Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalıqının Müstəqillik Gününü təbrik edirəm.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir. Açıqlamada bildirilir ki ABŞ 32 il ərzində təhlükəsizlik və enerji əməkdaşlığı kimi sahələrdə Azərbaycanla qarşılıqlı maraq əsasında qurulmuş əlaqələri yüksək qiymətləndirir. “Biz bu sahələrdə, həmçinin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid kimi getdikcə daha kəskinləşən qlobal problemlərlə bağlı əməkdaşlığımızı dərinləşdirmək imkanını yüksək qiymətləndiririk. ABŞ Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayır və biz övladlarımız və nəvələrimiz üçün daha davamlı və dayanıqlı iqlim gələcəyini təmin etmək naminə COP-u uğurlu etmək üçün Azərbaycan hökuməti ilə işləməyə hazırıq”,- deyə açıqlamada qeyd olunub.
A.Blinken əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq Azərbaycanın demokratik inkişafına və Azərbaycan Konstitusiyasına uyğun olaraq insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı öhdəliklə paralel şəkildə davam edəcək.
“Birləşmiş Ştatlar Azərbaycanla Ermənistan arasında davamlı və layiqli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır və biz uzun müddətdir davam edən münaqişə səhifəsini bağlamaq və daha yaxşı gələcək qurmaqla bağlı bu səyləri dəstəkləməyə hazırıq. Biz əlaqəni gücləndirəcək və regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik. Azərbaycanın müstəqilliyi ilə bağlı olan bu bayramda mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm”, – deyə Antoni Blinken qeyd edib.
Polise.az