Balakəndə karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilib
Balakəndə Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə rayon ərazisində nəzarət-profilaktik və maarifləndirmə tədbirlərini davam etdirirlər.
DIN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən böyük mağazalarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində, həmçinin hərəkətin intensiv olduğu açıq ictimai məkanlarda keçirilən reydlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, sosial məsafə gözləməyən şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Sahibkarlara sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.
Həmçinin, tədbir zamanı şəffaf arakəsmələr quraşdırılmayan ictimai nəqliyyat vasitələri, eləcə də maskadan istifadə etməyən sənişin və sürücülər aşkar olunub. Edilən xəbərdarlıqlara məhəl qoymayan və qaydaları pozmaqda davam edən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.