“Batka”nın “qələmini qırmaq” istəyirlər: Belarusla bağlı qorxunc ssenari işə salınıb

Belarusdakı etiraz dalğası “səhnəarxası mexanizmlər” vasitəsilə böhranlı həddə çatdırıldıqdan sonra Rusiyanın maraqlarını təmin edə biləcək yeni siyasi lider ən taleyüklü mərhələdə cəmiyyətə təqdim edilə bilər… Daha irəli gələcəkdəsə, Belarusun Rusiya ilə vahid dövlətdə birləşməsi vacibliyinin gündəmə gətirilə biləcəyi də istisna deyil…

Belarusda ölkədaxili vəziyyət gərgin olaraq, qalmaqdadır. Belə ki, prezident seçkiləri tarixə çevrilsə də, onun nəticələri Belarusun bu günü üçün əsas gərginlik faktoru kimi hələ də aktualdır. Və yəqin ki, gələcək taleyinə də ciddi şəkildə təsir göstərəcək.

Onu da qeyd edək ki, hazırda Belarus ətrafında da gərgin situasiya mövcuddur. Bu MDB dövləti üzərində bir çox ölkənin maraqlarının kəskin şəkildə toqquşduğu artıq qətiyyən şübhə doğurmur. Ona görə də hazırda Belarus MDB uğrunda mübarizə aparan supergüclərin qarşıdurma poliqonuna çevrilib.

Maraqlıdır ki, bu reallığı Rusiyanın xarici işlər naziri Sergey Lavrov da etiraf edib. O, vurğulayıb ki, MDB məkanına aid olan dövlətlərə nəzarət uğrunda mübariz başlayıb. Əksər xarici güclər bu məkanda xaos yaratmağa cəhd göstərirlər.

unnamed.jpg (24 KB)

S.Lavrov onu da qeyd edib ki, Belarusdakı seçkilər ideal keçməyib. Və buna sübut da az deyil: “Bunu öz haqlarının tapdalandığını düşünərək, etiraz edən vətəndaşlarla dialoqa girmək istəyən Belarus rəhbərliyi də boynuna alır”.

Rusiyanın baş diplomatının açıqlamasındakı ən maraqlı məqam isə “Belarusdakı çətinliklərdən yararlanmaq istəyən xarici oyunçuların cəhdləri bizi narahat edir” deməsidir. Çünki S.Lavrov həmin xarici güclərin ünvanını konkretləşdirməyə həvəs göstərmir.

Təbii ki, bütün bunlardan müəyyən nəticələr çıxartmaq da mümkündür. Belə ki, adətən, Kreml təmsilçiləri Belarusda keçirilmiş hər hansı seçki ilə bağlı onun nəticələrini şübhə altına sala biləcək açıqlamalar vermək ənənəsinə malik deyillər. Hər halda, indiyə qədər Rusiyadan Belarusda seçkilərin saxtalaşdırıldığına dair hər hansı siyasi eyham səsləndirilməyib.

Bu dəfə isə S.Lavrov seçkilərin ideal keçirilmədiyini, seçicilərin hüquqlarının tapdalandığını və bunu sübut edən faktların olduğunu xüsusi olaraq, qabartmağa üstünlük verir. Ardıncasa, Rusiyanın Belarusdakı vəziyyətdən yararlanmaq istəyən xarici oyunçuların davranışlarından narahatlığını ifadə edir.

564f2000-50d8-31c5-95f1-12e0bcbac3fa_850.jpg (94 KB)

Ən önəmli məqam da məhz budur. Çünki əslində, Kremlin xarici oyunçuların Belarusdakı davranışlarından narahatlığı seçkidən sonrakı mərhələyə aid deyil. Bu narahatlıq Belarus prezidenti Aleksandr Lukaşenkonun 2018-ci ildən başlayaraq, Ukrayna üzərindən ABŞ və Qərblə münasibətləri bərpa etməyə çalışdığı dövrə qədər uzanır.

Prezident seçkiləri ərəfəsindəsə, “Batka” açıq-aşkar şəkildə Rusiya əleyhinə mövqe tutmaqla, özünü Kremlin qəzəbinə hədəf etmişdi. Bu barədə yazıdığımız yazıda vurğulamışdıq ki, bu seçkilərdə “Batka” müəyyən avantürist manevrlərlə Rusiyanın müqavimətinə rəğmən hakimiyyəti əlində saxlamağa nail oldu. Ancaq böyük ehtimalla Kreml bunu ona bağışlamayacaq və sarsılan nüfuzunu Belarusda “böhran ssenariləri”ni işə salmaqla, bərpa etməyə çalışacaq.

Son hadisələr də onu göstərir ki, bu proqnozumuz özünü doğrultmağa başlayıb. Belə ki, artıq Belarus ölkədaxili siyasi böhrana doğru sürüklənməkdədir. Və hazırda artan xətlə inkişaf edən etiraz dalğasının yaxın günlərdə açıq qarşıdurma, kütləvi iğtişaş mərhələsinə keçə biləcəyi qətiyyən istisna deyil.

Deyəsən, “Batka” da bu təhlükəni artıq ciddi qarşılamağa başlayıb. Onun hərbi libas geyinməsi və “Kalaşkinov” avtomatı ilə görüntülənməsi hakimiyyəti bütün mümkün vasitələrlə sona qədər qorumağa çalışacağının açıq mesajıdır. “Batka” bununla demək istəyir ki, təhlükənin haradan gəldiyini bilir və müqavimət göstərəcək, vuruşacaq.

