Bakı Şəhər Prokurorluğu 2024-cü il üzrə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirib

Yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2024-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyev bildirib ki, 2024-cü il dövlətimiz, eləcə də xalqımız üçün bir sıra əlamətdar və tarixi hadisələrlə yadda qalıb. İlk dəfə ərazilərimizin suverenliyinin tam təmin olunduğu şəraitdə 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar seçkilərdə Prezident İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini (92,12 faiz) qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Bundan əlavə, yola salınan ildə paytaxtımız bir sıra dünya miqyaslı tədbirlərin keçirilməsinə ev sahibliyi edib. Belə ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), həmçinin sentyabrın 27-dən oktyabrın 2-dək Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası, 29-cu İllik Konfransı və Ümumi Yığıncağının Bakı şəhərində yüksək təşkilatçılıqla keçirilməsi təmin olunub.

Baş prokuror bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində paytaxtımızın inkişafı, abadlaşdırılması, vətəndaşlarımızın rahat həyat şəraitinin və istirahətlərinin təmininə istiqamətlənmiş kompleks tədbirlərin icrası 2024-cü ildə də davam etdirilib. Bakıda “Xaqani” bağının, Mərkəzi Parkın üçüncü hissəsinin və Mərkəzi Nəbatat Bağının və vətəndaşlarımızın istifadəsinə verilmiş bir sıra digər park, müəssisə, tarixi və mədəni abidələrin açılışı bu kimi tədbirlərə misal göstərilib. Çıxışı zamanı Baş prokuror, eyni zamanda, Azərbaycan Respublikası Prokurorluğuna göstərilən dövlət qayğısından bəhs edərək məhz bu sayədə hesabat dövründə əməkdaşların xidməti iş şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra prokurorluqların, o cümlədən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun ən müasir standartlara cavab verən yeni inzibati bina ilə təchiz edildiyini bildirib. Kamran Əliyev qeyd edib ki, əvvəlki ildə olduğu kimi, 2024-cü ildə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Bakı şəhərinin rayon prokurorluqları tərəfindən vətəndaşların qəbulu həyata keçirilməklə qəbulda olmuş ümumilikdə 587 vətəndaşın müraciətləri üzrə müvafiq tədbirlər görülüb.

Hesabat dövründə görülmüş işlərə münasibətdə isə diqqətə çatdırılıb ki, Bakı şəhər prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində zəruri işlər görülüb. Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq-mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, 2024-cü il ərzində Bakı şəhər prokurorluq orqanlarında 649 cinayət işinin ibtidai istintaqı aparılıb və həmin cinayət işlərindən 194-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilmiş 16 milyon 979 min 167 manat maddi ziyandan 12 milyon 425 min 084 manatının (73,2 faiz) ödənilməsi təmin olunub. Bundan əlavə, 2024-cü ildə Bakı şəhər prokurorluq orqanlarına 21 min 411 müraciət daxil olub, həmçinin Bakı Şəhər Prokurorluğunda 2 min 387, tabe rayon (şəhər) prokurorluqlarında isə 6 min 831 olmaqla, ümumilikdə 9 min 218 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib. Həmçinin vurğulanıb ki, 2024-cü il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14 min 925 cinayət hadisəsi qeydiyyata alınıb ki, onların 88,8 faizinin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə qurulmuş peşəkar əməkdaşlıq münasibətləri zəminində həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə qeydə alınmış 50, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilib. Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 1 nəfər intizam məsuliyyətinə cəlb olunaraq tutduğu vəzifədən azad edilib, 15 əməkdaşa xəbərdarlıq edilib.

Baş prokuror Kamran Əliyev şəhər prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti, müraciətlərə baxılması, vətəndaşların qəbulu, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşırıqlar verib.

 

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button