Biz dövlət üçün nə etmişik?

“Vətəni sevmək imandandır”
Məhəmməd peyğəmbər (s.ə.s)

Dövlətin və hüququn yaranması quldarlıq dövrünə təsadüf edir. O quruluşdan öncə nə dövlət, nə də hüquq olmamışdır. K.Marksın sözü ilə ifadə etsək; «dövlət bir sinfin digər sinif üzərində hökmranlıq alətidir. Onun təşəkkül tapmasına xüsusi mülkiyyətin yaranması və siniflər arasında ziddiyyətlərin antoqonist həddə çatması təsir retdi…»

Tarixdə yadda qalan və xatırlanan, səlnamədə vikipedik tərcümeyi hala sahib dövlət başçıları çox olmuşdur. Sırada qürur duyulası silahlı qüvvələrin komandan-imperatorları, ən ali rütbəli şəxslər, generalissimus (lat.sözü generalissimus-“ən böyük” mənasını verir. Rus çarlığında qəbul olunan ali hərbi rütbə) və generallar var…

Azərbaycan 70 il ərzində dominantlıq edən SSRİ kimi böyük və güclü imperiyanın tərkibində olub. SSRİ-nin süqutundan sonra ittifaqa daxil olan müttəfiq respublikaların hər biri müstəqilliyə qovuşdu. Azərbaycan 1991-ci ildə ikinci dəfə-təkrar müstəqilliyini bərpa etdi. Bundan sonra ermənilər dağılan imperiyanın sərsəm təxəyyülə malik, keçmişi bulanıq “başbilənlərinin”-Aqanbekyanların və Şaxnazaryanların köməyi ilə Azərbaycana və Ermənistanda yaşayan azərbaycanlılara  qarşı qeyri-insani hərəkətlərə, insanlığa sığmayan, xüsusilə təhlükəli və amansızlıqla müşayət olunan əməllərə dəhliz açdılar. Azərbaycan millətinə, dinc əhaliyə, xəstələrə, hətta uşaqlara,ana qucağına sığınmış çağalara qarşı fironsayaq davrandılar. Bu, Hitlerin: “Almaniya,ya dünyaya sahib çıxacaq, ya da dünyanın siyasi xəritəsindən birdəfəlik silinəcək” şüarına-başından böyük arzusuna oxşayırdı… Zaman Ermənistanı intihara sürükləyir. Günahkarlar isə Ermənistanın siyasi“elita”sıdır.Bunlara əlahiddə bir beynəlxalq hərbi tribunal yaradılmalı və nasist xislətlilər dünya ictimaiyyətinin gözü qarşısında ittiham olunmalıdırlar ki,başqa dövlətlərə də dərs olsun,”tarixin ibrət dərsi”.

Ermənilər, məhz sovet şinelindən çıxmış, avropalı “demokratların”dəstəyi ilə  Qarabağı və ona yaxın rayonları işğal edib əhaliyə sitəm etdilər. Əzəli torpaqlarımızın 20%-i işğal olundu, milyon insanlar doğulub boya-başa çatdığı yurdlarından, min bir əziyyətlə qurduğu ocaqlarından didərgin salındılar, soyqırıma, əsir və girov həyatına məruz qaldılar. O gündən başlayaraq 30 il ərzində ermənilər 1994-cü il Bişkek protokolunun tələblərini-atəşkəs rejimini hər gün həyasızlıqla pozmaqda davam edirlər. Bu müddət ərzində şəhidlər verdik…

İndi Azərbaycan ordusunun əzəməti və şücaəti qarşısında tab gətirməyən erməni mifi əriyən şama bənzəyir.Yəqin erməni ordusunun ömrü də elə o yanan şam qədər olacaq. Erməni əsgər və komandirləri döyüş meydanında hərbi hissənin və dövlətin bayraqlarını, ağır artilleriyalarını qoyub qaçırlar. Döyüş meydanından qaçan döyüşçülər vətənindən, millətindən, namusunu da qoyub qaçanlardır. Belələrində patriotizm ruhu olsaydı müqəddəs dəyərlərə arxa çevirməz,qızlarını və yeniyetmələri döyüşə göndərməzdilər.Vətənə sədaqət və məhəbbət əvvəl qanda, sonra ailədə və daha sonra milli ideologiyada formalaşır. Ermənilərin milli ideologiyasının mayası isə başqa dövlətlərə köləlik etməkdən yaranır. Tarixi sənədlər bunu sübüt edir.

