“ Biz varıq deyə, mən də varam” – Publisistik düşüncələr

“Hər bir insanın ölümü ömrümü qısaldır. Mən bəşəriyyətin bir parçası olduğum üçün hər dəfə kilsə zənginin harayını eşidəndə məndən heç vaxt ”dünyadan köçən kimdir”, – soruşma. Sənsən,mənəm dünyadan köçən”.
                                                                                   Amerika yazıçısı,Nobel mükafatı laureatı
                                                                                  Ernest Heminquey 
Antropologiya  (İnsan irqlərinin yaranması və inkişafı, insan haqqında elm) elmi ilə məşğul olan təqdiqatçılardan biri  Cənubi Afrika ölkələrini tədqiq edərkən  qəbilə  uşaqlarına  həvəsləndirici bir oyun təklif edir. Antropoloq dadlı meyvə ilə dolu səbəti  bir ağacın yanında qoyur və :” Kim,ilk olaraq bu ağacın yanına birinci  qaçıb çatsa, meyvə ilə dolu səbət onun olacaq,”-deyib təklifini açıqlayır. O, işarə verən kimi uşaqlardan  birinin digərindən qabağa getmədiyini, hamının əl-ələ verib cərgə ilə bir yerdə qaçdığını,bir yerdə ağacın yanındakı səbətə yaxınlaşıb meyvələri aralarında bərabər böldüyünü görəndə təəccüblənir. Antropoloq; – Niyə  belə etdiniz? Axı, hər birinizin səbəti tək əldə edə biləcək imkanı olduğu halda, bunu  etmədiniz? Uşaqlar da,təəccüblə cavab verirlər : “Ubuntu” . “Yəni,-digərləri xoşbəxt ola bilmədiyi halda, təklikdə necə xoşbəxt, şad olmaq mümkündür?” 
Afrika sivilizasiyasına görə Ubuntu : – “Mən, biz varıq,- deyə mən də, varam” – anlamını verir.
Ubuntu – Qədim Afrikalıların sözüdür. “Başqasına münasibətdə humanist olmaq,”mənasını daşıyır. Bu prinsip əksər hallarda ətrafa xatırlatma kimi də bəyan  edilir. Yəni, “O,biz və hamımız kimiksə, mən də, oyam” ,“Biz var olduğumuza görə, mən də , varam”-deməkdir. “Başqalarına münasibətdə” insanlıq”nümayiş etdirmək, Cənubi Afrika Respublikasının əsas insani prinsiplərindən biridir.
Bu ifadə özündə 5 prinsipi  ehtiva edir; Yaşamaq, həmrəylik ruhu, şəfqət (mərhəmətlik, yazığı gəlmə) , hörmət və ləyaqət .Bu prinsiplər UBUNTU sözünün fəlsəfəsini təşkil edir.  Kommunizm quruculuğunun əxlaq kodeksində də, buna bənzər bir prinsip  var idi: “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün!”.
Cənubi Afrikada mövcud  qəbilə təfəkkürü və  düşüncəsi  bu prinsiplər vasitəsilə  bütün dövlətlərdə, hətta dünyanın inkişaf etmiş ölkələrində itirilən xoşbəxtliyin və səadətin  sivil qaydalara uyğun bərpasını  mümkün hesab edir.
Möhtərəm dünyamızın qədim səlnaməsində xarizmalı Liderlərin  idarəçiliyi, siyasi və iqtisadi təcrübəsi,habelə erudisiyalı davranışları ilə bağlı mənbələr olsa da, şəxsi maraqların ümumi maraqlardan üstün tutulması  faktları  da az deyil.
