Baş Prokurorluq və DİN-dən iki mülki şəxsin minaya düşməsi ilə bağlı birgə məlumat
İyulun 30-u Daşkəsən rayon sakinləri – 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun kənd təsərrüfatı işləri ilə məşğul olmaq məqsədi ilə evdən çıxaraq itkin düşmələri barədə rayon polis şöbəsinə məlumat daxil olub və hər iki şəxsin axtarılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri aparılıb.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
24 sentyabr 2021-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş məlumata əsasən, Göygöl-Kəlbəcər rayonu Murovdağ silsiləsindəki düşmən tərəfindən minalanmış ərazidə ilkin ehtimala görə minaya düşmələri nəticəsində Qismət Bayramov və Ülfət Rüstəmova aid meyit fraqmentləri aşkar edilib.
Prokurorluq və polis əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı meyit qalıqları və müxtəlif geyim əşyaları aşkar edilib, həmin fraqmentlərin Qismət Bayramova və Ülfət Rüstəmova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq davam etdirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.