Baş infeksionist vaksinin yan təsirlərindən danışdı
Hər bir vaksinin yan təsirləri mövcuddur.
Bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov məlumat verib.
Onun sözlərinə görə, indiyədək yeni koronavirus infeksiyasına qarşı müxtəlif vaksinlər hazırlanıb:
“Bu, əsasən az hallarda rast gələn, zəif ifadə olunmuş və qısa müddətli, inyeksiya yerində mülayim ağrı hissi, qızartı, yüngül ümumi zəiflik, baş ağrıları, subfebril hərarət və sairədir. Bu əlamətlər orqanizmin yeridilən yad maddələrə qarşı verdiyi təbii reaksiyasıdır və immun sistemin yetərli fəaliyyətini əks etdirir. Bəzilərinin hazırlanma metodları elmi tərəqqinin ən son nailiyyətlərinə əsaslanır. Artıq əminliklə deyə bilərik ki, hazırlanmış və tətbiqinə icazə verilmiş bütün vaksinlərin yetərli effektivliyi və təhlükəsizliyi aparılmış çoxsaylı elmi araşdırmalarla sübut olunub.
Ölkəmizdə istifadə olunan peyvənd, təhlükəsizliyi və effektivlik dərəcəsi illərlə sınanmış ənənəvi üsulla, inaktivləşdirilmiş, yəni ölü virusdan hazırlanıb. Tətbiq olunan vaksinin qeyd olunan xüsusiyyətləri ölkə üçün vaksin seçimi zamanı bu sahənin əksər aparıcı alim və mütəxəssisləri tərəfindən nəzərə alınaraq dəstəklənib və müvafiq dövlət qurumlarına tövsiyə edilib. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Vaksinasiya Strategiyasına” əsasən artıq xeyli vətəndaşımız peyvənd olunub və vaksinasiya prosesi bu gün də davam edir”.