Fransa kralı XIV Lüdovik(1643-1775) hələ uşaq vaxtlarında mütləq monarxiya və İlahi hüquq prinsipinin tərəfdarı olub.O, 350 il bundan əvvəl Fransa parlamenti qarşısında  çıxış edərkən məşhur kəlamını söyləmişdi; “Dövlət,- mən özüməm!”. Və yaxud “Dövlət, bu,mənəm!”- ifadəsi hüquqi məntiqlə bir araya sığmasa da, ona məxsusdur.O, “Günəşin Kralı” da adlandırılırdı.Lüdovikə görə hakimiyyət ona Tanrı tərəfindən verildiyindən,heç kimin yanında hesabat verməyə borclu deyildir.Təbəə sözsüz ona tabe olmalı və onu uca tutmalıdır.”Yalnız Allah kralı ittiham edə bilər”-sözü də,ona məxsusdur.O,ömrünün 76 ilini  yaşadı,onun 72 ilini Fransa krallığına həsr etdi.Fransanın xarici siyasətində,iqtisadiyyatında,incəsənətində və hətta,dəbin inkişafında xidmətləri danılmır.
XIV Lüdovik  hakimiyyətini möhkəmləndirmək məqsədilə önəm kəsb edən siyasi postlara təcrübəli dövlət xadimləri sırasından layiqliləri  irəli çəkərdi.
Amerikalı filosof və politoloqu Frensis Fukuyama özünün “Siyasi qaydaların mənbəyi:Tarixə qədər olan  dövrdən,Fransa inqilabına qədər” kitabında yazır:Dövlət formasının üç tərkib elementləri var: Güclü və məsuliyyətli dövlət;Dövlətlərin də tanıdığı Hüququn aliliyi  və Hakimiyyətin vətəndaşların qarşısında məsuliyyəti.Bu üç elementin qarşılıqlı vəhdəti və fəaliyyəti nəticəsində demokratik dövlətlərin funksiyası  labüdləşməklə hakimiyyətin budaqlarında korrupsiyanın dəhlizi qapanır.Təbii hüquq nəzəriyyəsinə  görə  korrupsiyalaşmış dövlətlərdə   ümumi maraqlar bir qrup partokratların əlində cəm olduğundan , qəbul edilən qanunlar hakimiyyəti  idarə  edə bilmir,dövlət və dövlətçilik ideyası növbə ilə “Dövlət,- bu, bizə aiddir”,-deyənlərə ötürülür. Sadə dildə fikirlərimi izah etsəm,hüquqi dövlət elə dövlətlər hesab edilir ki,orada Konstitusiya Məhkəməsi yox ,xalqın iradəsini  ifadə edən və yüksək hüquqi qüvvəyə malik olan Konstitusiya bütün normativ hüquqi bazadan yuxarıda dayanır.Qəbul edilən qanunlar Konstitusiyaya zidd olmur.Əks təqdirdə qanunların icra vəziyyəti bərbad gündə olar.Təcrübədə belə idarəçiliyə rast gəlinir.Monqolustanın eks Baş naziri X.Altanxuyar bir dəfə əsəbi halda;”qanunların buna aidiyyatı yoxdur”-deməsi  “Demokratiyadan  və hüququn aliliyindən ekstez etmək-kənara çəkilmək”,kimi qəbul edilib.
XIV Lüdovikin avropada  dünyəvi məsələlərin həllində inqilabi  xidmətləri olub.(mənbələr belə deyir)Onun müsbət cəhətlərindən biri də, bioloji silahlardan istifadə etməkdən imtinası tarixi mənbələrdə diqqət çəkir. Amma şəxsi gigiyenası barədə əfsanələr də dolaşıb.Həkimlərinin rəvayətinə görə o,həyatında iki dəfə yuyunub.
Alman imperatoru II Vilhelmə xəbər verirlər ki,Baş Qərargahın fikri ilə İmperatorun fikri üst-üstə düşmür,ziddiyyət təşkil edir.O,isə “Baş Qərargah da, elə mənəm!”-demişdi.
Fransanın müstəqilliyi uğrunda canından keçməyə hazır olan general Şarl De Qoll II Dünya müharibəsi dövründə Britaniyanın Baş naziri Uinston Çörçill  və ABŞ prezidenti Franklin Delano Ruzveltlə söhbəti zamanı belə bir oxşar, ironik ifadə işlətmişdi:”Fransa-bu,mənəm!”