1597334087_b11992ac551d922a5487aed85f1fd0ae.jpg (160 KB)

Təbii ki, “Batka” əsas təhlükənin Rusiyadan olduğunu anlayır. Onun artıq Kremlin etimadını tamamilə itirdiyi qətiyyən şübhə doğurmur. Üstəlik, Kreml üçün Belarusda “Batka”nın hakimiyyətini əvəzləyəcək yeni siyasi qüvvəyə ehtiyacın yarandığı da açıq-aşkar nəzərə çarpır.

Düzdür, “Batka” Belarusda baş verənlərə görə son vaxtlar ABŞ və Qərbi də günahlandırmağa başlayıb. Ancaq onun bu ittihamlarının məcburiyyətdən qaynaqlandığı da qətiyyən istisna deyil. Böyük ehtimalla prezident Aleksandr Lukaşenko Kremlə hələ də anlaşmaq üçün imkanların qaldığına eyham vurmağa çalışır.

Şübhəsiz ki, Belarusda ABŞ və Qərbin də maraqları olmamış deyil. Və bu maraqlar vaxtilə Ukraynanın timsalında olduğu kimi, Belarusun Rusiyadan tamamilə qoparılmasına yönəlik ssenarilərin reallaşması üzərində indeksləşib.

Ukrayna prezidenti Vladimir Zelenskinin “Biz maraqlıyıq ki, Belarus həqiqətən də tam müstəqil və demokratik dövlət olsun” deməsi isə, ABŞ və Qərbin onun dili ilə “Batka”ya mesajı kimi də dəyərləndirilə bilər. Çünki ABŞ və Qərbin Belarusda elə bir ciddi dayaqları mövcud deyil. Bu dayaqlar son iki ildə ABŞ və Qərblə qarşılıqlı münasibətlərin bərpa olunmasına meyl göstərən prezident A.Lukaşenkonun Kremllə ziddiyyət yaradan mövqeyi ilə məhdudlaşmış durumdadır.

unnamed (1).jpg (40 KB)

Hətta azad seçki və demokratiya şüarları səsləndirən müxalif siyasi qüvvələr də qətiyyən ABŞ və Qərblə ünsiyyətdə deyillər. Əksinə, bir çox mənbələr müxalif siyasi qüvvələrə direktivlərin məhz Kremldən ötürüldüyünü iddia edirlər.

Üstəlik, Belarus müxalifətinin əsas lideri hesab olunan Svetlana Tixanovskayanın təkrar seçkilərin keçiriləcəyi təqdirdə, öz namizədliyni irəli sürməyəcəyini bəyanlaması da Belarus uğrunda mübarizənin artıq növbəti mərhələyə keçdiyini göstərir. Hər halda, son olaylar göstərdi ki, Svetlana Tixanovskaya Rusiyanın Belarusla bağlı ssenarilərinin reallaşdırılmasında baş rol almağa qətiyyən hazır siyasi fiqur deyil. O, seçkidən sonra cəsarətsiz və qətiyyətsiz davranışları ilə bu prosesin aparıcı lideri olmaq qabiliyyətindən məhrum zəif bir siyasi fiqur olduğunu göstərdi.

Ona görə də Rusiyanın Belarusda Svetlana Tixanovskayaya “stavka” edəcəyi qətiyyən inandırıcı deyil. Böyük ehtimalla Belarusdakı etiraz dalğası “səhnəarxası mexanizmlər” vasitəsilə ən yüksək həddə çatdırılacaq. Və məhz bundan sonra Rusiyanın maraqlarını təmin edə biləcək yeni siyasi lider güclü etiraz dalğasının taleyüklü mərhələsində Belarus cəmiyyətinə təqdim ediləcək.

Böyük ehtimalla yeni siyasi lider “Batka”nın prezident kreslosuna otura biləcəyi təqdirdə, Belarusun taleyinin məhz Rusiya ilə qardaşlığa bağlı olduğuna öz xalqını inandırmağa çalışacaq. Daha irəli gələcəkdəsə, Belarusun Rusiya ilə vahid dövlətdə birləşməsinin vacibliyi də gündəmə gətirilə bilər.

_114078677_screenshot2020-08-23at22.24.18.png (43 KB)

Məsələ ondadır ki, Kremldə hesab edirlər ki, Belarus Rusiyanın tarixi əraziləridir. Və bu ölkə mütləq Rusiyanın tərkibinə qatılmalıdır.

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovskinin son açıqlaması da bu baxımdan maraq doğurmaqdadır. Onun fikrincə, Belarus 6 bölgə olaraq, Rusiyanın tərkibinə daxil olmalıdır. Bunun qarşılığında A.Lukaşenko da Rusiyanın kənd təsərrüfatı naziri təyin edilə bilər. Əks halda, A.Lukaşenkonu Pinoçetin taleyi gözləyir. Çünki belaruslar A.Lukaşenkodan bezib.

Bir çoxları V.Jirinovskini qeyri-ciddi adam hesab edirlər. Ancaq unudurlar ki, Kreml bəzən özünün deyə bilmədiyi hədəflərini bu adamın dili ilə gündəmə gətirir. V.Jirinovskinin dedikləri də “Batka”ya açıq mesajdır. Bu mesajla “Batka”dan iki mümkün variantdan birinin seçilməsi tələb olunur.

Bütün bunlar onu göstərir ki, Belarus uğrunda mübarizə amansız xarakter daşıyır. Və həm Belarusun, həm də “Batka”nın gələcək taleyi ilə bağlı konkret ssenarilər artıq işə salınıb. Ancaq həmin ssenarilərin reallaşıb-reallaşmayacağı əyninə hərbi libas geyib, müqavimət göstərəcəyinin mesajını verən “Batka”nın qətiyyətindən və atacağı addımların mahiyyətindən asılı ola bilər.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button