Bakı İrəvanı “Zəngəzur dalanı”na atıb: Ermənistanla bağlı həlledici qərar verilib

Paşinyan hakimiyyətinin tezliklə Zəngəzur dəhlizinin məhz Azərbaycanın şərtləri çərçivəsində açılması üçün rəsmi Bakıya minnətçi düşəcəyi qətiyyən şübhə doğurmur… Halbuki, rəsmi İrəvan yeni uydurduğu məntiqsiz “dalan layihəsi”nə vaxt itirdikcə, onun yalvarışlarının da bir müddətdən sonra keç qalacağı istisna deyil, Ermənistan “əbədi blokada ölkəsi” kimi qala bilər…

Ermənistan “geopolitik dalana” düşmüş vəziyyətdə qalmaqda davam edir. Üstəlik, bu “geopolitik dalan”ın layihəsi də elə erməni zehniyyətinin məhsuludur. Rəsmi İrəvan onilliklər boyu Ermənistanın inkişaf perspektivlərinin önünü aça biləcək addımlardan israrla imtina edib. Bunun əvəzində qonşu ölkələrin ərazilərini ələ keçirtmək cəhdləri ilə Ermənistanın iqtisadi-ticari və logistika “pəncərələr”ini bərk-bərk qapayıb. Və indi bu, Ermənistanı əbədi “blokada ölkəsi”nə çevirib.

Məsələ ondadır ki, vaxtilə Azərbaycanın Gürcüstan üzərindən keçirdiyi enerji boru xətlərinin və nəqliyyat-kommunikasiya marşrutlarının inşası müəyyən mənada, məcburiyyətdən qaynaqlanırdı. Halbuki, həmin logistika xətlərinin məhz Ermənistan ərazisindən keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq rəsmi İrəvanın Azərbaycan ərazilərini işğal altında saxlaması Ermənistanı bu logistika xətlərindən məhrum buraxdı. Və nəticədə Ermənistanın hər il qazana biləcəyi yüzmilyonlarla dollar tranzit gəlirləri məhz Gürcüstana qismət oldu.

Ancaq nə qədər qəribə də olsa, rəsmi İrəvan hələ də keçmiş səhvlərdən doğru nəticələr çıxartmağı öyrənə bilməyib. Halbuki, Ermənistan hazırda ikinci dəfə blokadadan çıxmaq və hər il fantastik tranzit gəlirləri vəd edən logistika sisteminə malik olmaq şansı qazanıb. Yəni, Zəngəzur dəhlizinin reallaşması Ermənstan üçün yeni iqtisadi-ticari və tranzit gəlirləri əldə etmək imkanları aça bilərdi. Və bu, Ermənistanın maliyyə-iqtisdadi inkişafında sıçrayış yaradardı.

Buna baxmayaraq, Paşinyan hakimiyyəti bu önəmli şansı dəyərləndirə bilmədi. Üçtərəfli anlaşmaları pozdu və Zəngəzur dəhlizinin açılması üçün qəbuledilməz şərtlər irəli sürdü. Ona görə də, rəsmi Bakı erməni manipulyasiyaları ucbatından vaxt itirməmək üçün Zəngəzur dəhlizinə alternativ marşrut variantını gündəmə gətirdi. Yəni, Azərbaycan Naxçıvana gedəcək marşrutu məhz İran üzərindən keçirtmək qərarı verib. Üstəlik, Azərbaycan və İran arasındakı anlaşma əsasında bu marşrutun inşa prosesi artıq intensivlik qazanıb. Bu, o deməkdir ki, Ermənistanı blokadadan çıxara biləcək və fantastik tranzit gəlirləri ilə yüklü “Zəngəzur qatarı” artıq yenə fərqli istiqmətdə hərəkət edir.

Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistanın sonuncu inkişaf şansı olan önəmli geopolitik layihəni də qaçırtmaq üzrədir. Böyük ehtimalla erməni siyasi zehniyyəti İranla münasibətləri o qədər də hamar omayan rəsmi Bakının bu qədər radikal qərar alacağına ehtimal verə bilməmişdi. Halbuki, iqtisadi maraqların uzlaşdığı məkanlarda siyasi ziddiyyətlərin arxa plana keçə biləcəyi də inkaredilməz reallıqdır. Və bu reallığı anlamaqda çətinlik çəkən rəsmi İrəvan Ermənistanı “əbədi blokada ölkəsi”nə çevirməyi bacarmaq üzrədir.

Maraqlıdır ki, rəsmi İrəvan Zəngəzur dəhlizi məsələsində hələ də geri çəkilmək istəməsə də, itirilməkdə olan şansın Ermənistan üçün nə qədər taleyüklü olduğunu da hər halda, tədricən anlamağa başlayıb. Ona görə də, Paşinyan hakimiyyəti İrandan keçəcək marşrutun şərtləri çərçivəsində Azərbaycandan Ermənistana nəqliyyat-kommunikasiya xəttinin çəkilməsinə razı olduğunu israrla bəyan etməyə başlayıb. Və bunun nə qədər absurd yanaşma olduğunu isə anlamaqda çətinlik çəkir.