 Atəşkəsin hər gün pozulduğunu görən  BMT TŞ-nin daimi üzvləri susmağa üstünlük verirlər, işğalçı tərəfə “dur” deyən olmur. Avropada təhlükəsizliyin təmin olunmasına cavabdehlik daşıyan Minsk  qrupu üzərinə düşən vəzifənin məsuliyyətini dərk etmir. BMT-nin və orqanlarının susması işğalçı tərəfi bir az da harınlaşdırır, danışıqlar masasındakı qıcqırmış fikirlər vəziyyəti bir az da gərginləşdirir… Beynəlxalq aləmdə baş verən özbaşınalıqlar ya dövlətləri BMT-nin üzvlüyündən imtinaya aparacaq, ya da bu təşkilat buraxılacaq. 

 Məhz buna görə Azərbaycan xalqının iradəsi müharibənin qaçılmaz olduğunu diktə etdi. Faşist xislətli və “barbaross”niyyətli siyasi hakimiyyətin yalan məlumatlarına dözüm nümayiş etdirmək isə bizim üçün baş ucalığı gətirmirdi. Silahlı Qüvvələrin Ali Baş Komandanının və komandanlığın əmr və tapşırıqlarını xalq sevinclə qarşıladı. İndi hər kəs və hər şey cəbhə üçündür!

Bu mənada Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanı İlham  Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında  və ondan sonrakı beynəlxalq tədbirlərdəki videoformat çıxışlarında və 30-a yaxın dünyaya görk olcaq müsahibələrində həyəcan təbili ilə ifadə olunan məlumatlar verdi. Xəbərdarlıq etdi. Yenə heç bir beynəlxalq qurum Ermənistanı saxlamadı.Əksinə”Saman altdan su yeritdilər”. Xalqın səbri tükəndi.Nəhayət,uzun illər ərzində formalaşan və tarıma çəkilən gərginlik 27 sentyabrda başlanan Vətən Müharibəsini alovlandırdı.

Məni, Azərbaycan dövlətinə mənsub olan vətəndaşı kimi  heyrətə gətirən,  son bir aydan bir az çox müddət ərzində Azərbaycan Respublikasının  Prezidenti -Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dünya liderlərinə  görk olacaq erudisiyası,vətən müharibəsinin səbəblərini incəliklə ,təmkin və məntiqlə hamıya və hamının düşüncəsinə uyğun çatdırması, habelə siyasi və diplomatik  mahiyyət daşıyan fikir və mülahizələri idi. Dünya ədalətsevərləri,tanınmış politoloqlar,hətta tanınmış diplomatlar da bu müsahibələrə heyran qaldılar.

Əlahəzrət zaman və qoca tarix sübut etdi ki, bu həssas, xalqın tale yüklü məsələsinin  həll olunduğu bir zamanda İlham Əliyevin  alternativi yoxdur!

10 milyon əhalinin yaşadığı ölkədə çoxlu sayda qeydiyyatdan keçmiş siyasi partiyalar var. Nizamnamə üzrə hər bir partiya liderinin hakimiyyətə gəlmək arzusu  başa düşüləndir.İnciməsinlər,hələ ki, dünyanın aparıcı dillərində geniş,təkmil beynəlxalq hüquqi və siyasi məntiqli biliyi və bacarığı ilə dünya media mənsublarını heyrətə gətirən ikinci bir lider görmürəm. Əslində Silahlı Qüvvələrin Ali Baş Komandanı paralel olaraq diplomatiyaya da komandanlıq etmək bacarığını, bəzən də provakasion suallara qarşı fəlsəfi cavablarını dünyaya nümayiş etdirə bildi. İlham Əliyev ölkə daxilində görünməz düşmənin, Covid-19-un manevr etdiyi, vəzifələrindən sui-istifadə edən,korrupsiyalaşmış məmurlara qarşı prinsipal mübarizənin aparıldığı bir dövrdə, vətənimizi təhdid edən ermənilərə qarşı döyüşə başçılıq etməyi uğurla həyata keçirir.