Klassik hüquq sistemi ölkənin bir nəfərə mənsub olmasını və yaxud qəbul edilən qanunlarda bir nəfərin iradə ifadəsinin təsbitini rədd edir.Müasir hüquqi və demokratik dövlətlərin Konstitusiyalarında da,hakimiyyətin bölgüsü prinsipi və xalqların öz müqəddəratını-süverenlik hüququnu müstəqil,özünün seçdiyi nümayəndələri vasitəsilə həll edə bilməsi beyinlərdə yaranacaq belə ironik düşüncələrdən  uzaqlaşdırır!…
Avropanın tanınmış simaları ətrafında bir faktı da qeyd etməyi lazım bilirəm.
Ötən əsrin axırlarından başlayarq Joze de Saramaqo-(Portuqaliya yazıçısı və şairi, Nobel mükafatı laureatı) vaxtının çoxunu beynəlxalq forumlarda iştiraka sərf edir. O, çıxışlarında Avropa Birliyini, Beynəlxalq Valyuta Fondunu dəfələrlə kəskin tənqidlərə məruz qoyur. 2002-ci ildə isə daha bir hərəkəti ilə, həqiqətən, dünya miqyaslı qalmaqal yaradır. İordan çayının qərb sahilinə səyahətə çıxan yazıçı yəhudi sionistlərinin Fələstin torpaqlarında yaratdığı vəziyyətlə alman faşistlərinin Osvensim həbs düşərgəsində yaratdığı vəziyyəti  müqayisə etməklə dünya yəhudilərinin qızğın etirazına səbəb olur və İsrail höküməti onu ölkə ərazisinə buraxmaqdan imtina edir. Saramaqo isə müsahibələrinin birində bu barədə belə deyir: “ İsrail tərəfdən ünvanıma  söylənilən tənqid məni az narahat edir. İstənilən vicdanlı insan başa düşür ki, fələstinlilərin özlərinə dövlət qurmaq haqqı var. Lakin İsrail rəhbərliyinin həm beynində, həm də planlarında “Böyük İsrail” ideyası möhkəm yer tutubsa, fələstinlilərin bu istəyi necə gerçəkləşə bilər? Əgər İordan çayının qərb sahilində – məhz Fələstin dövlətinin yerləşməli olduğu torpaqlarda yəhudilər iki yüzdən artıq yeni yaşayış məskəni salıblarsa, İsrail rəhbərlərinin humanist bəyanatlarına necə inanmaq olar? O ki, qaldı tez-tez qaldırılan “islam fanatikləri” məsələsinə dair belə sual vermək olar: “Yer üzündə İsrail siyasətindən, İsrail ordusunun hərəkətlərindən daha fanatik bir şey varmı?
Onların söykəndiyi dəyərlərin qiymətini, dünyasını bu yaxınlarda dəyişmiş biokimya üzrə yəhudi professoru Yeşayahu Leyboviç  gözəl vermişdi. O, İsrail hökümətinin ideologiyasını “yəhudi-nasist” ideologiyası adlandırırdı. Birləşmiş Millətlər Təşkilatının qərarlarını cəzasızlıq şəraitində rədd edən İsraili belə vəziyyətdə nəyəsə inandırmaq, ya da onunla dialoqu davam etdirmək qeyri-mümkündür və olduqca mənasız görünür….”
