Bakıda genişmiqyaslı əməliyyat: 75 nəfər saxlanıldı
Suraxanıda son bir ayda keçirilən əməliyyatlarda üzərində qanunsuz olaraq odlu silah gəzdirən, narkotiklərin satışı ilə məşğul olan, oğurluq, quldurluq və soyğunçuluq cinayətləri edən 75 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər saxlanılıb.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən 36-sı barəsində məhkəmə tərəfindən həbs, 25-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslərdən ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Qeyd edilən dövr ərzində idarə əməkdaşları tərəfindən Hövsan, Binə, Qaraçuxur Əmircan qəsəbələrində yerləşən evlərdən, mağazalardan silsilə oğurluqlar edən 6 nəfər saxlanılıb.
Bu şəxslərin qeyd edilən ərazilərdə yerləşən 40-a yaxın ev və obyektdən pul, qızıl-zinət, məişət əşyaları, həmçinin mobil telefonlar oğurladıqları müəyyən edilib.
İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı rayon ərazisində soyğunçuluq və quldurluq edən 8 nəfərdən ibarət 3 cinayətkar dəstə saxlanılaraq istintaqa təqdim ediliblər. Tutulan zaman onlardan birindən atəşə yararlı “Walter” markalı tapança və 4 ədəd parton da aşkar edilib.
Qeyd edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.