Boyuna qurban olum, Azərbaycan əsgəri Dünyanın ən mübarək qələbəsi sənindir – Məmməd İSMAYIL

Üç-dörd ay bundan öncə saytlardan birinə verdiyim müsahibədə, sanki içimə dammış kimi demişdim: Mən məğlub millətin məğlub şairi kimi dünyadan köçməyəcəyəm. Səsimi duyan Tanrıya şükürlər olsun. Və dualarım Qarabağımızı qanı, canı bahasına işğaldan azad etməkdə olan igidlərimizlədir. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün Azərbaycan türklərinin gözü, qulağı Azərbaycanda – Qarabağdadır. Allah yar və yardımçımız olsun… 

Boyuna qurban olum, Azərbaycan əsgəri
Dünyanın ən mübarək qələbəsi sənindir

Bu Vətənin nəyi var – azı-çoxu döyüşür,
Dağı, daşı, torpağı, varı, yoxu döyüşür.
Neçə şəhid igidin nakam ruhu döyüşür,
Bir əsgərə çevrilir burda hər məzar daşı,
Qürur yerim, nə yaxşı başlatdın bu savaşı…

Ocağının başına çıxmağa yad gözləmə,
Dur, ayaqdan başa çıx, başqa imdad gözləmə.
Andın vətənin andı qeyri bir and gözləmə, –
Adın Vətən adıyla çəkilərsə yanaşı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.

Bu insan dənizində hər insan bir adacıq,
Doğmaca yurdumuzu viran qoydu yad acıq.
Haqdı səni səsləyən haqq üçün cihada çıx,
Yürü, igid səfinin nə arxası, nə başı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.

Beşcə kəlmə sözüm var, canım ey cavan əsgər,
Yoluna uğur deyim, Xan Eyvazım, xan əsgər.
Boyuna göz dikmişəm, boyuna qurban, əsgər
Bu hücumun sonunda ölüm var uzaqbaşı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.

Ağzımda haqq deyirəm, bu haqq səsi sənindir,
Hələ haqqın nahaqla bəhsəbəhsi sənindir,
Dünyanın ən mübarək qələbəsi sənindir,
Bu qələbə yolunda nə dayan, nə yavaşı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.

Mənbə
edebiyyatqazeti.az
Hamısını Göstər

Related Articles

Back to top button