Bu gecə Rusiyanın bir neçə regionu, həmçinin Krım hücuma məruz qalıb: 4 yaşayış məntəqəsi təxliyə edilir
Ötən gecə Rusiyanın Belqorod, Bryansk, Kursk və Lipetsk vilayətləri hücuma məruz qalıb. 2014-cü ildə işğal olunmuş Sevastopol şəhərinin sahilinə isə ekipajsız katerlərin həmləsi qeydə alınıb.
Polise.az xəbər verir ki, bu barədə Belqorod, Bryansk, Kursk və Lipetsk vilayətlərinin qubernatorları və Sevastopol şəhərinin qondarma rəhbəri teleqramda bildiriblər.
Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Belqorod vilayətinin Ukrayna Silahlı Qüvvələrinin “kütləvi hücumuna məruz qaldığını” bildirən regionun qubernatoru Vyaçeslav Qladkov hava hücumundan müdafiənin 29 ədəd PUA-nı zərərsizləşdirdiyini açıqlayıb. Onun sözlərinə görə, hücum nəticəsində yaralanan olmasa da, bir sıra yaşayış yerlərinə, həmçinin sənaye müəssisəsinə ziyan dəyib.
Belqorod və Kursk kimi Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Bryansk vilayətinin səmasında isə dörd PUA vurulub. Qubernator regionda itki və dağıntının olmadığını bildirib.
Hazırda bir qismi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan Kursk vilayətinin qubernatoru Aleksey Smirnov isə regionun PUA təhlükəsi altında olduğunu bildirsə də, mümkün hücumun fəsadları barədə yazmayıb. Eyni zamanda, sosial şəbəkədə regionun Rılsk rayonunda güclü yanğına dair görüntülər yayılıb. Qondarma Donetsk Xalq Respublikasının sabiq nazir müavini Daniil Bezsonov yanan obyektin hərbi texnika olmasına işarə edib: “Kolonun vurulduğu bildirilir…”.
Vəziyyətin gərginləşdiyi digər regionlardan biri də Lipetsk vilayətidir. Regionun qubernatoru İqor Artamanov Lipetskin kütləvi dron hücumuna uğradığını, enerji infrastrukturu obyektinə ziyan dəydiyini açıqlayıb. Onun sözlərinə görə, elektrik verilişində pozuntular qeydə alınıb: “Mülki tikintilərdən uzaqda partlama təhlükəli obyektlərin detonasiyası olub. Bütün fövqəladə xidmətlər hadisə yerindədir. PUA-nın düşməsi nəticəsində enerji infrastrukturu obyekti zədələnib. Elektrik təchizatında fasilələr var”. O, Lipetsk dairəsində fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edərək regionun yaşayış məntəqəsinin təxliyə edildiyini bildirib. “Partlama təhlükəli obyektlərin detonasiyasının fəsadlarını aradan qaldırmaq üçün Lipetsk bələdiyyə dairəsi ərazisində fövqəladə rejim tətbiq edilir”. Bundan başqa, sosial şəbəkədə regionun aerodromunda güclü partlayışların olduğuna dair məlumatlar yayılıb.
2014-cü ildən bəri işğal altında qalan Krım yarımadasındakı Sevastopol şəhərinin qondarma qubernatoru Mixail Razvojayev şəhərin həm sudan, həm də havadan hücuma məruz qaldığını deyib. Onun sözlərinə görə, azı iki ekipajsız kater vurulub. Eyni zamanda, bir neçə hava hədəfinin zərərsizləşdirildiyini vurğulasa da, dəqiq sayını və fəsadlarını açıqlamayıb. Sosial şəbəkədə isə yarımadanın Çornomorske şəhərində partlamanın olduğu bildirilib.
Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.
Polise.az