“Biz mülki əhaliyə qarşı vuruşmamışıq, qəddarlıqla məşğul olmamışıq” – Prezident
“Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq”.
Bunu bu gün Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən deyib.
“Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq. Halbuki xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi.
Ancaq mən demişdim ki, düşməndən intiqamı döyüş meydanında alacağıq”, – dövlət başçısı qeyd edib.
O bildirib ki, bütün dünya, bütün hərbi ekspertlər artıq bunu dəfələrlə qeyd edirlər ki, Azərbaycan bu müharibəni həm böyük məharətlə, ustalıqla aparıb, qısa müddət ərzində istədiyinə nail olub, həm də bütün müharibə qanunlarına riayət edərək ləyaqətlə aparıb:
“Məhz buna görə düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə iştirak edirdilər”.