Bitməyən “Xankəndi nə oldu?” söhbəti…

Əminəm ki, ordumuz Xankəndini alsaydı, dünya da “erməni genosidinə” görə Azərbaycana sərt sanksiyalar tətbiq etsəydi, eyni adamlar indi də “ora bizim nəyimizə lazım idi, hökumət yanlış etdi, ölkə bədbəxt oldu…” deyəcəkdilər

Qarabağın müharibədən sonra yaranmış yeni xəritəsini-yəni hazırda ermənilərin sığındığı torpaqlarımızın giriş-çıxışını, coğrafi mövqeyini bəziləri ya bilmirlər, ya hələ də öyrənmək istəmirlər, ya da bilib, qəsdən elə danışırlar ki, guya məsələn, bunlar Xankəndini dövlətdən də, hamımızdan da çox düşünürlər, amma digərləri yalandan xalqın başının altına yastıq qoyur, ermənilər orada yenidən “dövlət yaradır”, qoşun yığır və sairə. Ancaq təkcə bu adamlar guya Xankəndinə getmək istəyirlər- vətən, bayraq, Sakariya şarkıları…Hamısı palavra, hekayə…

Mən Qarabağdakı torpaqlarızdan-Şuşadan, Laçından, onun ətrafından, erməni mövqelərinin harada olduğundan oraya gedib-gələnlərdən az qala hər gün təzə xəbər alıram-həm də bunu professional işim kimi deyil, tezliklə orada daima yaşayacaq, orada yenidən ev tikəcək, qocalacaq və öləcək biri olaraq maraqlanıram. O səbəbdən Bakıda isti evində oturub komyüterin arxasında, “ay Xankəndi, vay Xankəndi” deyənlərin bir çoxunun səmimiyyətinə inanmıram. Çünki nə gedib orada yaşayacaqlar, nə gedib orada bayrağımızı görüb sevinəcəklər, nə qışda qar tapdalayacaqlar, nə yol gedib-gələcəklər və sairə…

Gördünüz, bəziləri heç Qarabağın azad edilməsinə sevinə də bilmədi, çünki Allah da onları belə cəzalandırıb, qəlbini qapayıb, paslandırıb, beyinlərini çirkləndirib. İndi onlar erməninin dediyinə daha çox inanırlar. Ermənilər belə etdilər, belə artdılar, belə qərar verdilər, “gördünüz, biz deyirdik ki, Xankəndini …” Əminəm ki, ordumuz Xankəndini alsaydı, dünya da Azərbaycana “erməni genosidi” deyib sərt sanksiyalar tətbiq etsəydi, eyni adamlar indi də deyəcəkdilər ki, “ora bizim nəyimizə lazım idi, hökumət yanlış etdi, ölkə bədbəxt oldu” və sairə…

Ay adamlar, xəritəyə baxın, ermənilər Qarabağda elə bil tələdə, elə bir çuxurda qalıblar ki, onları heç yalançı qəhrəmanları Tiqran da daha xilas edə bilməz. Nə dövlət, nə hakimiyyət? Hamısı sözdür… Qarabağdakı ermənilərin bəziləri Ermənistanda “qaçqın” tənəsini eşitməmək üçün məcbur olub qayıdıblar, bəzilərinin  dədə-babası orada yaşayıb, orada doğulublar o səbəbdən, bəzilərinin sadəcə, getməyə yeri yoxdur. Qarabağa heç bir erməni keyfindən qayıtmayıb, siyasətbazlarının hoqqalarına baxmayın, heç birinin gələcəyə ümidləri də yoxdur. Başlarını soxmağa ev tapa bilmirlər, iki gün əvvəl Xankəndində yolları kəsib ev istəyiblər, “bizi bura gətirmisiz, indi ev verin” deyiblər. Yenidən məskunlaşmaq üçün nə şərait var, nə ev, nə əvvəlki kimi geniş ərazilər. Ermənistan “Hayastan” fondundan 100 milyon dollar alıb, özü də üstünə 100 milyon dolları məcburiyyətdən verir…Ermənilər Qarabağda qalmırlar, daha onların ac qarının doyuracaq “Artsax” adlı xülya da yoxdur, olmayacaq da. Ömrü boyu isə belə yaşaya bilməzlər. Ya Azərbaycanın tərkibində yaşamağa razılaşmaq məcburiyyətdə qalacaqlar, ya rədd olub gedəcəklər. Rusun avtomatı arxasında yaşamaq elə bilirsiz, erməni üçün rahatdır. Qətiyyən, bu cür şəraitdə yaşamağa məcburdurlar.             