Məsələ ondadır ki, Zəngəzur dəhlizi ilə bağlı şərtlər 10 noyabr üçtərəfli anlaşmasında açıq-aydın yer alıb. Həmin şərtlərin Ermənistanın istəyi ilə dəyişdirilməsinə nə Azərbaycan, nə də Rusiya imkan verməz. Rusiya xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi barədə açıqlamasında bu məqam birmənalı şəkildə vurğulanıb. Eyni zamanda, rəsmi İrəvan anlamalıdır ki, İranla olan anlaşmanın Ermənistana heç bir aidiyyatı ola bilməz. Və rəsmi Bakı eyni şərtlər daxilində Ermənistandan marşrut keçirərək, Azərbaycanın düşmənini tranzit gəlirləri ilə bəsləyəcək qədər sadəlövh deyil.

Nə qədər qəribə də olsa, Paşinyan hakimiyyəti mövcud situasiyadan çıxış yolu axtarmağa çalışır. Hələlik isə rəsmi İrəvan “sülh kəsişməsi”ndən başqa heç nə icad edə bilməyib. İndi Paşinyan hakimiyyəti bu məntiqsiz “layihə”ni Ermənistanla təmasda olan bütün dövlətlərə təklif edir. Halbuki, hansısa dövlətin erməni zehniyyətinin “yararsız məhsul”una investisiya qoyub, külli miqdarda maliyyə vəsaitini havaya sovuracağına yalnız sadəlövhlər inana bilər. Və bu erməni cızma-qarası hazırda heç kimə cəlbedici görünmür.

Əslində, bu, qətiyyən təəccüblü deyil. Çünki Paşinyan hakimiyyəti Ermənistan ərazisini müxtəlif istiqamətlər üzrə dairəvi xətləyərək, “sülh kəsişməsi” adlandırıb. Üstəlik, iddia edir ki, bütün dünya öz logistika ehtiyaclarını ödəmək üçün məhz Paşinyan hakimiyyətinin cızdığı dairəvi trayektoriya üzrə Ermənistana üz tutmalıdır. Yəni, Rusiya İrana yük daşımaq üçün Azərbaycanın daha qısa və sərfəli nəqliyyat-kommunikasiya xətlərindən yan keçməlidir. Bunun əvəzinə daha uzaq, üstəlik, qəliz marşrutla Gürcüstan, oradansa, Ermənistan üzərindən İrana yük daşımalıdır.

Digər tərəfdən, Asiya ölkələri birbaşa Azərbaycan üzərindən deyil, əvvəlcə Hind okeanına çıxmaqla, İran, Ermənistan və Gürcüstan üzərindən Qara dənizə çıxmalıdırlar, Avropa məkanı ilə ticarət aparmalıdırlar. Yaxın Şərq ölkələri isə Türkiyədən keçməklə Ermənistana, oradan da yenə də Gürcüstan üzərindən Qara dəniz vasitəsilə Avropaya yük daşımalıdırlar. Belə misalları daha da artırmaq olar, ancaq erməni zehniyyətinin məntiq problemini izah etmək üçün elə bunlar da kifayətdir.

Üstəlik, onu da nəzərə almaq lazımdır ki, “sülh kəsişməsi” hazırda sadəcə, Paşinyan hakimiyyətinin Ermənistan xəritəsi üzərində cızdığı əyri-üyrü xətlərdən ibarətdir. Əgər, onun reallaşdırılmasına hansısa parasından bezmiş dövlət tapılsa belə, buna fantastik maliyyə məbləği xərcləməlidir və illərlə inşaat aparmalıdır. Və belə bir sadəlövh ölkənin tapıla biləcəyinə yəqin ki, Paşinyan hakimiyyəti də inanmaz.

Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyətinin “sülh kəsişməsi” əslində, Ermənistanın “dalan layihəsi”dir. Dünyanın heç bir ölkəsi özünü bu çıxılmaz “dalana” salmaz. Ona görə də, rəsmi İrəvanın ABŞ və Qərbin dəstəyi ilə Ermənistanı “sülh kəsişməsi”nə çevirmək ümidləri heç vaxt reallaşmayacaq. Çünki müasir dünyada Ermənistanda heç bir şey kəsişməyəcək.

Əksinə, Paşinyan hakimiyyəti tezliklə Zəngəzur dəhlizinin məhz Azərbaycanın şərtləri çərçivəsində açılması üçün rəsmi Bakıya yalvarmağa başlayacağı qətiyyən şübhə doğurmur. Halbuki, rəsmi İrəvan “dalan layihəsi”nə vaxt itirdikcə, onun yalvarışlarının da bir müddətdən sonra keç qalacağı istisna deyil. Və bu baxımdan, rəsmi İrəvan Ermənistanın “əbədi blokada ölkəsi” kimi qalmasına artıq indidən hazır olmalıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button