“Bandotel” Bakıda əməliyyat keçirdi, saxlanılanlar var

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib. 

DİN-dən verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səbail rayon sakini Ruslan Axundov saxlanılıb. Şəxsi axtarış aparılan zamanı onun üzərindən 4 qram, yaşadığı evdən isə 7 kiloqram 60 qram heroin və 3 kiloqram 260 qram metamfetamin aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində keçirilən növbəti tədbir zamanı isə paytaxt sakini Emil Cəlilov saxlanılıb. Onun üzərindən 5 qramdan artıq psixotrop maddə metamfetamin, idarə etdiyi avtomobildən isə 584 qram heroin, 23 qram tiryək, 147 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Emil Cəlilovun yaşadığı evdən əlavə 665 qram heroin və 288 qram metamfetamin aşkarlanıb. O, ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə tanışı Toğrul Talışlıdan aldığını bildirib. Baş İdarə əməkdaşları tərəfindən həmin şəxs də tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanıisə  3 qram metamfetamin və 7 qram marixuana aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən Nəsimi rayonunda keçirilən daha bir əməliyyat zamanı Cəbrayıl rayon sakini Atakişi Məmmədov saxlanılıb. Onun üzərindən 5 qrama yaxın heroin, yaşadığı evdən isə əlavə 1 kiloqram 88 qram heroin, 395 qram qurudulmuş marixuana, 269 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. 

Baş İdarə əməkdaşları tərəfində Nəsimi rayonunda keçirilən sonuncu tədbir zamanı isə paytaxt sakini Murad Axundov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman  4 qram heroin, idarə etdiyi avtomobildən isə 1 kiloqram 20 qram heroin və 140 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.

Sonuncu məliyyatlar nəticəsində 15 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslərin hər biri hələlik adı istintaqa məlum olmayan müxtəlif İran vətəndaşlarının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərində qəbul ediblər və gizlədiblər. Onlar  narkotik vasitələri İran vətəndaşlarının deyəcəkləri adamlara satmalı və ra pulun bir hissəsini geri göndərməli imişlər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri  tutularaq istintaqa təqdim olunublar.  Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mənbə
7news.az
Hamısını Göstər

Related Articles

Back to top button