Bakıda anbarda baş verən yanğın tam söndürülüb, yolda məhdudiyyət aradan qaldırılıb – YENİLƏNİB-6

Nizami  və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, Nəsimi rayonunda anbarda baş verən yanğın səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmuşdu.

14:04

Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğın tam söndürülüb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400kv.m olan elektronika və digər malların saxlanıldığı anbar 360kv.m sahədə yanıb.

Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.

12:39

Bakıda anbarda baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir.

11.59

Bakıda anbarda baş verən yanğınla bağlı qərargah yaradılıb.

Bu barədə “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir.

Yanğın baş verən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin 14 yanğınsöndürən texnikası və 61 şəxsi heyət cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

11.43

Bakıda anbarda baş verən yanğın şiddətlənib.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə 6-a yaxın yanğınsöndürən texnikası cəlb olunub.

İlkin məlumata görə, anbarda müxtəlif təyinatlı mallar saxlanılır. Yanğının şiddətlənməsinə səbəb alova həssas kompüter avadanlıqlarının yanmasıdır.

Ehtimala görə, yanğının baş verməsinə səbəb kimi qısaqapanma göstərilir.

11.28

Bakının Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

 

11:05

Bakının Nizami küçəsində, anbarda yanğın başlayıb.

“Report”un hadisə yerində olan müxbirinin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Foto: Vüqar Xanlarov

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button