BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə respublika ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.

Polise.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bununla əlaqədar olaraq xəbərdarlıq edərək hava şəraitinin yol hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, onları diqqətli olmağa, verilən tövsiyələrə əməl etməyə çağırır.

Xəbərdarlıqda dumanlı, yağıntılı havalarda, xüsusilə, sürücülərin müvafiq təhlükəsizlik tədbirlərinə mütləq əməl etməli olduğu vurğulanır. Bildirilir ki, hərəkət sürəti yol və hava şəraitinə uyğun seçilməli, təhlükəsiz ara məsafəsi və interval mütləq qorunmalıdır. Kəskin manevrlərdən, qəfil əyləcləmədən və əsassız ötmələrdən çəkinməli, nəqliyyat vasitəsinin şüşələrinin, faralarının və işıq siqnallarının təmiz və saz vəziyyətdə olmasına diqqət yetirilməlidir. Həmçinin nəqliyyat vasitəsinin yaxın işıqları və ön-arxa qabarit işıqları daim yanılı vəziyyətdə saxlanılmalı, görünmə məsafəsi kəskin azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət olduqda istifadə edilməli, qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətini zəiflətdiyi üçün zərurət olmadıqda uzaq işıqlardan istifadə edilməməlidir.

Piyadalar da məhdudiyyətli görünmə şəraitində sürücülərin onları vaxtında və aydın görə bilmələri üçün qabaqlayıcı tədbirlər görməli, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, əlverişsiz havalarda daha diqqətli və ehtiyatlı davranmalıdırlar.

“Hörmətli yol hərəkəti iştirakçıları, unutmayaq ki, qaydalara əməl edərək həm özünüzü, həm də digər hərəkət iştirakçılarını qorumuş olursunuz”, – deyə xəbərdarlıqda vurğulanır.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button