Yenə keçmişə istinad edirəm. Qədim insanlar sərt ətraf mühitdə yaşadıqlarına görə, təbiət və xasiyyətcə də sərt olublar. Onlar hər gün yaşadıqları ətrafda yabanı meyvələr toplayır, aclığını aradan qaldırmaq üçün köçəri həyat keçirməyə  məcbur olurdular. Tədricən qəbilələr yarandı. Sözün həqiqi mənasında qəbilə böyük bir ailənin əyani təzahürü kimi qəbul  edilirdi.Birlikdə yaşayır və birgə həyat tərzi ümumi təhlükəsizliyin təmin olunmasına da güvənli bir zəmin yaradırdı. Ümumi rifah naminə  bir yerdə yaşamaq “Ubutu” və ya “Bir nəfər hamı üçün, hamı bir nəfər üçün!” prinsipinin canlı əfsanəsinə çevrilmişdi . Sonralar əkinçiliyin yaranması və inkişafı ilə böyük bir fasilə yarandı . Əkinçiliklə məşğul olmaq  ictimai-iqtisadi formasiyada  da,dəyişikliyə səbəb oldu. İnsanlar  yaşamaq uğrunda  torpaqdan məqsədli istifadəni,ovla məşğul olmaqdan daha çox önəm kəsb etdiyini dərk etdilər. Torpağı becərmək oturaq həyat tərzinə  keçidi şərtləndirdiyindən ,əziyyətlə  əkib becərdiyi torpaq sahəsindən  kənarda  yaşamaq vərdişindən  artıq uzaq oldular.Tədricən kəndlər və şəhərlər yarandı.
Amma əkinçiliyin inkişafı  başqa çətinliklərin meydana gəlməsinə  səbəb oldu. Əkilən torpaq sahələrini nəzarətdə saxlayan və işin təşkilinə rəhbərliyi həyata keçirənlər ortaya çıxdı.. Necə deyərlər “müftəxorlar” peyda oldu.Həyat ovçuluqla məşğul olan dövrdən də, çətinləşməyə başladı. İnsanların bir qismi əziyyətə tab gətirməklə tarlada çalışır, müəyyən qrup isə heç bir iş görmədən varlanır,zəhmətsiz gəlir əldə edirdilər.Torpaq və onu becərənlər üzərində hökmranlıq edənlər tədricən güclənərək mənsəb sahibləri -patriarx, hökm edənlər, çar və aristokrat adlanırdılar.Məhz onlar hakimiyyətdə və əldə edilən gəlirin bölgüsündə üstünlüyə malik idilər. Beləliklə  cəmiyyət  varlılara, torpağı min bir əziyyətlə becərənlər isə yoxsullara  bölündü. Ağalar, qullar dünyası  yarandı. Kasıbın, kəndlinin, kölənin, ismi olmaz,- deyirlər. Sahibi onu necə istəsə çağıra bilər. Belə insanların istəyi də ola bilməz. Nə verərlərsə, onu da yeyər. İnsanların əksər qismi “danışan alət”ə çevrilirdi.Müəyyən dövrdən sonra isə tənbəl həyat yaşayan və heç bir əziyyət çəkmədən izafi dəyər əldə edən belə təşkilatçılar əvvəlki kimi öz işlərinin öhdəsindən gələ bilməsələr də, torpaq becərən zəhmətkeşlərin əməyindən daha çox gəlir əldə etməyə başladılar. Onların düşüncəsinə görə , “başqasının əməyinə sahib çıxmaqla” yaşamaq, həyat tərzinin ən rahat üsuludur. Əkinçilik tədricən cəmiyyəti köklü surətdə dəyişdikcə “azadlıq hüququ” da önəm kəsb etdi. Cəmiyyətdə müxtəlif siniflər əmələ gəldi. Artıq ,hamı təkcə əkinçiliklə yox, başqa sahələrdə, müxtəlif  peşə və sənət növü ilə məşğul olmağa başladılar. Amma hakimiyyət hərisliyi mahiyyətinə, forma və  məzmununa görə dəyişmədi, güc də əvvəlki kimi təşkilatçıların və əkinçiliyə nəzarət edən azlığın əlində qaldı.
