Baş Prokurorluq Əfqan Sadıqovun həyat yoldaşının səsləndirdiyi ittihamlara münasibət bildirdi

Baş Prokurorluq jurnalist Əfqan Sadıqovun həyat yoldaşının səsləndirdiyi fikirlərə cavab verib. 

Baş Prokurorluqdan verilən məlumata görə, görülən kompleks tədbirlər çərçivəsində “xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradov və “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov qabaqcadan əlbir olaraq barələrində rüsvayedici məlumatları silsilə məqalələrlə kütləvi informasiya vasitələrində yayacaqları hədəsi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslər ilə görüşərək həmin məlumatların yayımlanmaması müqabilində tələb etdikləri pulun 10 min manatını paytaxtın Xətai rayonu ərazisində alarkən cinayət başında yaxalanmış və cinayətin predmeti olan 10 min manat pul vəsaiti aşkar olunaraq götürülüb.

Əfqan Sadıqov və Sakit Muradovun Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və həmin məhkəmənin 3 noyabr 2020-ci il tarixli hökmü ilə Əfqan Sadıqov yeddi il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 

Sumqayıt Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə hökm Əfqan Sadıqova münasibətdə dəyişdirilməklə, təyin edilmiş yeddi il müddətinə azadlıqdan məhrum etmə cəzası altı ilə endirilib.

Habelə həmin hökmlə Sakit Muradov qeyd edilən maddələrlə təqsirli bilinib beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, ibtidai istintaq və məhkəmə baxışı zamanı nümayiş etdirdiyi səmimi etiraf, peşmançılıq və digər bu kimi yüngülləşdirici hallar nəzərə alınaraq ona təyin edilmiş cəza cinayət qanunvericiliyinə müvafiq olaraq üç il sınaq müddəti ilə şərti hesab edilib.

Bununla belə, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Əfqan Sadıqovun təqsirləndirildiyi cinayət işi üzrə sonuncunun həyat yoldaşı Sevinc Sadıqova və özünü müxalifət adlandıran bəzi məsuliyyətsiz qruplaşmalar tərəfindən ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etmək məqsədi güdən bu növ bəyanatların yayılması ilə Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət orqanlarına qarşı böhtan və qarayaxma kampaniyası aparılaraq həyata keçirilən hüquqi tədbirlərin üzərinə kölgə salmağa yönələn məlumatlar yayılır.

Eyni zamanda, Baş Prokurorluq bu tip yalan və qərəzli məlumatları yayan, habelə sosial şəbəkə və kütləvi informasiya vasitələrinə ötürən şəxslərə, o cümlədən vətəndaş Sevinc Sadıqovaya həmin qanunsuz əməllərin davam etdiriləcəyi təqdirdə barələrində hüquqi təsir tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edərək onları bu növ hüquqazidd hərəkətlərdən çəkinməyə çağırır.

Hamısını Göstər

Related Articles

Back to top button