Borc bataqlığı, dağılan ailələr, intiharla bitən ömürlər – ONLAYN QUMAR ALUDƏÇİLİYİ – ARAŞDIRMA

nternetdə, sosial mediada “Bəxt çarxını fırlat, qazan”, “Milyonçu olmaq istəyirsən?” “İndi qeydiyyatdan keç, varlan”, “Oyna və qazan” kimi kazino oyunları barədə təşviqedici reklamlar gündən-günə artmaqdadır. Mobil tətbiqlərdən istifadə edərkən də bu hala çox rast gəlinir.
Bu tip reklamlarda minlərlə insanın bu oyunda qalib olduğu qeyd edilir. İstifadəçi həmin reklama daxil olduqda onu mərc və ya qumar oyunları olan sayta yönləndirir.
Üstəlik qumar və kazino saytları məşhurların saxta videolarını hazırlayaraq istifadəçiləri bu cür oyunlara çağırır.
Onlayn kazino qumar asılılığı yaradırmı? Bu asılılığın səbəb olduğu problemlər nələrdir?
Teleqraf bu barədə araşdırmanı təqdim edir.
Onlayn kazino oyunları qanunidirmi?
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, qumar oyunlarının təşkili və ya keçirilməsinə, ölkə ərazisində belə oyunlarda iştirak üçün imkanların yaradılmasına və qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsi qanunla qadağandır.
“İnternet resursları, eləcə də informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq qumar və mərc oyunları təşkil edən şəxslərlə bağlı polisə daxil olan hər bir müraciət araşdırılır. Daxil olmuş məlumatlar əsasında polis əməkdaşları tərəfindən həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınması istiqamətində əməliyyat-texniki tədbirlər görülür.
Qeyd edim ki, sosial şəbəkələrin Azərbaycan seqmentində qanunsuz şans oyunlarının reklamı və təbliğatı, qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama işin hallarından asılı olaraq cinayət, eləcə də inzibati məsuliyyət yaradır.
Vətəndaşlara qanunsuz mərc və qumar oyunları adı altında sosial şəbəkələrdə təşkil edilən oyunlarda iştirak etməmək tövsiyə olunur”.
Qeyd edək ki, ötən il DİN “İnstagram” sosial şəbəkəsində müxtəlif anonim adlarla açılmış səhifələrin vətəndaşları internetdə qumar oyunlarına cəlb etdiklərini müəyyən edib. Məlum olub ki, dəstə başçıları 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər.
Cinayətkar şəbəkənin üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açıb və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. “Fast Loto”, “CHCPlay” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mobil qruplar şəklində kirayə götürdükləri və mütəmadi olaraq dəyişdikləri mənzillərdə Elmidar İsmayılzadə və Eldəniz İsmayılovun göstərişləri əsasında fəaliyyət göstəriblər.
Qumar oyunlarında şərti olaraq “qurban” adlandırılan şəxslər pul vəsaitlərini dəstə üzvlərinin onlara göndərdikləri bank kartlarına köçürüblər. Əməliyyat zamanı aşkar olunan 1.157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib. Axtarışlar zamanı saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2 milyon manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb.
2025-ci ilin ilk aylarında isə başqa bir fakt aşkarlanıb. Bir neçə şəxsin dəstə halında birləşərək onlayn qumar saytları açıb və ölkə ərazisində qanunsuz fəaliyyət göstəriblər. Habelə 2022-ci ildən başlayaraq “Paysis” MMC və “Pulpal” MMC-nin rəhbəri ilə sövdələşərək sonuncuya məxsus pul köçürmə sistemlərində ayrı-ayrı şəxslərin adına elektron pul kisələrinin açılaraq onlayn qumar oyunları nəticəsində əldə edilməklə həmin “kisə”lərə köçürülüb. Ümumilikdə, 161 milyon manatdan artıq pul vəsaitinin müxtəlif şəxslərin adlarına açılmış çoxsaylı kart hesablarına köçürməsi yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib. İstintaq zamanı keçirilmiş baxış və axtarışlar nəticəsində iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb.
Bu cür hallar olduqca çoxdur.
Hazırda qumarın normallaşdırılması yönündə təbliğat aparılır
Sosial psixoloq Ramil Nəcəfli qeyd edir ki, onlayn kazino oyunları sayəsində minlərlə insan qumarın qurbanı olur.
Sosioloqun sözlərində görə, hazırda cəmiyyətdə qumar oyunlarının adiləşdirilməsi, normallaşdırılması yönündə təbliğat aparılır, əslində isə, bu, bir tələdir.
