Bakı küçələrində narkotik basdıranlar

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində ittiham olunan 28 yaşlı Sabir Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı bu günlərdə yekunlaşıb.

Ötən ilin iyulun 14-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Xətai rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Sabir Rüstəmov saxlanılıb. Onun üzərindən 2,416 qram kokain, 28 ədəd ekstazı həbləri, külli miqdarda marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Təqsirləndirilən Sabir Rüstəmov ifadəsində müxtəlif klublarda qəlyançı işlədiyini, narkotik istifadəçisi olmadığını, əvvəllər bir neçə dəfə ekstazı həbləri qəbul etdiyini deyib. Onun ifadəsinə görə, Türkiyədə yaşayan Anar adlı şəxslə klubda işlədiyi vaxtlar tanış olub. Elə ekstazı həblərini də Anardan alıb. Belə ki, Anarın bank kartına pul ödəyib, o da öz növbəsində həbləri qoyduğu yerin şəklini çəkərək sosial şəbəkə üzərindən ona göndərib, Sabir də həmin yerə gedərək “əmanət”i oradan götürüb.  

“O vaxtdan Anarın nömrəsi telefonumun yaddaşında qalmışdı. Ölkə ərazisində pandemiya ilə əlaqədar klublar işləmədiyindən maddi vəziyyətim yaxşı deyildi. Müxtəlif yerlərdə fəhləlik edirdim. Lakin yenə də maddi cəhətdən çox çətinlik çəkirdim,  sıxıntı içərisindəydim. Həbs olunmamışdan bir həftə əvvəl WhatsApp – dan Anara mesaj yazdım, mənə köməklik göstərməsini xahiş etdim”- Sabir ifadəsində belə deyib.

Köhnə tanışının mesajını alan Anar Sabirə “əməkdaşlıq” – narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmağı təklif edib: “Pula ehtiyacım olduğundan razılaşmaq məcburiyyətində qaldım. Aramızdakı razılaşmaya əsasən narkotik vasitələri Anarın dediyi yerdən götürərək özümdə saxlamalı, onun dediyi miqdarda paytaxtın müxtəlif küçələrinə yerləşdirməli, həmin yerlərin şəklini çəkib ona göndərməli idim. Bunun müqabilində hər gün 50 manat qazanırdım”.

Anarla telefon əlaqəsi saxlayan, ondan “mal” istəyən Sabirə “Musabəyov park”ına getmək tapşırılıb. İki ədəd qara torbaya qoyulan kokain, metamfetamin, ekstazı və bonzay maddələrini  götürüb özündə saxlaması, kimlərə çatdırılması barədə sonradan məlumat veriləcəyi  bildirilib. Sabir “Musabəyov park”ına yollanıb. Anarın dediyi yerdən torbaları götürüb və sürətlə oradan uzaqlaşıb. “Mal”ı birbaş yaşadığı evə gətirib.

“Ailə üzvlərim görməsinlər deyə torba dediyim kiçik bağlamaları üzərimdə saxladım. Bir neçə dəfə Anarın tapşırığı ilə paytaxtın müxtəlif küçələrinə yerləşdirdim. İyulun 14-də axşamtərəfi yolla piyada gedərkən mülki geyimli şəxslər yaxınlaşdılar, narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyimi dedilər, onlarla birgə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməyi təklif etdilər. Üzərimdə olan qara torbanı çıxarıb polislərə təqdim etdim. Əməlimdən peşmanam. İlk andan etibarən hər şeyi etiraf etdim. Cavanlığımı nəzərə alıb məhkəmədən yüngül cəza verilməsini xahiş edirəm”, – o məhkəmədə bildirib.

Lakin zəhər ticarəti ilə məşğul olub özü kimi neçə-neçə gəncin həyatını məhv edən bu narkotacirə hakimlər onun arzuladığı yüngül cəzanı verməyib. Məhkəmənin hökmü ilə Sabir Rüstəmov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hamısını Göstər

Related Articles

Back to top button