Bakıda şənbə-bazar avtobus olmayanda, rayonlara giriş-çıxış qadağası tətbiq ediləndə canımız ağzımıza gəlir, ürəyimiz sıxılır, etiraz edirik. Bu səbəbdən Vətən müharibəsində igidlərimizin sayəsində ermənilərin indi hansı coğrafi vəziyyətdə qaldığını bir daha hamının başa düşəcəyi misalla təkrar izah etməyə çalışacağam.

Sentyabrın 27-dək Xankəndində yaşayan Aşot səhər evindən çıxıb, əvvəl Hadrutdakı qohumuna baş çəkib, oradan Füzuliyə, sonra Xocavənd istiqamətindən keçərək Şuşaya günorta yeməyinə çatdıra bilərdi. Oradan ürəyi istəsə, Laçına gedib burada məskunlaşmış ana-atasına baş çəkə, digər dığalarla hal-əhval tuta bilərdi. Sonra Qubadlının kəndində məskunlaşmış qohumlarına da dəyib, orada da bir stəkan çaxır içə, sonra istəsə, maşınını 300-350 kilometr də cənub istiqamətində sürüb Zəngilandan da keçməklə Cəbrayıladək gedə- Xudafərin körpüsünün yanında bir siqaret sümürüb bu azadlıqdan və genişlikdən həzz ala bilərdi. Qayıdanda Kəlbəcərdə gecələyib, səhəri gün aşağı yolla yenidən Xankəndinə qayıdırdı…

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindən sonra Aşotun indiki halına baxaq. Səhər dağılmış xarabasından çıxıb “hara gedim?” desə, başını qaldırıb altdan yuxarı Şuşanın dağlarına baxıb içi qovurulacaq. Sonra xatırlayacaq ki, daha yeznəsi Xoronenin yaşadığı Hadrut da işğaldan qurtulub. Laçın da yoxdur…İran sərhədi boyu uzanan “bufer zonanı” da Azərbaycan işğaldan azad edib! Kəlbəcər? O da yoxdur…
Bəs, hara getsin? İndi onun gorbagor olmuş “Artsax”ında yarıboşalmış Xankəndidən, Əskəran qalasından, Xocalıdan və Xocavəndin bir “kusok”undan başqa heç nə qalmayıb. Heç nə! Aşotun indi yalnız o günlərdən boz xatirələrdən başqa xatırlamağa heç nəyi yoxdur! Elə bilirsiz, Xocavəndə, Əskərana, Xocalıya, Qırmızı Bazara əvvəlki kimi ürəklə gedirlər? Əsla! Bu ermənin gedəsi indi bir xarabası qalıb-Ermənistan. Ermənistana getmək üçün də indi bircə yolları qalıb-Laçın dəhlizi. Müqavimət göstərmək istəyirlərmi? İstəyirlər! Əsəblərimizi tarıma çəkirlərmi? Çəkirlər! Çaqqal tələyə düşəndə, sakit oturmur ki.. Dartınır, qurtulmaq üçün müqavimət göstərir. Amma nətəcə? Toyuq qaz kimi yumurtamaq istəyəndə bilirsiz də nə olur?

O boyda ərazilərimiz düşməndən təmizlənib. Nə qədər vəsait, tikinti lazımdır, hər şey yenidən qurulmalıdır.  Gedək, mənasız ittihamlardan, dedi-qodudan qurtulub əl-ələ verib oraları tikək, yenidən quraq, məskunlaşaq, sahib çıxaq, “Xankəndi nə oldu” ondan sonra deyək.

Xankəndini görmək istəyirsiz, gedin Şuşaya ayağınız altındakı o yurdu görün. Bilin ki, erməni belinə şəlləyib aparmayıb, bizimdir! Heç son 100 ildə olmadığı qədər həm də…Biz o yurdu da heç kimə verməmişik, verməyəcəyik də…

Hamısını Göstər

Related Articles

Back to top button