Biləsuvarda 10 kiloqramdan artıq narkotik vasitə və psixatrop maddə aşkarlandı
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda müxtəlif növ narkotik vasitələr, psixatrop və güclü təsiredici maddələr gətirən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “polise.az“a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayonunun Əsgərabad kənd sakini Musa Rəmiyev saxlanılıb. Onun özünə məxsus müxtəlif növ narkotik vasitə, psixatrop və güclü təsirli maddələri saxladığı idman çantası Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində gizlətdiyi yerdən aşkar edilib. Həmin idman çantasından ayrı-ayrı bükümlərdə ümumilikdə 7 kiloqram 637 qram narkotik vasitə tiryək, 284 qram heroin, 74 qram qurudulmuş marixuana, 2 kiloqramdan artıq psixatrop maddə metamfetamin və tərkibində güclü təsiredici maddələr olan 90 ədəd “Gabaprel 300” preparatları aşkar edilərək götürülüb. M.Rəmiyevin həmin narkotik vasitə, psixatrop və güclü təsiredici maddələri İran İslam Respubikasından qanunsuz olaraq əldə etdiyi və qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi müəyyən edilib.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.