Bakıda film kimi cinayət: Sabiq polis zabitinə bıçaq çəkdilər
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan 33 yaşlı Yevlax rayon sakini Rəhman Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Əvvəllər məhkumluq həyatı yaşamış R.Məmmədov sonuncu dəfə ötən il oktyabrın axırlarında həbsdən buraxılıb. Amma cəmisi iki ay azadlıqda qala bilib. Bu il yanvarın 8-də gecə saatlarında müştəri qismində əyləşdiyi avtomobilin sürücüsünü bıçaqla hədələyərək ondan pullarını tələb edib. Sürücünün üstündə olan cəmisi 4 manat pulu onun əlindən alaraq hadisə yerindən qaçıb.
Törətdiyi cinayət əməlinə görə R.Məmmədova qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən R.Məmmədov elan olunmuş ittihamla özünü təqsirli bilib, oğurluğa görə dəfələrlə məhkum edildiyini deyib. Cinayətə meyilli olduğundan və digər səbəblərdən ailə üzvləri onu danışdırmayıblar, küsülü olublar. Həbsdən çıxdıqdan sonra paytaxtdakı günlük kirayə evlərdə qalıb: “Pulum qurtarmışdı. Qərara gəldim ki, kimdənsə zorla pul alım. Gecə saatlarında evdən çıxıb “28 May” metrostansiyası tərəfə getdim, dayanacaqda durdum”.
Dayanacaqdan bir qədər aralıda qara rəngli “Hyundai Sonata” markalı avtomobil R.Məmmədovun diqqətini cəlb edib. Maşın sahibinin pulu çox olduğunu zənn edərək ona yaxınlaşıb. Sürücüyə yalandan “Çermet körpüsü”nə getmək istədiyini deyib: “Beş manata razılaşdı, qabaq oturacaqda əyləşdim. Körpüyə çatanda sol əlimlə arxadan sürücünün boynundan tutdum, sağ əlimlə isə bıçağı qarnına dirəyib bütün pullarını verməsini tələb etdim. Əvvəl pulları vermək istəmədi. Dedim, əgər pulları verməsən vuracağam”.
Sərnişinin hədə-qorxularından ehtiyatlanan sürücü üstündəki 4 manat pulu ona verib. R.Məmmədov bununla kifayətlənməyib. Sürücü isə başqa pulu olmadığını deyib: “Danışığından inandım ki, pulu yoxdur. Dedim ki, maşını düz sür, heç yerə döndərmə. Yolun kənarında adamların çox olduğu yerdə qəflətən maşını saxladı, adamları köməyə çağıracağından ehtiyat etdim deyə tez maşından düşüb oradan uzaqlaşdım”.
R.Məmmədov ifadəsində azadlığa çıxandan sonra başqa şəxslərə qarşı quldurluq etmədiyini, törətdiyi əməldən peşman olduğunu deyib. Ertəsi gün polis əməkdaşları tərəfindən saxlanılan R.Məmmədov taksi sürücüsünün keçmiş polis əməkdaşı olduğunu öyrənib.
Zərərçəkmiş Arif Mustafayev ifadəsində 20 ildən çox polis orqanlarında çalışdığını, polis baş leytenantı rütbəsi ilə təqaüdə çıxdığını, özünə məxsus avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərdiyini deyib. 67 yaşlı sürücü hadisə baş verən gün avtomobildə əyləşib sərnişin gözləyən vaxt bir nəfər ona yaxınlaşaraq “Çermet körpüsü”nə aparmağı xahiş etdiyini deyib. Yolboyu sürücü ilə sərnişin arasında əvvəlcə qısa söhbət olub: “Bir qədər getdikdən sonra məndən haralı olduğumu soruşdu. Dedim, azərbaycanlıyam, bu sualdan xoşum gəlmir. Bundan sonra heç nə soruşmadı. Körpünün üstündə qəflətən bıçaq dirəyib pulları verməyimi tələb etdi. Pul verməyəcəyim təqdirdə bıçaqla vuracağını dedi. Üstümdə olan dörd manat pulu versəm də, bıçağı kənara çəkmədi. Düz sürməyi, heç yerə dönməməyi tələb etdi. Bir qədər qarşıda avtomobil dayanmışdı, yanında bir neçə nəfər vardı. Onların yanına çatanda qəflətən əyləci basdım. Dərhal maşından düşüb qaçdı. Maşının ayaqaltısından qara rəngli pulqabı tapdım. İçərisində şəxsiyyət vəsiqəsi və bir ədəd metro kartı vardı. Vəsiqəyə baxanda bayaq məni hədələyən adama məxsus olduğunu gördüm. Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat verdim”.
Məhkəmə prosesi davam edir