Bakını vuran “silah” itirildi, gözlər ermənilərə çevrildi – “Əliyev Moskva ilə bu dildə danışır”

ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə planlaşdırılan görüşü və sülh gündəliyi ətrafında davam edən müzakirələr fonunda Rusiyanın səssizliyi diqqət çəkir. Moskvanın Cənubi Qafqazda gözlənilməz vəziyyətlə üzləşdiyi bildirilir və son hadisələrə necə reaksiya verəcəyi maraq doğurur.
Analitiklərin fikrincə, Rusiya regiondan sıxışdırılarsa, mövcud vəziyyəti dəyişdirmək və təsir imkanlarını qorumaq üçün müxtəlif vasitələrə əl ata bilər. Xüsusilə də Azərbaycan və Ermənistanda daxili sabitliyi pozmaq, ictimai rəyə təsir göstərmək və siyasi proseslərə müdaxilə etmək məqsədilə müəyyən resurslardan istifadə olunması ehtimalı istisna edilmir.
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Vaşinqtonda yekun sülh müqaviləsi imzalanmasa da, müəyyən razılaşmaların və sənədlərin hazır olduğu görünür:
“ABŞ-da baş verənlər Cənubi Qafqazda güc balansını dəyişə bilər. Qarabağ işğal altında olduğu dövrdə Rusiyanın bölgədə hakim rolu var idi. Lakin 44 günlük müharibədən sonra bu proses dəyişdi. Rusiyanın mövqeləri tamamilə sıradan çıxmasa da, Kreml Azərbaycan-Ermənistan münasibətlərinə müdaxilə imkanlarını qorumağa çalışırdı. Həmişə bu istiqamətdə fəaliyyət göstəriblər.
Donald Trampın ABŞ-da hakimiyyətə qayıdışından sonra rəsmi Moskva Cənubi Qafqaza yenidən təsir göstərməyə çalışır. Əgər Bakı və İrəvan arasında mühüm razılaşmalar, xüsusilə Zəngəzur dəhlizinin açılması Trampın planına uyğun şəkildə həyata keçirilərsə, bu, Rusiyanı regiondan böyük ölçüdə uzaqlaşdıracaq. Lakin tamamilə kənarlaşdırmaq mümkün olmayacaq, söhbət kommunikasiyaların açılmasından gedirsə, Rusiya da bu prosesin bir hissəsi olacaq.
Zəngəzur dəhlizinin açılmasından sonra Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin birləşdirilməsindən danışılır. Kreml iqtisadi dividentlər əldə etsə də, artıq bu prosesdə əsas hakim qüvvə olmayacaq. ABŞ-ın bölgəyə gəlişi güc balansını ciddi şəkildə dəyişə bilər. Burada əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır”.

Asif Nərimanlı
Siyasi şərhçinin fikrincə, Moskva hazırkı mənzərəni qəbul etmək istəmir:
“Azərbaycan-Ermənistan münasibətləri üzərindən edilən təzyiqlər və baş verən son hadisələr göstərir ki, Rusiya hələ də təslim olmaq niyyətində deyil. Prosesə müdaxilə edərək dəyişikliyə nail olmaq cəhdləri var və bunu növbəti mərhələlərdə də müşahidə edəcəyik.
Lakin hazırda Rusiyanın əlindəki təsir imkanlarının hansı səviyyədə olduğu artıq sual altındadır. İndiyə qədər Qarabağ kartından istifadə edirdi, amma bu da tamamilə sıradan çıxıb.
Polise.az