Hər bir Azərbaycan  vətəndaşının, vətəndaş cəmiyyətinin, KİV-lərin, ölkədə fəaliyyət göstərən Mərkəzi İcra Hakimiyyəti Orqanlarının, Diasporla İş üzrə Komitənin, Xarici Siyasət İdarəsinin və xarici ölkələrdəki diplomatik korpusların-səfirlərin, konsulların, ziyalıların və s.  hər birimizin 30 il ərzində görməli olduğu işləri Prezident son bir ay ərzində tək gördü. Bu həqiqətdir!Allah qorusun!Döyüşçülərimiz Baş komandanın hər bir fikrini”URA”ilə qarşılayaraq döyüşə davam edir,düşmənə ağır zərbələr endirirlər…

“Dövlətdən hər şeyi tələb etmək istəyənlərdən mən də soruşmaq istəyirəm: Siz dövlət üçün nə etmisiniz?” – Amerikan deyimini xatırlatmaq yerinə düşərdi.

Biz bu dövlət üçün nə etmişik?

Qarabağın qeyd-şərtsiz azad olunması barədə BMT-nin TŞ-nin 4 qətnaməsini qəbul edən 5 daimi üzv dövlətlərdən hər birinin Azərbaycanda diplomatik korpusları var. Ölkəmizdə yaşayan əcnəbi millətlərdən ibarət  Azərbaycan vətəndaşlarını  qətnamələrə səs verən dövlətlərin  bizdə olan səfirlikləri qarşısında  niyə dinc aksiya keçirməyə yönləndirə bilmirik? Məs: Rus millətindən olan Azərbaycan vətəndaşlarının 30-40 nəfərdən  ibarət qrupunu müvafiq bəyanatla dinc aksiyaya sövq etmək mümkündür. (Məs:Biz, rus milləti olaraq Azərbaycan dövlətinə mənsubuq,bu dövlətin vətəndaşlarıyıq.Onunla siyasi,hüquqi bağlılığımız var… Ölkədə ərazi bütövlüyünün bərpası məqsədilə aparılan müharibə bizdən də yan keçmir. TŞ-nin daimi  üzvlərindən biri kimi məsələnin həllinə çalışmağınızı tələb edirik və s….) Eyni dinc aksiyanı Fransa və ABŞ səfirliklərinin  də qarşısında  təşkil etmək mümkündür. Az qala bunu da Prezident etməlidir (?)

Qənaətimə görə bunun bizə faydası olar. Ermənilər bu müharibədə daha çox  RF-ya və Fransaya bel bağlayırlar. Bizdə yaşayan rus millətindən ibarət vətəndaşlarımız Rusiyanın Azərbaycandakı səfirliyi vasitəsilə etirazlarını çatdıra bilərlər. Erməni millətinə mənsub vətəndaşlarımız da Ermənistanın təcavüzünə qarşı dünyaya,  beynəlxalq aləmə  və beynəlxalq təşkilatlara səslənə bilər. Eyni addımı digərləri də ata bilərlər.

Yuxarıda qeyd etdiyimi təkrar səsləndirməyə ehtiyac var. Bu işdə hamı bacarığı daxilində çalışmalıdır. Hərbi vəziyyətdə yaşamağımızın mahiyyətini və məsuliyyətini anlasaq çox şey aydın görünəcək.

Sonda, İsrail dövlətinin 5-ci Baş naziri Meir Qoldanın bir müdrik kəlamını səsləndirmək istəyirəm: ”Əgər, ölkəni  oğul və qızlarınız ,əgər ölkəni yalnız məzuniyyət dövründə tərk etmək istəyənlər və əgər o ölkədə təhlükəsiz yaşayanlar üçün qurmaq istəyirsinizsə iki mühüm addım atmağa zərurət var:

  -Korrupsiyanı vətənə xəyanətə,korrupsionerləri isə vətənini satanlara bərabər tutun.

-Hərbiçilərə,müəllimlərə və həkimlərə tutduqları vəzifələrinə görə yüksək əmək haqqı ödəyin,onları hörmət və izzətə layiq görün.

Ən başlıcası isə işləyin,işləyin və işləyin!Sizdən başqa heç kim sizi müdafiə etməyəcək,dolandırmayacaq!Unutmayın ki,ölkəniz başqasına yox, yalnız sizə lazımdır.Bunlar sizin həyat tərzinizə çevriləndən sonra deməli,siz istəyinizə nail olmusunuz!”

Silahlı Qüvvələrin  Ali Baş Komandanına,Komandanlığa,ön cəbhədə döyüşənlərə və arxada çalışanlara, böyük türk xalqına Allah dayaq olsun!- arzusu və duaları ilə,

ŞƏMSƏDDİN ƏLİYEV
Hüquqşünas – publisist

Hamısını Göstər

Related Articles

Back to top button