Cəmiyyət dəyişdikcə yaşamaq uğrunda  tələbat və istəklərə  uyğun  yeni kəşflər ortaya çıxdı. Fabrik və zavodlarda  buxarın kəşfi müəssisələrdə dəzgahları, gəmiləri və dəmir yollarında paravozları hərəkətə gətirdi. Bu,çox böyük inkişafın  əsasını qoydu. Fabriklərdə istehsal nəticəsində əldə edilən məhsul, təbii ki, əl əməyi ilə əldə edilən  gəlirdən  daha asan və ucuz başa gəlir,dəmir yolu ilə daşınan  yük ünvana daha tez çatırdı. Qeyd olunanlar böyük dəyişikliklərin  əyani  sübutu idi. Və zaman dəyişdikcə  sərvət sahiblərinin sayı da  artdı. Təəccüblə qarşılanan hal ondan ibarət  idi  ki, istehsalın inkişafı varlı təbəqəsinin çoxalmasına təsir etdiyindən,kasıb  və yoxsulların , imkansızların miqyasının   böyüməsinə  şərait yaratdı.Çoxa sahib olanlar, “Bu onların haqqıdır,” – kimi düşünürdülər.
Hindistanın müstəqilliyi uğrunda mübarizənin önündə  duran, görkəmli siyasi və dövlət xadimi – ölkənin ilk Baş naziri olmuş Cəvahirlər Nehru  (XX yüzilliyin  “Avtobioqrafik” əsərlərinin ən yaxşı nümunəsi kimi qəbul edilib) həbsxanadan qızı İndraya göndərdiyi məktubların birində yazır: “Təəccüblüsü odur ki, qızım, insan cəmiyyətlərində heç bir işi görməyən sinfi təbəqələr özgənin zəhməti hesabına əldə edilən məhsulun “qızıl hissəsinə – çoxluğa” nail olurlar. Bilirsənmi, belələri cəmiyyətdə həm də şərəf və ləyaqət sahibidirlər. Bəziləri elə düşünür ki, yaşamaq üçün çalışmaq onlara aşağılıq gətirir…”.  Zəhmətsiz gəlirə malik olmaq bu tip insanların həyat kredosudur. Lakin torpaq sahələrində tər tökən kəndlinin, zavod və fabriklərdə çalışan fəhlələrin, yoxsul və kasıblardan ibarət bir ordunun  qazandığı gəlirə sahiblik  hüququ yox idi…
Dünya ictimaiyyəti bu gün hər yerdə “Azadlıq” istəyir. Əgər dünya  və onun mənsub olduğu BMT” Azadlığ”ı  Beynəlxalq hüququn tanınan prinsipləri ilə mütləq deyil,nisbi mənada  təmin edə və bu ziddiyətlərə son qoya bilmirsə deməli,o İlahi dəyərin hər hansı  bir anlamı   və gücü  olmadığından  xaotik vəziyyət davam edəcək. Azadlıq və hüquqlar haqqında  cild-cild kitablar yazılı(r)b, idarəçilik siyasəti və incəsənətinə dair akademik məqalələr ışıq üzü görü(r)b, amma  dünya iqtisadiyyatının  ədalətsiz durumu  başqa istiqamətə-silah istehsalına,müharibələrə səmtlənib.Bəşəriyyətin Layiqli həyat səviyyəsinin ,insan və vətəndaş hüquq və azadlıqlarının təmini,habelə rifah halının yaxşılaşdırılması unudulur.Bu gün dünyanın gözü qarşısında acından ölənlərin sayı artmaqda davam edir…
Karl Marksın məşhur bir ifadəsi diqqət çəkir: “Cəmiyyətdə şüur iki halda deformasiyaya uğrayır : Birinci halda,-Cinayət  var, cəza isə  yoxdur.İkinci halda ,- Cəza var,cinayət  yoxdur”.
Müasir anlamda  patriarxal (patriarxal-hökmranlıq, başlanğıc; müasir anlamda hakimiyyətdə üstünlüyün yaşlı kişilərdə olduğu sosial sistem)  təbəqənin  əlində cəm olduğu  patriarxal idarəçilik sistemində  Transmilli Mütəşəkkil Cinayətkarlığın,Terrorun və Terror qruplarının,Narkoticarətin,Qanunsuz silah alverinin,korrpusiyanın olub, cəzanın olmamasının təzahürü kimi dəyərləndirmək olar.
