Bakıda pul müqabilində narkokuryerlik edən daha bir nəfər saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı polis şöbəsinin (PŞ) əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin daşınması və satışını həyata keçirən, əvvəllər müxtəlif cinayətlər etdiyi üçün məhkum olunmuş Hüseyn Soltanov saxlanılıb. Ondan 1 kiloqram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polise.az -a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, H.Soltanov İran vətəndaşları ilə sosial şəbəkə vasitəsilə əlaqə yaradaraq öz istifadəsi, eləcə də satış üçün narkotik vasitələr əldə edib.
Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən son əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər tutularaq barələrində cinayət işi başlanılıb. Ümumilikdə qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə çıxarılıb.
Polie.az