Bakıda “Avtomobilsiz Gün” keçiriləcək – Küçə 10 saat nəqliyyata bağlanacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərinin “Avropa Mobillik Həftəsi”ndə iştirakı üçün müraciət edib və namizədlik uğurla təsdiqlənib.
AYNA-dan verilən məlumata görə, bununla əlaqədar 16–22 sentyabr tarixlərində paytaxtda davamlı və təhlükəsiz hərəkətliliyin təşviqinə yönəlmiş silsilə tədbirlər keçiriləcək.
Bildirilib ki, tədbirlər çərçivəsində orta və ali təhsil müəssisələrində şagird və tələbələr üçün interaktiv maarifləndirmə sessiyaları, təhlükəsiz velosiped və skuter sürmə qaydaları üzrə praktiki təlimlər təşkil ediləcək.
Eyni zamanda, əhali üçün velosiped sürmə bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş praktiki dərslər keçiriləcək. Peşəkar təlimçilər iştirakçılara qaydalara uyğun hərəkət, piyadalara və yol hərəkətinin digər iştirakçılarına hörmət, eləcə də təhlükəsiz davranış prinsiplərini izah edəcəklər.
“Avropa Mobillik Həftəsi” çərçivəsində müxtəlif yaş qruplarından həvəskar və peşəkarların iştirakı ilə genişmiqyaslı veloyürüşün keçirilməsi də planlaşdırılır.
Həftənin əsas tədbirlərindən biri sentyabrın 20-də keçiriləcək “Avtomobilsiz Gün” olacaq. Həmin gün saat 10:00-dan 20:00-dək Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.
Küçədə yaradılacaq mikromobillik zonasında müxtəlif növ velosiped və skuterlər nümayiş etdiriləcək, test sürüşləri və təhlükəsiz idarəetmə üzrə təlimlər təşkil olunacaq. Uşaqlar üçün ustad dərsləri, böyüklər üçün isə interaktiv və əyləncəli proqramlar keçiriləcək.
Bundan başqa, “Mobillik Dialoqu” panel müzakirəsində dövlət qurumlarının, özəl sektorun nümayəndələri və mütəxəssislər Bakıda mikromobillik infrastrukturunun inkişaf perspektivlərini və şəhər mobilliyinin gələcəyini müzakirə edəcəklər.
AYNA qeyd edib ki, tədbirlərin əsas məqsədi şəhərdə alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi, yol hərəkəti iştirakçılarının təhlükəsizliklə bağlı məlumatlılığının artırılması, daha rahat və dayanıqlı hərəkətlilik imkanlarının genişləndirilməsidir.
Polise.az



