Baş Prokurorluq: Prokurorluq əməkdaşdaşının koronavirusdan ölməsi barədə məlumat yalandır

Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhər prokurorluğunun əməkdaşı Yusif Səməndərovun guya yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxması səbəbindən vəfat etməsi, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Bakı şəhər prokurorluğunda onunla ünsiyyətdə olan şəxslərdə koronavirusla bağlı edilmiş test nəticələrinin bir neçə əməkdaşda pozitiv çıxması barədə yalan məlumatlar yayılıb. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur: 

“Bildiririk ki, koronavirusla mübarizə ilə bağlı həyata keçirilən profilaktiki tədbirlər çərçivəsində prokurorluq əməkdaşları testlərə cəlb edilib, onlardan yalnız birində koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. Həmin əməkdaşın hazırda sosial izolyasiya rejimində müalicəsi həyata keçirilir. 

Aparılmış araşdırmalarla Yusif Səməndərovun “kəskin ürək və tənəffüs çatışmazlığı” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə daxil olması və həmin xəstəlikdən mayın 31-də vəfat etməsi, eyni zamanda onun koronavirus test nəticəsinin neqativ çıxması müəyyənləşdirilib. 

Azərbaycan Respublikasının Baş Prokurorluğu kütləvi informasiya vasitələrinə bir daha xəbərdarlıq edir ki, bu qəbildən olan yalan informasiyaların yayılmasını həyata keçirən KİV-lər barəsində ən ciddi tədbirlər görüləcək”.

Mənbə
avropa.info
Hamısını Göstər

Related Articles

Back to top button