Blinken İsrail rəhbərliyi ilə Qəzzaya humanitar yardım məsələsini müzakirə edib
ABŞ-ın Dövlət katibi Antoni Blinken İsrail hökumətinin nümayəndələri ilə Qəzza zolağının sakinlərinə humanitar yardımın artırılması zərurətini müzakirə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı yüksəkrütbəli amerikalı məmura istinadla məlumat yayıb.
Dövlət katibinin səfərindən əvvəl Vaşinqton Təl-Əvivə məktub ünvanlayaraq bildirmişdi ki, İsrail davamlı olaraq ABŞ silahları almaq istəyirsə, Qəzza zolağında humanitar vəziyyəti bir ay ərzində yaxşılaşdırmalıdır.
Telekanalın məlumatına görə, Antoni Blinken səfər zamanı HƏMAS-ın əlindəki girovların ABŞ vətəndaşlığı olan qohumları ilə görüşüb. Ailə üzvləri onu 2023-cü il oktyabrın 7-dən əsirlikdə saxlanılan insanların azad edilməsi ilə bağlı danışıqları bərpa etmək üçün vasitəçi ölkələrə, xüsusən də Qətərə təzyiqi artırmağa çağırıblar.
Həmçinin bildirilir ki, müdafiə naziri Qalant Livanda yerüstü əməliyyatlar başa çatdıqdan sonra da İsrail ordusunun “Hizbullah”a zərbələr endirməyi dayandırmayacağı barədə Blinkeni xəbərdar edib.
Polise.az