BMT nümayəndəsi: İqlim problemlərindən insanların başa düşdüyü dildə danışmaq lazımdır
Siyasətçilər iqlim dəyişikliyi haqqında sadə dildə daha çox danışmalıdırlar ki, hamı nə baş verdiyini tam anlaya bilsin.
Polise.az xəbər verir ki, bunu BMT-nin İqlim Katibliyinin Hesabat Ofisinin direktoru Donald Kuper bu gün Bakıda keçirilən yüksək səviyyəli dialoq çərçivəsində “İkiillik Şəffaflıq Hesabatları (BTR) milli potensialın yaradılması aləti kimi” adlı paneldə bildirib.
O, bunu belə izah edib ki, bir çox insanlar bəşəriyyətin üzləşdiyi real iqlim problemləri haqqında geniş təsəvvürə malik deyillər və əsas problem terminlər və onların mürəkkəbliyidir.
“Bir çox insanlar nədən danışdığımızı anlamır. Hesab edirəm ki, nəyə nail olmağa çalışdığımızı heç olmasa ümumi şəkildə onlara başa salmağımız çox vacibdir”, – direktor əlavə edib.
Kuper həmçinin COP29-a ev sahibliyi etdiyi üçün Bakıya təşəkkür edib. “İdeyalarımızı təşviq edən tərəflərə, eləcə də bizi irəli aparan qlobal liderə çevrildiyinə görə Azərbaycana, dünyanın daha bir il, 10 il, 50 il və s. mövcud olmasını təmin etmək yükünü daşıyanlara təşəkkür etmək istəyirəm”, – D.Kuper sonda bildirib.
Polise.az