Bakı metrosunda terrordan 28 il keçir
Bu gün “20 Yanvar” metrostansiyasında terror aktının törədilməsindən 28 il keçir.
1994-cü il mart ayının 19-u saat 13:00-da “20 Yanvar” metrostansiyasında partlayış baş verib. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.
Ölənlər arasında terror hücumunun icraçısı Oktay Qurbanov və xalq artisti, bəstəkar Rafiq Babayev də olub. Partlayışdan sonra metrostansiyasının tavanının bəzi hissələrində çöküntülər əmələ gəlib.
Cinayət törətmək şübhəsiylə, terrorçu fəaliyyətlə məşğul olan separatçı “Sadval” təşkilatının üzvləri həbs olunub. İstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirilənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçib.
İstintaq zamanı müəyyənləşdirilmişdir ki, terrorçular təlimata uyğun olaraq, “20 Yanvar” metrostansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Heydər Əliyev Sarayında və Bakı Lampa Zavodunda da partlayışlar törətməyi planlaşdırıb.
Terror aktı faktına görə, 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzasına (güllələnmə), digər doqquz nəfər isə müxtəlif zamana həbs cəzasına məhkum edilib.
19 mart 1994-cü ildə baş vermiş bu terror aktı nəticəsində həlak olan insanların adları “20 Yanvar” metrostansiyanın divarına həkk olunaraq əbədiləşdirilib.