Bakı Şəhər Baş Polis İdarəsində ümumşəhər toplantısı keçirilib, tapşırıqlar verilib
Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) paytaxtın polis sahə rəisləri və inspektorlarının iştirakı ilə ümumşəhər toplantısı keçirilib. Üç gün davam edən toplantıda görülən işlər, qarşıda duran vəzifələr müzakirə edilib.
Bu barədə Polise.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəisi polis polkovniki Elnur Kərimov vurğulayıb ki, vətəndaşlara və onların müraciətlərinə diqqətlə yanaşılması, Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişlərinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin edilməsi əsas vəzifələr sırasındadır.
Hər bir əməkdaşdan cinayətkarlığın profilaktikası və ictimai asayişin təminində yüksək peşəkarlıq göstərməsi tələb olunur. Hazırda da aktual olan qanunsuz silahların aşkarlanması və müsadirə edilməsinin, ov silahlarının saxlanılması vəziyyətinin yoxlanılmasının əhəmiyyəti xüsusilə vurğulanıb.
Sonra qanunsuz küçə ticarəti və antisanitariya hallarının aradan qaldırılması, qeydiyyat qaydalarının yoxlanılması, münaqişəli ailələrlə profilaktiki iş və yerlərdə olan vəziyyət öyrənilib, müvafiq tapşırıqlar verilib.
Polise.az