“Biləndə ki, tankçıyam, sağ gözümü çıxardılar…”
Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər hərbi cinayətlər törətmiş erməni hərbi canilər – Mkrtçyan Lüdvik Mkrtçoviç (“Lyoxa”) və Xosrovyan Alyoşa Aramaisoviçin (“Lyoşa”) cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsinə başlanılıb.
Dövlət ittihamçısı əsirlikdə işgəncəyə məruz qalan zərərçəkmişlərdən 30 il sonra “Lyoxa” və “Lyoşa”nı necə tanıdıqlarını soruşub, istintaqın obyektiv aparılmasına münasibət bildirmələrini istəyib.
Əvvəlcə zərərçəkmiş Kamil Babayev istintaqa verdiyi ifadəsini təsdiqləyib, Mkrtçyan və Xosrovyanı şəkillərdən tanıdığını deyib: ” Əsirlikdə olanda, 1994-cü ilin noyabrında türmədə işgəncələrə məruz qalmışam. Hər ikisinin şəkillərini görən kimi tanıdım. Dedim bunlar o vaxt bizə işgəncə verənlərdi. Hətta istintaqda üzləşmə zamanı da soruşdum ki, yadınızdadımı, məni qar təmizləməyə çıxaranda döydünüz, sinəmə, sifətimə təpiklə vurdunuz. Bizimlə azərbaycanca danışır, işgəncə verəndə, üstümüzə qışqıranda ermənicə söyürdülər. “Lyoxa” o vaxt saçlı idi, indi saçları tökülüb, amma əyri burnu olduğu kimi qalıb”.
Zərərçəkmiş Rauf Qafarov işgəncə görən bütün əsirlərin hər iki şəxsi “Lyoxa” və “Lyoşa” kimi tanıdıqlarını deyib: “Şuşa türməsində “Lyoxa” bir bu idi, “Lyoşa” da bu. Əlamətlərindən də tanıdım. Hər ikisi Şuşa türməsində mənə olmazın işgəncələr veriblər. Avqustun 23-də bizə ermənilər hücum etdi, cəbhə yoldaşlarım arasında şəhid olanlar vardı. İndi bundan soruşuram 1992 ci ilin hansı ayında Hadrutda olub?”
Zərərçəkmişin suallarını cavablandıran L.Mkrtçyan bildirib ki, o 1993-cü ilin iyul avqust aylarında Suqovuşanda və Hadrutda olub, bir ay müddətdə müharibədə iştirak edib.
1992-ci ildə əsirlikdə olan, Şuşa türməsində işgəncələrə məruz qalan Famil Əliyev L.Mkrtçyanı hansı şəraitdə tanıması haqda danışıb: “İstintaq zamanı əvvəlcə məndən Mkrtçyanla Xosrovyanı tanıyıb-tanımadığımı soruşdular. Dedim elə adamları tanımıram. Çünki biz onları “Lyoxa” və “Lyoşa” kimi tanımışıq. Sonra şəkillər göstərdilər. Cavanlıq şəkillərini görən kimi dedim bax bu, “Lyoxadı”, bu biri də “Lyoşa”. Gözlərindən daha çox tanıdım”.
Digər zərərçəkmiş Zahid Həsənov 1994-cü ilin aprel ayında A.Xosrovyanın onu Xankəndi xəstəxanasından Şuşa türməsinə apardığını deyib: ” 71 gün əsirlikdə olmuşam. Hamısı günbəgün yadımdadı. Xankəndindən bizi götürərək işgəncələr verdi. Daha sonra Şuşa türməsində siqaret çəkmək üçün ayrılmış yerdə məni görüb tanıdı və yenidən işgəncə verdi. “Lyoşa”nı şəkildə görən kimi tanıdım. “Lyoxa”nı erməni kəşfiyyat idarəsinin əməkdaşları və “Vesti” proqramının müxbiri ilə gələndə görmüşdüm. Əlindəki “nakolka” dan, sifət cizgilərindən tanıdım”.
Dövlət ittihamçısının “əsirlikdə olanda heç soruşurdunuzmu ki, torpağımızı işğal etmisiniz, bizi əsir götürmüsünüz, qəbirlərimizi bizə sökdürürsünüz,özümüzə niyə işgəncə verirsiniz, biz sizə nə etmişik?” sualına zərərçəkmiş belə cavab verib ki, ermənilərdə türklərə qarşı daim nifrət hissi olub: “Ancaq azərbaycanlı, türk olduğumuza görə “.
Digər zərərçəkmiş Həbib Kazımov da təqsirləndirilən şəxslərin ona əsirlikdə ağır işgəncələr verdiyini deyib: “İllər sonra bu şəxsləri istintaqda qəddar görünüşlərindən tanımışam. Sumqayıtlı olduğuma görə mənə ağır işgəncələr veriblər. “Lyoxa” nı gözlərindən, qəddar baxışlarından tanıdım. İndi saçları tökülüb, boyu da bir az cılızlaşıb”.
Zərərçəkmiş Cavid Hüseyn qeyd edib ki, istintaq dövründə təqsirləndirilən şəxslərlə üzləşdirmə zamanı onlara heç bir təsir edilməyib: ” 28 il keçsə də, hələ də o işgəncələri unutmamışam. Hər gecə gözümün qabağında canlanır. İlk dəfə bizə Mkrtçyanın fotosunu göstərəndə dedim bu “Lyoxa”dı. Gözünün altında olan qara ləkədən tanıdım. Əsirlikdən qayıdanda bizə işgəncə verənlərin adını Dövlət Təhlükəsizlik Xidmətinə bildirmişdik. Xosrovyanı otağa gətirəndə soruşdum ki, məni tanıdın? Başını aşağı salaraq tanıdığını etiraf etdi. Mən o vaxt bu şəxslərə demişdim ki, vaxt gələcək, bizim qarşımızda cavab verəcəksiz”.
Cavid Hüseyn bildirib ki, Şuşa türməsində Lüdvik Mktrçyanla Alyoşa Xosrovyanın iştirakı ilə onun gözünü çıxarıblar: “1995-ci ildə ermənilərin Yohan adlı “milli qəhrəman”ının heykəlinin açılışında başıma dəmir boru ilə vurub yardılar. Daha sonra məni dəmir barmaqlıqlara bağlayıb döydülər. O vaxt orada bizimlə birlikdə əsir olan İlham Qurbanov məni bunlara satdı , dedi ki, mən müharibədə tank sürmüşəm. Ona görə də məni gətirib Şuşa həbsxanasında sağ gözümü çıxardı. Dedilər ki, nişan alan göz sağ gözüdür, ona görə də sağ gözünü çıxarın. Bizi satan İlham Qurbanov hazırda həbsxanadadır və ömürlük azadlıqdan məhrum edilib”.
Məhkəmə prosesi 28 iyul saat 15:00 da davam edəcək.