Bakıda din xadiminə sui-qəsd hazırlayan şəxslərə hökm oxundu

Din xadiminin həyatına sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilən Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə başa çatıb.

Polise.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Nərminə Şabanovanın və Naib İsmiyevin hər biri 10 il, Elvin Əhmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bundan əvvəlki iclasda prokuror Nərminə Şabanova və Naib İsmiyevin hər birinin 10 il, Elvin Əhmədovun isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

İttihama görə, Nərminə Şabanova xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək, xarici dini icmanın sədrinin şəkil və videolarını həmin şəxslərə göndərmək qarşılığında 50 min manat pul almağa razılaşıb.

Daha sonra onlar sədrin həyatına son qoymaq məqsədilə N.Şabanova vasitəsilə Naib İsmiyevi işə daxil edərək sui-qəsd təşkil etməyi planlaşdırıblar. Təqsirləndirilən şəxslər sui-qəsdin təşkil olunacağı və daha sonra qaçacaqları yeri aydınlaşdıraraq video-görüntüyə alıblar.

Elvin Əhmədov da partlayıcı qurğunu təşkilatçıların qabaqcadan müəyyən etdiyi yerdən götürərək, Masazır qəsəbəsində yaşadığı ünvana aparıb. Bunun qarşılığında 500 manat pul alıb. Bundan sonra həmin qurğunu yaşayış olmayan yerdə gizlədib.

Planlaşdırılan əməllərin törədilməsinin qarşısı DTX tərəfindən alınıb.

Xatırladaq ki, təqsirləndirilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Nərminə Şabanova və Naib İsmiyev AR Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə, Elvin Əhmədov isə 228.2.1-ci (qanunsuz olaraq silah gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunublar.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button