200 il bundan əvvəl tanınmış bir fransız şairi və dramaturqu, filosof Volter Fransua Mari Aruye baş verən siyasi baxışlar ətrafında belə fikir açıqlayıb:“Onlar (başqalarının zəhməti hesabına,varlananları nəzərdə tutur) özlərinin incə siyasətilə başqasının  zəhməti  hesabına varlandıqları insanları acından ölməyə və əzab çəkməyə vadar edən bir üsul kəşf etmişlər .Bu üsul yalnız azlığın marağına xidmət edir”.
Yenə keçmişə istinad edirəm.Vəziyyəti ağırlaşdıran çətinliklər həmişə olub.Qədim zamanlarda ulularımız təbiətdən qorxu hissi ilə yaşayıb, bəzən onu ilahiləşdirib, hətta qurban da verərdilər. Bəzən də, təbiət vəhşi yırtıcıya bənzədildiyindən onu oxşamaq və nazlamaq lazım gəlirdi.Şimşək və ildırımın, epidmeyaların qarşısını almaq xatirinə qədim insanlar yalnız can qurban verməyi üstün tutardılar.Müəyyən qrup qədim insanlar günəşin və ayın batmasını böyük bədbəxtlik kimi qəbul edərdilər. İnsanlar günəşin və ayın batmaması üçün dualar edər, nəzir-niyaz verərdilər. Amma bu iki planetin qürub etməsini ilahi həqiqət olduğunun fərqində olmamışlar.
Tədricən təfəkkürün inkişafı sənət və incəsənət aləmində  inkişafa səbəb oldu. Dünyada əhalinin sayı artdıqca, insanlar  təhlükələrdən qorunmaq və birlikdə inkişaf etmək üçün bir-birlərinə yaxın ərazilərdə məskunlaşmağa başladılar. Müəyyən məsələlərin həllində birlikdə məsləhətləşib umumi marağa söykənən işlər görməyə məcbur oldular. Bir yerdə,bir ərazidə yaşamağa qarşılıqlı diqqət artdı,həmkəndlisinə, qonşuya zidd olan münasibətlərə qarşı durdular. Bir növ ümumi rifah daha çox əhəmiyyət kəsb etməyə başladı. Bu mənada ailə cəmiyyətin çətin qazanılan əsas özəyi kimi dəyərləndirildi,ailəyə daha çox önəm verildi. Ailədə xoşbəxt, asudə və dinc yaşamaq ,bir-birlərinə hörmətlə yanaşmaq,-fikri şüara çevrildi.Bu, kiçik dövlətdə qarşılıqlı sevgiyə,hörmət və ehtirama geniş imkanlar yarandı. Amma yenə belə bir özəkdə  baş verən anlaşılmazlıq, münaqişələr və ayrı-seçkilik hallarının dairəsi böyüyüb  cəmiyyətlərdə, şəhərlərdə, dövlətlər və xalqlar arasında da yayılmağa başladı.
Sonda: Cəvahirlər Nehrunun bir sitatı ilə yazımı bitirirəm: “Əgər insan özünə sahib çıxa bilmirsə və başqalarına qarşı diqqətsiz davranırsa, mübaliğəsiz demək olar ki, o mədəniyyətsizdir”.
Geniş mənada dövlətin qonşu dövlətə,bir  xalqın digər xalqın süverenliyinə hörməti  yoxdursa, onun süveren hüququna və ərazi bütövlüyünə qəsd edirsə, yumşaq mənada mədəniyyətsizdir,qaba və kobuddur, hegemonluğunun vurğunudur.Mədəni,ədəbli və vicdanlı olmaq,hər bir xalqın milli-mənəvi dəyərlərini qorumaq isə İMANDANDIR!  İmanı olmayanın  mədəniyyəti və ədəbi də olmaz!
Şəmsəddin Əliyev
Hüquqşünas-publisist,
AYB-nin üzvü   
Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button