“Bu oyunlar sosial mediada rahatlıqla reklam edilir və bunun insanlara çox zərərli təsiri var. Lüks həyatı, zənginliyi reklam etməklə insanlar üçün illüziya yaradılır. Təbliğatın əsas hədəfi isə işsizlər, maddi problem yaşayanlar, gənclərdir. Bu cür oyunlar təkcə fərdlərə və ailələrə yox, birbaşa cəmiyyətə zərər vurur. Nəticə etibarilə bu, borc bataqlığına, ailə münaqişələrinə, cinayətə meyillik, işsizliyin artmasına, sosial etimadın azalmasına gətirib çıxarır.
Onlayn kazino oyunları insanlara tez, sürətli şəkildə pul qazanmaq vədi verir. İnsanlar da bu tələyə düşür.
Asan yolla varlanmaq istəyi, insanlar arasındakı emosional boşluq, həyatda məqsəd hissinin olmaması, hədəfsizlik, sosial mediadakı təbliğat, “uğur illüziyaları” təbliğatı insanları psixoloji manipulyasiya edir və nəticədə şəxslər bu oyunların, tələlərin qurbanına çevrilirlər. Qumarın normal qəbul edilməsi və gənc nəslin mənəvi aşınması yolverilməzdir, bunun qarşısı alınmalıdır”.
Qumar asılılığı nədir, əlamətləri nələrdir?
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, təxminən 5,5 faiz qadın, 11,9 faiz kişi onlayn oyunlardan zərər çəkir. ÜST qumar asılılığını xəstəliklər siyahısına daxil edib.
Qumar asılılığı, adətən, diqqətdən kənar qalır, gözardı edilir və ya pis vərdiş hesab edildiyi üçün xəstəlik statusunda dəyərləndirilmir.
Həkim-mütəxəssis, psixiatr Sevinc Ərəbli qeyd edir ki, ölkəmizdə qumar asılılığı, adətən, diqqətdən kənar qalır, gözardı edilir və ya pis vərdiş hesab edilir, ancaq xəstəlik statusunda dəyərləndirilmir. Belə olduğu halda qumarbazların başqa adlarla adlandırılmasına, asılılığın pis vərdiş kimi qəbul edilib, müalicələrdən yayınmasına gətirib çıxarır.
“Asılılıqlar müasir dövrün ən ciddi problemlərindən biridir. Əksər vaxtlarda “asılılıq” dedikdə ağla ilkin olaraq narkotik maddə asılığı gəlir. Asılılıqların bir çox növləri var ki, bunlardan biri də qumar asılılığıdır. Qumar asılılığına fərqli ədəbiyyatlarda fərqli adlarda rast gəlmək olar. Qumar asılılığının əsas əlamətləri nələrdir?
1. Qumarla həddindən artıq məşğul olmaq: keçmişdə olan təcrübələri və gələcək üçün yatırımları haqqında düşünmək.
2. Eyni həyəcanı yenidən yaşamaq üçün məbləği artırmaq: daha böyük məbləğlərə mərc qoymağa ehtiyac duymaq.
3. Qumardan yayınma cəhdlərinin uğursuz olması – dayandırmaq və ya azaltmaq cəhdlərinin nəticəsiz qalması.
4. Qumar oynamadıqda həyəcan və ya əsəbilik – dayandırmağa çalışdıqca narahatlıq hissi.
5. İtirilmiş pulları qaytarmağa çalışmaq – itirdiklərini geri qazanmaq üçün daha çox qumar oynamaq.
6. Qumar alışqanlıqları barədə yalan demək – ailə və ya yaxınlardan qumarın həcmini gizlətmək və ya artıq qumar oynamadığını və ya oynamayacağına söz verdiyini bildirmək.
7. Maliyyə çətinlikləri – borc almaq, əşyaları satmaq və ya qumara görə iflasa doğru getmək.
8. Şəxsi və iş həyatının pozulması – əhəmiyyətli münasibətləri və işi gözdən qaçırmaq, ailədaxili münaqişələr.
“Oynamaq həvəsim artmışdı, içimdən bir səs …”
Bu oyunlardan zərərçəkmiş Teymur Məmmədov (ad, soyad şərtidir) da qeyd edir ki, hər şey bir-iki manatla başlayır.
