Baydenin G7 liderləri ilə virtual görüşü mətbuata qapalı keçiriləcək
ABŞ Prezidenti Cozef Baydenin dekabrın 6-da G7 liderləri ilə virtual görüşü bağlı qapılar arxasında – mətbuata qapalı keçiriləcək.
Polise.az xəbər verir ki, Ağ evin məlumatına görə, görüş yerli vaxtla saat 9:30-a (Bakı vaxtı ilə 18:30) planlaşdırılıb. Görüşün təfərrüatları və müzakirə olunacaq məsələlər açıqlanmır.
Son vaxtlar Avropa İttifaqı və Birləşmiş Ştatlarda Ukraynaya yardım məsələləri ilə bağlı aktiv müzakirələr davam edir. “Financial Times” nəşrinin yazdığına görə, dekabrın 14-15-də Brüsseldə keçiriləcək sammit ərəfəsində Avropa İttifaqına üzv dövlətlər büdcənin doldurulması və Ukraynaya 50 milyard avronun ayrılmasına dair müzakirələr aparacaq.
Dünən isə ABŞ Konqresində respublikaçılar və demokratların sərhəd məsələsi və Ukraynaya yardım barədə razılığa gəlmək cəhdləri uğursuz alınıb. Respublikaçılar Cozef Baydenin bir paketdə 106 milyard dollarlıq “milli təhlükəsizlik” tələbini təsdiqləmək üçün sərhəddə immiqrasiya nəzarətinin gücləndirilməsini tələb edirlər.
Polise.az