Bakı Kremlin planını pozdu

Bu günlərdə 4 erməni məhbusun Ermənistana təhvil verilməsi Azərbaycan cəmiyyətində suallar və narazılıq doğurub.

İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli yazıb ki, bu hisslər başa düşüləndir. Onun fikrincə, amma məsələyə yalnız emosional yox, strateji prizmadan baxmaq vacibdir. “Bu addım birbaşa Nikol Paşinyanın daxili mövqeyini gücləndirir. Paşinyanın mövqeyinin güclənməsi isə Ermənistan daxilində revanşist qüvvələrin zəifləməsi deməkdir. Revanşizmin zəifləməsi isə ilk növbədə Azərbaycan üçün təhlükəsizlik və sabitlik anlamına gəlir. Alternativ ssenarini də düşünək. Paşinyan zəifləsə və ya devrilsə, onun yerinə kim gələ bilər? Böyük ehtimalla köhnə Qarabağ klanı, Moskvayönlü sərt fiqurlar və “itirilmiş torpaqlar” ritorikası ilə yaşayan qüvvələr. Bu isə sülh yox, yeni müharibə deməkdir” – jurnalist vurğulayıb. Onun sözlərinə görə, bu yanaşma Türkiyənin regionda normallaşma strategiyası ilə də uzlaşır. Ankara-Bakı xətti üçün Ermənistanla dialoqun real qalması məhz Paşinyan xəttindən keçir.

Sual belədir: bir neçə erməni məhbusu saxlamaqla daxili rahatlıq qazanmaqmı bizim üçün daha önəmlidir, yoxsa uzunmüddətli sülh və təhlükəsizlik ehtimalını qorumaq?

Kreml Bakı-İrəvan barışığına qarşı

Politoloq Zaur Məmmədovun sözlərinə görə, Vaqif Xaçaturyanın səhhətində problemlər var, onun Ermənistana verilməsi düzgün addımdır: “Təsəvvür edin həbsxanada ölsəydi (nə udacaqdıq?) bizə qarşı hansı kampaniyalar aktivləşəcəkdi. Bu, separatçı liderlərlə bağlı da ölkəmizə qarşı təzyiqə səbəb olacaqdı. Xaçaturyan qalan günlərini cəhənnəm əzabında İrəvanda çəkəcək”.

Siyasi təhlilçi Asif Nərimanlıya görə, Azərbaycanın Ermənistana 4 ermənini təhvil verməsi, xüsusilə Meşəli qətliamında iştirak etməkdə ittiham olunan Vaqif Xaçaturyanın qaytarılması müzakirələrə səbəb olub: “Birinci Qarabağ müharibəsində yaşananlar fonunda cəmiyyətin narazılığı anlaşılandır. Lakin bu addımın məntiqi səbəbi olmalıdır. Xaçaturyanın qaytarılmasında bir məntiq ola bilər: xəstəliyinin ağır olması və ölüm riski;
70 yaşlı cinayətkarın həbsxanada ölməsi beynəlxalq diqqəti Bakıda həbsdə olan ermənilərin üzərinə yönəldə və erməni diasporu-lobbisinin uzun müddətdir nəticə əldə edə bilmədiyi “məhbus kampaniyası”na yeni əsas yarada bilərdi. Bu kampaniya qarşısında indiyə qədər geri çəkilməyən Bakının yanaşması bundan sonra da dəyişməyəcək. Hərçənd Xaçaturyanın xəstəliyi ölümlə nəticələnəcəyi təqdirdə, yeni vüsət alacaq “məhbus kampaniyası” sülh prosesini koordinasiya edən Vaşinqtonun da prosesə diqqət ayırmasına səbəb ola və nəzərləri xunta rejiminin “rəhbərlərinə” – Araik Arutyunyan, Ruben Vardanyan və digərlərinə yönəldə bilərdi. İstisna deyil ki, Xaçaturyanın təhvil verilməsində hadisələrin bu istiqamətində inkişaf riskləri nəzərə alınıb”.

Azərbaycan 4 erməni məhkumu bu iki əsirlə dəyişib

Onun bildirdiyinə görə, 4 erməninin indi təhvil verilməsi isə iki kontekstdə dəyərləndirilə bilər: “Birincisi, Ermənistan daxilində Paşinyanın mövqelərini gücləndirməkdir. 4 ermənini İrəvana qaytarması Paşinyana revanşizmi dəstəkləyən kilsəyə qarşı mübarizədə üstünlük qazandırır və cəmiyyətə sülhün nəticələrini təqdim etmək imkanı yaradır. İkincisi, Bakı-İrəvan xəttində sülh prosesinin praktiki müstəvidə icrasını davam etdirməkdir. Ermənilərin ABŞ və Ermənistan arasında TRİPP layihəsinin (Zəngəzur dəhlizi) icrası ilə bağlı birgə bəyanatın qəbul edilməsi fonunda qaytarılması diqqət çəkir. 4 erməninin İrəvana təhvil verilməsinin başqa məntiqi görünmür”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə də zənn edir ki, dörd məhbusun Ermənistana verilməsində problem yoxdur: “Azərbaycanın Ermənistana dörd məhbusu təhvil verməsi ikitərəfli əlaqələrin inkişafı və sülh istiqamətində etimadın möhkəmləndirilməsidir. Həmçinin Ermənistanda seçkilər yaxınlaşır. Məhz Paşinyanın qalib gəlməsi yekun sülh müqaviləsinin bağlanması deməkdir. Dörd məhbusun təhvil verilməsi ilə Paşinyan seçkilərdə mövqeyini gücləndirilməsi istiqamətində istifadə edəcək”.\Emil SalamoğluMusavat.com\

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button