bu Azərbaycanın haqlı tələblərindən biridir. Burada da bir neçə yanaşmanın olması mümkündür. Misal olaraq Ermənistan konstitusiya məhkəməsinin bir rəyi var. Azərbaycan bunu yetərli saymasa da, amma imzalanacaq sülh müqaviləsinə ölkə konstitusiyasından üstün hüquqi akta malik bir bəndin əlavə edilməsi mümkündür. Ermənistan bundan sonra konstitusiyasının dəyişdirilməsi ilə bağlı öhdəlik götürə bilər.
– Amma öhdəliyin icra mexanizmi və vaxtı ilə bağlı da tərəddüdlər var…
– Öhdəlik icra edilməsə, problemin Ermənistan tərəfindən qaynaqlandığı açıq şəkildə bəlli olacaq. Amma bu təbriklər fonunda Azərbaycanın da Ermənistan tərəfinə bir jesti oldu. İki erməni gəncin yolu azaraq Azərbaycan tərəfinə keçməsi və bir neççə saat sonra Ermənistana təhvil verilməsi rəsmi Bakının etdiyi bir jest idi. Bütün bunlar onu deməyə əsas verir ki, sülh müqaviləsinin imzalanması üçün artıq onun vaxtının və yerinin müzakirəsi gedir. Ola bilər ki, bununla bağlı yaxın zamanlarda ciddi bir irəliləyiş əldə edilsin.
– Siz iddia edirsiniz ki, sülh müqaviləsi ilə paralel bir neçə sənədə imza atmaq mümkün ola bilər?
– Eyni zamanda bir neçə məsələni həll etmək mümkündür. Sülh müqaviləsinə paralel olaraq bir neçə sənəd imzalana bilər. Azərbaycan və Ermənistan arasında razılaşdırılmış və rəsmi Bakının tələblərinə uyğun olaraq sülh müqaviləsinin imzalanması ilə yanaşı ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə bəyanatın qəbul edilməsi realdır. Həmçinin qarşılıqlı şəkildə beynəlxalq məhkəmələrdəki iddiaların geri çəkilməsi ilə bağlı razılıqların əldə edilməsi mümkündür. Bunlara paralel olaraq Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair sənədlərə imzalar atıla bilər. Bütün bu sənədlərin eyni zamanda, eyni gündə imzalanması Cənubi Qafqazda yeni bir dönəmin başlanmasına, səhifənin açılmasına da səbəb olar.