Birinci Qarabağ müharibəsi şəhidi Seyfəddin Nəcəfov Beyləqanda dəfn olunub
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Seyfəddin Nəcəfovun meyitinin qalıqları Beyləqan rayonunda dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Seyfəddin Nəcəfovun nəşi Beyləqanda izdihamla qarşılanıb, ailəsinin yaşadığı Aşıqalılar kəndinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.
Daha sonra şəhidin nəşi kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi yaylım atəşi ilə altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına verilib.
Qeyd edək ki, Nəcəfov Seyfəddin Eldar oğlu 1993-cü ilin iyulunda Ağdam uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab olunurdu. Şəhidin meyitinin qalıqları Ağdam rayonunun Sarıcalı kəndi ərazisində kütləvi məzarlıqda aşkarlanıb.
Polise.az