Baş Prokurorluğun nümayəndələri Ankarada keçirilən konfransda iştirak ediblər
Ankara şəhərində Türkiyə Ədliyyə Akademiyası, Atatürk Mədəniyyət Mərkəzi, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Türk hüquq tarixi” mövzusunda konfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Polise.az -a bildirilib ki, qurumun Elm-Tədris Mərkəzinin də təmsil olunduğu tədbirdə Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan 6 ölkənin 12 prokurorluq və məhkəmə qurumlarının tədris akademiyaları (mərkəzləri) ilə yanaşı hüquqşünas alimlər, tarixçilər, ədəbiyyatşünaslar, siyasətçilər və dövlət xadimləri iştirak ediblər.
Qurultayın məqsədi kimi müasir hüquq nəzəriyyəsi və təcrübəsinin əhəmiyyətli mənbələrlə təmin edilməsi və bu çərçivədə məlumatlılığın artırılması müəyyən olunub.
Tədbirdə Baş Prokurorluğun nümayəndə heyətini Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov, şöbə rəisi Əmir Ocaqverdiyev, hüquq ictimaiyyəti adından isə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvü, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə təmsil edib.
Tədbirin müxtəlif sessiyalarında Əmir Ocaqverdiyev “Türk hüquq tarixinə töhfə verən təsisatlar”, professor Ayxan Rüstəmzadə “Türk hüquq tarixinə töhfə verən hüquqşünas alimlər” mövzularında təqdimatlarla məruzələr edib, Mübariz Əhmədov isə tədbirin prokurorluqda peşə hazırlığının təşkili sahəsində həyata keçirilən tədbirlər barədə çıxış edib.
Polise.az