BMT-nin Azərbaycan ofisində COP29-a dair dəyirmi masa keçirilib
BMT-nin Azərbaycan ofisində Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası tərəfindən COP29 Azərbaycan təşəbbüslərini dəstəkləmək və dekarbonizasiya səylərini sürətləndirmək məqsədilə dəyirmi masa müzakirəsi keçirilib. Tədbir bu ilin iyul ayında inşaat sektorunda fəaliyyət göstərən özəl şirkətlərin COP29 təşəbbüslərinə dair imzaladığı bəyannamənin icrası ilə bağlı praktiki addımların və əməkdaşlıq imkanlarının müzakirəsi üçün vörkşop formatında təşkil edilib.
Görüşdə “PMD Projects”, “Hünər Qrup”, “Kristal Abşeron MTK”, “Avant Qrup”, “UN Global Compact”, “Cəbrayıl, Qubadlı, Zəngilan BTİX”, “Pasha Real Estate Group”, “Baku City Residences”, “Aral Qrup”, “6-cı mərtəbə MMC”, UNEP, “SR Construction Co MMC”, AZCD QRUP QSC, “Alltegrity Qrup”, “Binancycle” MMC və “Ağdam Füzuli Xocavənd BTİX” kimi öncül şirkətlərin nümayəndələri iştirak edib. Müzakirələr zamanı iqlim öhdəliklərini yerinə yetirmək üçün atılacaq konkret addımlar və müxtəlif sektorlarda əməkdaşlıq imkanları geniş araşdırılıb.
Tədbirdə Alida Salehin peşəkar moderatorluğu ilə sənaye və təchizat zəncirini təmsil edən geniş spektrdə iştirakçılar yer alıb. “UN Global Compact Azərbaycan” ölkə meneceri Samir Məmmədov və onun komandası da tədbirin təşkili və keçirilməsində dəyərli dəstək göstərib.
Bu dəyirmi masa müzakirəsi COP29 məqsədlərinə nail olmaq və az karbonlu iqtisadiyyatın formalaşdırılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilib. Görüş iştirakçıları özəl sektorun belə təşəbbüslərdə aktiv rol oynamağının vacibliyini vurğulayıb və bu səylərin gələcəkdə daha da intensivləşdirilməsinin zəruriliyini vurğulayıb.
Polise.az