Borçalıda gürcülərlə azərbaycanlıar arasında nifaq salmaq meyilləri: şeyx dindirildi

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Müsəlmanların Ali İdarəsinin rəhbəri, şeyx Mirtağı Əsədovu ötən həftə Kvemo-Kartli və Kaxetiya bölgələrində etnik azərbaycanlılarla gürcülər arasında nifaq salmaq cəhdləri işi üzrə dindirib.

Virtualaz.org Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, Mirtağı Əsədova əsasən Nəriman Nərimanovun heykəlinin restavrasiyası ilə bağlı suallar veriblər.

Xəbər verildiyi kimi, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti etnik azərbaycanlıların yaşadığı bölgələrə gürcü-azərbaycanlı münaqişəsi başlatmaq cəhdləri ilə bağlı cinayət işi qaldırıb. İstintaq çərçivəsində iyunun 6-da Gürcüstan Müsəlmanlarının Ali İdarəsinin rəhbəri Mirtağı Əsədov dindirilib.

Dindirmə 4 saata yaxın çəkib, yekunda Mirtağı Əsədov jurnalistlərə bildirib ki, detalları açıqlamamaq barədə iltizam verib. Bununla belə o, təhlükəsizlik xidmətinin əməkdaşlarının verdikləri bəzi suallar barədə danışıb.

“Əsas suallar regionla bağlı idi, amma mən detalları açıqlamamaq barədə sənəd imzalamışam. Suallar regiondakı cari vəziyyətlə, o cümlədən Nərimanovun heykəli ətrafında hadisələrlə bağlı idi”,-o deyib.

Gürücstan Təhlükəsizlik Xidmətinin mayın 30-da yaydığı bəyanatda deyilirdi ki, Kvemo-Kartli və Kaxetiya bölgələrində qəsdən etnik gürcülərlə azərbaycanlılar arasında münaqişə yaratmaq istəyən adamlar var. “Bu adamlar patriotik motivlərlə neqativ publik bəyanatlar verirlər. Bu da etnik azərbaycanlıların dinc yaşayışına təhlükə yaradır”,-bəyanatda deyilir. Təhlükəsizlik Xidməti regiondakı vəziyyətlə bağlı irqi ayrıseçkilik maddəsi ilə iş qaldırıb.

Gürcüstandakı “Azərbaycanlı qadınlar ittifaqı” adlı QHT-nin rəhbəri Leyla Süleymanova “Kavkazskiy uzel”ə deyib ki, hazırda Marneulidə həyat öz axarı ilə davam edir, ancaq müəyyən gərginlik hiss olunur. Onun sözlərinə görə, bu gərginlik Marneulinin mərkəzində Nəriman Nərimanova heykəl qoyulması ilə bağlıdır.

Mayın 24-də Gürcü pravoslav kilsəsinin keşişlərindən biri heykəlin sökülməli olduğunu deyib. Heykəl ötən əsrin 70-ci illərində qoyulmuşdu və o vaxtdan bəri baxımsız qalmışdı, restavrasiya olunmamışdı. Hakimiyyət Gürcüstanda faşist və sovet simvollarını qadağan etdiyi üçün heykəlin sökülməsi məsələsi gündəmə gəlib, lakin Marneuli sakinləri etiraz aksiyası keçiriblər. Nəticədə hakimiyyət heykəli restavrasiya edib. Yerli azərbaycanlılar heykəli ona görə saxlamaq istəyirlər ki, Nərimanov Marneulidə anadan olub. “Çoxları onu öz həmyerliləri sayır və deyirlər ki, Nərimanov digər sovet xadimləri kimi o qədər də mənfi şəxsiyyət olmayıb”,-Süleymanova bildirib.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button