Beynəlxalq təşkilatlardan Azərbaycana dəstək

Ermənistanın iyulun 12-də Tovuz istiqamətində törətdiyi növbəti hərbi-siyasi təxribatından sonra aparıcı dünya dövlətlərinin, beynəlxalq təşkilatların, xüsusən də yaxın qonşularımızın reaksiyası həm ölkəmiz, həm də düşmənimiz üçün əlahiddə önəm daşıyırdı. Təxribatı törətməkdə Ermənistanın əsas məqsədlərindən biri üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), əsasən də Rusiyanı öz qanlı oyunun iştirakçısına çevirmək idi. Məhz bu təşkilatın vasitəsi ilə həmin ərazidən keçən strateji, beynəlxalq əhəmiyyətli neft-qaz, dəmiryolu infrastrukturunu hədəfə götürüb ölkəmizi təzyiq altında saxlamaq cəhdi idi. 

2016-cı ilin aprelində işğalçı Ermənistan Qarabağ ərazisində belə bir cəhdə çalışmışdı. Lakin o zaman təxribatçının bu niyyəti baş tutmamışdı. Bu dəfə də alınmadı. İlk növbədə ona görə ki, Aprel döyüşlərindən sonra düşmən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Milli Ordumuzdan haqq etdiyi cavabı aldı. Ermənistanın dayaq idarəetmə məntəqələri və digər hərbi infrasturukturu məhv edildi, dəqiq sayını bu günün özündə də erməni cəmiyyətindən gizlətməyə çalışdıqları çoxsaylı canlı itkiyə məruz qaldı. Ermənistanın kömək gözlədiyi, hərbi-siyasi təxribatında alətə çevirmək istədiyi KTMT ermənilərin bu niyyətində açıq şəkildə iştirakdan kənarda qalmağa üstünlük verdi. Bu təşkilata daxil olan altı ölkədən ikisi – Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində Azərbaycana dəstək verdilər. Belarus isə Qoşulmama Hərəkatının xətti ilə bunu etdi. Ukraynanın ölkəmizə dəstəyi ona səbəb oldu ki, Ukrayna səfirliyinin binası önündə etiraz aksiyası keçirildi, ədəbsiz hərəkətlər edildi. 

Həlledici dəstək qardaş Türkiyədən gəldi. İlk dəfə idi ki, Türkiyə rəsmiləri açıq şəkildə bəyan etdilər ki, onlar artıq növbəti erməni təxribatını kənardan pisləməklə kifayətlənməyəcəklər. Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “bu hücum Ermənistanın çapını aşan bir hadisədir” bəyanatı yalnız Ermənistana ünvanlanmamışdı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk PA, QUAM kimi nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın hərbi təxribatını qətiyyətlə qınayan bəyənatlarla dərhal çıxış etdilər. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, işğal edilmiş ərazilər üzərində ölkəmizin suverenliyinin bərpasının qaçılmaz olduğunu bir daha elan etdilər. 

Ermənilər lobbi təşkilatlarının xüsusilə güclü olduğu ABŞ-dan dəstək gözləyirdi, orada Daşnak partiyasını təmsil edən Amerikanın erməni milli komitəsi (ANCA) konqresmenlər arasında ciddi iş aparırdı. Onların bu səyi də alınmadı, əksinə Ermənistan növbəti məğlubiyyətlə üzləşdi. Onlardan biri postsovet ölkələrində işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş bu ölkələrin vətəndaşları barədə hesabatın dövlət katibi tərəfindən müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədədir: 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edildi. Bu o deməkdir ki, Ermənistanın işğalı nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş həmvətənlərimiz barədə məlumatlar Konqresə təqdim olunacaq. Bununla da ölkəmizdəki məcburi köçkünlərin Ermənistanın işğalının nəticəsi olduğu növbəti dəfə təsdiq ediləcək. 

Erməni lobbisi, xüsusən də Daşnak partiyası ABŞ Konqresində başqa bir məğlubiyyətlə də üzləşdi. Onlar çalışırdılar ki, ABŞ tərəfindən Azərbaycana müdafiə məhsullarının və xidmətlərinin qadağasına nail olsunlar. Başqa bir cəhdləri isə ondan ibarət idi ki, xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı çərçivəsində Azərbaycan və Ermənistana yardımlarda paritet əldə edə bilsinlər. Erməni lobbisinin bu cəhdləri də ABŞ Konqresində fiaskoya uğradı. Bizlərə yaxşı məlumdur ki, ermənilər öz məqsədlərinə çatmaq üçün hər cür vasitəyə əl ata, vasitə və üsul seçimində hər cür güzəştə gedə bilirlər. Erməni lobbisinin bu dəfə ən fəal şəkildə istifadə etdikləri “vasitələrdən” biri də dünyaca məşhur Kim Kardaşyan idi. Lakin o da kömək ola bilmədi.

Yuxarıda qeyd etdiklərim Prezident cənab İlham Əliyevin tələb etdiyi hücum diplomatiyasının hələ ki, bilinən ilk nəticələridir. İnanıram ki, ölkəmizin əsas uğuru irəlidədir və bu, Qarabağı işğaldan azad edəcəyimiz gündür.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button