“Bu cür qumar oyunları haqqında çox eşidirdim. Dostlarımla bir yerdə oturanda dedilər ki, sən də yoxla, 1-2 manatla dünya dağılan deyil. Amma elə hamısı bir- iki manatla başladı. Proqramı telefonuma yüklədim. Maraqlıdır ki, ilk dəfə oynayanda 100 manatdan çox pul uddum. Həvəsləndim, ardıcıl olaraq udmağa başladım, 960 manat pul yığıldı. Sonra hər şey dəyişdi, bu qədər qazanmaq məni daha da böyük məbləğlər qazanmağa vadar etdi və oynadıqca oynadım. Amma çox pul qoyduqca başladım uduzmağa, əvvəl qazandıqlarımı itirdim, ardınca yeni pullar qoymağa başladım. Kartımda olan pulların miqdarını belə unutdum bir ara və külli miqdarda uduzdum, 10 min manatım getdi. Əslində o pulu ailəm, müəyyən işlər üçün yığmışdım. Amma oynamaq həvəsim artmışdı, içimdən bir səs bir dəfə 960 manat udubsan, yenə də udarsan deyirdi. Düzdü, arada udduğum da olurdu, ancaq ümumilikdə 1 ilə yaxın müddətdə 80 minə yaxın pul uduzdum. Böyük miqdarda borcum yarandı. Sürücülüklə məşğul olan adamam, bu qədər borcu necə ödəyəcəkdim? Baş verənləri bir müddət ailəmdən də gizlətdim. Ancaq onlar da son vaxtlar evə nəsə ala bilmədiyimi görüb vəziyyəti başa düşürdülər. Bir dəfə mağazaya girəndə evin borclarını ödəməyimi tələb etdilər. Ancaq bunu edə bilmədim, pulum yox idi. Səsim çıxmadı. Oğluma nə deyəcəyimi, borcumuzu ödəyə bilmədiyimi deyə bilmədim. Onda özümə söz verdim ki, artıq oynamayacam.
Çox çətin günlər idi, ailədaxili problemlər, maddiyyat, borclar… Qohumlar, qonşular məni barmaqla göstərib danışırdı. Şükür, öhdəsindən gəlməyə başlamışam. Hələ bu nədi ki, məndən qatbaqat çox borca düşən, pul uduzanlar var. Tanıdığım bir neçə nəfərin ailəsi dağılıb. Ailə və qumar arasında seçim edəndə qumarı seçiblər. İntihar edənlər də az olmayıb.
Mən artıq söz vermişəm, bir daha oynamayacam”.
Qumar asılığı necə yaranır?
Bu suala da həkim-psixiatr Sevinc Ərəbli cavab verir. Psixiatrın sözlərinə görə, asılılığın yaranmasında bioloji, psixososial və fərdi xüsusiyyətlər var.
“Bioloji dedikdə neyrotransmitterlər (dofamin ifrazının artması nəticəsində həzz mərkəzi stimulə olunur, motivasiya artır) fəaliyyətə keçir və insan yenidən bu hissləri yaşamaq üçün daha əlçatan üsullar axtarır.
Psixososial səbəblər dedikdə ailə və ətraf mühit (qumar oyunları oynanan mühit və ya qumarbaz dostlar), diqqət əksikliyi və hiperaktivlik pozğunluq (DƏHP) nəzərdə tutulur.
Qumar asılılığının müalicəsi psixoterapiyadır. Əgər hər hansı psixiatrik hal komorbidliyi mövcuddursa, onda əsas xəstəlik üçün dərman müalicəsi yazılır.
Unudulan vacib məqam var: onların qazancı əslində başqasının itkisidir
“Qumar oynayan insanlar çox vaxt bir nüansı gözardı edirlər: onların “qazancı” əslində başqasının itkisidir. O uduş xəbəri gətirən pul, kiminsə son ümidlə oynadığı əmanəti, ailəsinə nəzərdə tutduğu həmin ayın maaşı, hətta bəlkə də özünün keçmişdə itirdiyi (və ya gələcəkdə itirəcəyi) son puludur. Qumar mərcində heç kəs “yaratdığı” bir dəyəri qazanmır – yalnız paylaşılan bir itkinin iştirakçısı olur. Çünki udmaq anının həyəcanı, itirməyin qaçılmazlığını bir anlıq unutdurur. Və bu dövrə hər kəs bir gün toxunur”,- həkim vurğulayır.
Sosial psixoloq Ramil Nəcəfli isə qeyd edir ki, onlayn kazino oyunlarına aludəçiliyin qarşısını almaq üçün sosial mediadakı reklam təbliğatlarına qadağa, həmin saytlara giriş məhdudiyyəti qoyulmalıdır. Məktəblərdə, universitetlərdə yeniyetmələrlə maarifləndirici görüşlər təşkil edilməlidir.
