“Bayraktar” və “HAROP” olmadan düşmənin raket komplekslərinin məhv edilməsi – Şərh
Hərbidə hədəflərin xarakterinə uyğun olaraq adekvat zərbələrin endirilməsi təcrübəsi göstərir ki, hava hücumundan müdafiə sistemləri daha çox aviazərbələr vasitəsilə məhv edilir.
Vətən müharibəsinin gedişatında Azərbaycan Ordusu Ermənistanın zenit-raket komplekslərini ən müasir silahlarla darmadağın etmişdi.
İndi həmin texnikaların cəmləşdiyi ərazini hərbi qəbiristanlıq kimi qələmə vermək olar, metal yığını kimi qalan silahlar Azərbaycanın arsenalında olan ən müasir silahların (“Bayraktar”, “Harop”, lazer silahlar və sair) vurduğu damğaları üzərilərində daşıyırlar.
Bəzən isə ballistik raketlərin və ya hava hücumundan müdafiə sistemlərinin yararsız hala salınması üçün aviazərbələr münasib versiya kimi nəzərdən keçirilmir.
Çünki elə strateji nöqtələr olur ki, oranı böyük partlayış dalğası ilə məhv etmək məqbul sayılmır.
Məsələn, yaşayış məntəqəsinə yaxın ərazilərdə mülki itki olmasının qarşısının alınması üçün aviazərbə ikinci plan kimi nəzərdən keçirilir. Yaxud hava hücumundan müdafiə sistemlərinin idarəetmə məntəqəsindəki terrorçuların sağ ələ keçirilməsi əsas hədəf kimi qarşıya qoyula bilər.
Belə mürəkkəb situasiyalarda yalnız xüsusi təyinatlı qüvvələrin peşəkarlığına müraciət edilir.
Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda xüsusi təyinatlı qrupların təlimi də belə əməliyyatlar üçün peşəkar hazırlıq məşqidir.
Müdafiə Nazirliyinin məlumatına əsasən, təlimin ssenarisində xüsusi təyinatlı qruplara strateji obyektlərimizi və hava məkanımızı hədəf alan şərti düşmənin hava hücumundan müdafiə sisteminin məhv edilməsi tapşırığı verilib.
Diqqət çəkiləcək məqamlardan biri isə budur ki, təlim maksimum dərəcədə real döyüş şərtlərinə yaxınlaşdırılıb.
Belə təlimlərdə məqsəd:
1. Partlayışlar olmadan terrorçuların zərərsizləşdirilməsi,
2. Sağ ələ keçirilənlərdən əhəmiyyətli məlumatların öyrənilməsi,
3. Zenit-raket komplekslərinin bahalı mərmi atılmadan, sadə üsulla məhv edilməsi.
Təlimi Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri də izləyib.
Aqşin Kərimov