Bakı şəhər Dövlət Yol Polisi sürücü və sərnişinlərə müraciət edib.
DYP-dən Polise.az -a verilən xəbərə görə, müraciətdə deyilir:
“Paytaxtda yolların, küçələrin nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi təbii ki, təəssüf doğurur.
Son zamanlar nəqliyyat vasitələrindən bayıra hansısa əşyalar atılmasına tez-tez rast gəlinir, elə cari ilin 8 ayı ərzində paytaxt ərazisində belə inzibati xətaya yol verdiklərinə görə 109 şəxs inzibati məsuliyyətə cəlb olunub.
Hər bir vətəndaş ətraf mühitin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır. Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü və ya qutusunu, eləcə də avtomobilin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və s. digər bu növ məişət tullantılarını nəqliyyat vasitəsindən çölə atırlar. Bu hallara yalnız sürücülər deyil, həm də avtomobilin içərisində olan sərnişinlər yol verirlər”.
DYP-nın məlumatda qeyd edilib ki,“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulub:
“Lakin, biz insanları sırf cərimədən qorunmaq üçün deyil, belə əməllərin ətraf-mühitə ziyan vurduğunu nəzərə alaraq, bu kimi hallara yol verməməyə çağırırıq”.
Polise.az