Mobil telefonlar, kompüterlər onlayn kazinoları daha əlçatan edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov qeyd edir ki, dünyada rəqəmsallaşma prosesi çərçivəsində yeni texnologiyalar, süni intellekt, proqram təminatları inkişaf etdikcə bütün dünyada bunun mənfi təsirləri kimi kazino oyunlarının əlçatanlığı meydana çıxır.
“Qumar, kazino oyunları, bu oyunlardan asılılq bütün dünyada ailələrin dağılmasına təsir edən faktorlardandır. Bu, reallıqdır. Qumar asılılığı maddi problemlərə və bunun nəticəsində ailədaxili münaqişələrə, zorakılığa səbəb olur.
Qumar asılığı eyni zamanda, narkotik maddələr və alkoqollu içki aludəçiliyi fonu da yaradır. Bu da son nəticədə insanların davranışına təsir edir, psixoloji problemlərə gətib çıxarır.
Hüquqşünasın sözlərinə görə, dünya əhalisinin 1,2 faizi qumar asılığı problemindən əziyyət çəkir.
“Mobil telefonlar, kompüterlər onlayn kazinoları daha əlçatan edib və hazırda uşaqlar da bu cür zərərli oyunlara cəlb edilir. Bununla bağlı işlər aparılır. Təkcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi deyil, Rəqəmsal İnkişaf Nazirliyi, Daxili İşlər Nazirliyi də bu problemlər mübarizə aparır.
Eyni zamanda, bu mübarizədə valideynlərin də üzərinə məsuliyət düşür. ÜST-ün statistikasına görə, dünya üzrə təxminən 5,5 faiz qadın, 11,9 faiz kişi onlayn oyunlardan zərər çəkir”.
Qumar oyunlarının təşkili hansı məsuliyyət yaradır?
Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev mövzu ilə bağlı sualımıza cavab olaraq bildirdi ki, qanunvericilikdə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür.
O qeyd edir ki, bu əmələ görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub.
“İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsinə əsasən, Azərbaycan ərazisində qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
Bundan başqa, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və (və ya) satışı, qumar oyunlarında iştirak üçün mərclərin qəbul edilməsi, pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin aparılması, uduşların ödənilməsi, uduşların, mükafatların və ya digər gəlirin verilməsi, bunların təşkili və bunlarla əlaqədar xidmətlərin göstərilməsi, müştərinin ödəniş tapşırıqlarının və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər tərəfindən icrası kimi əməllər də həmin yuxarıda qeyd edilən məbləğlərdə cərimələrə səbəb olur.
Qumar oyununda iştirak etməyə görə də inzibati məsuliyət nəzərdə tutulub, qumar oynayan şəxslər oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir.
Qumar oyunlarının təşkili və ya keçirilməsi Cinayət Məcəlləsinin 244–1.1-ci maddəsi ilə də cinayət məsuliyyətinə səbəb olur.
Bu əmələ yol vermiş şəxslər beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər, təkrar törədildikdə, internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, xeyli miqdarda gəlir əldə etməklə törədildikdə isə daha ağır cəzalar tətbiq edilir: on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə. Həmin əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda gəlir əldə etməklə törədildikdə isə üç ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə isə dörd ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Burada “xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə isə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür”.
Onlayn kazinolar sizin kart, İP kimi şəxsi məlumatlarınızı oğurlaya, internetdə sərgiləyə, hətta sata bilər.
İT mütəxəssisi Tehran Bayramov deyir ki, onlayn qumar oyunlarında vəsait artırmaq üçün kart ödənişi zamanı platforma sahibi sizin kart məlumatlarınızı istədiyi kimi yadda saxlayıb yenidən vəsait çıxara bilər.
“Bundan başqa, təhlükəsiz olmayan platformalar texniki olaraq kibertəhlükəsizlik baxımından boşluqlarla dolu olduğu üçün kiber cinayətkarlar onlayn kazinodan istifadə edən müştərilərin fərdi və bank məlumatlarını əldə edib qara bazarda satışa çıxara bilərlər”.
Görünən odur ki, şirnikləndirici reklamlarla insanları özünə çəkən bu cür oyunlar əslində insanları çox təhlükəli, amansız bir yola sürükləyir, sonu külli miqdarda borclanma, dağılmış ailə, yalnızlıq və intihardı.