Bu görüş nəzərdə tutulmamışdı: Əliyev görüşdü və dərhal…
İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin Bakıya səfəri ilə bağlı çox maraqlı bir nüans var: Lindenin görüşləri 15 martda başlamalı idi, həm də XİN rəhbəri və Milli Məclis spikeri ilə.
Elə ötən gün İrəvana səfəri barədə yayılan məlumatda da 16 martda Ermənistan XİN rəhbəri ilə görüşəcəyi bildirilib.
Lindenin hər iki ölkəyə səfərində dövlət başçıları ilə görüş haqda bir kəlmə də məlumat yox idi.
Amma biz nə gördük?
14 martda – yəni rəsmi açıqlamaya əsasən, görüşlərinin başlayacağı gün yox, gəldiyi gün – Prezident İlham Əliyev Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşür. Görüş zamanı Prezidentin ilk sözü isə bu olur: “Xoş gəlmisiniz, xanım nazir. Sizi görməyə çox şadam. Bizim təkbətək danışmaq imkanımız oldu, indi isə nümayəndə heyətlərinin iştirakı ilə görüşürük…”
Prezident nəinki nümayəndə heyətini qəbul edib, hətta ATƏT-in fəaliyyətdə olan sədri ilə təkbətək görüş də keçirib!
Ann Lindenin 15 martda – çox böyük ehtimalla gecə saatlarında – Ermənistana səfər edəcəyi də açıqlanmışdı. Rəsmi məlumatda Lindenin Ermənistan prezidenti və ya baş nazirlə hər hansı görüşünün planlaşdırıldığı barədə heç bir məlumat yoxdur. Ancaq artıq Bakı görüşlərindən sonra İrəvanda da “görüş dəyişikliyi” mümkündür – doğrudur, bu görüş Lindenin Ermənistana getdiyi gün baş tutmasa da…
Görünür, İlham Əliyev Ann Linde ilə şəxsən görüşdü, “görüş proqramını” dəyişdi və Bakıdan birbaşa İrəvana gedəcək ATƏT sədrinə qarşı tərəflə keçirəcəyi görüşdən öncə Azərbaycanın rəsmi mövqeyini və sözünü birbaşa özü dedi!
Bu fakt Prezident İlham Əliyevin Ann Linde ilə nitqini incələməyin əsasını təşkil edir. Çünki
İlham Əliyev heç nəyi təsadüfən demir!
Prezidentin Linde ilə görüşündəki qısa nitqi əslində strategiyasının görüntüləri idi. Ən çox diqqəti çəkən mesajları isə budur:
1. Sizin səfərinizə böyük əhəmiyyət veririk. ATƏT Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilatdır. Beləliklə, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Bu gün sizinlə gələcək işlərin necə qurulması ilə bağlı fikirlərimizi müzakirə etdik. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür.
Prezident bu sözlərlə əsas strategiyasını açıqlayır: savaş bitdi, buna qayıtmağa və müharibənin nəticələrinə təsir etməyə kimsə cəsarət etməsin və ümumiyyətlə, bu səhifə QAPАNDI!
Və biz bundan sonrakı məsələləri müzakirə etməliyik: iqtisadi inkişaf, əməkdaşlıq, regionun gələcəyi.
2. Prezident həmin məntiqlə davam edir: “Bizə gəlincə, biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq”.
İlham Əliyev açıq şəkildə bildirir ki, artıq hədəfimiz fərqlidir, sizin dəstəyinizi də bu istiqamətdə gözləyirik.
3. “Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq”.
Yəni: Ermənistan artıq 10 noyabr və 11 yanvar bəyanatlarını imzalayıb, müharibənin nəticələrini tanıyıb, biz artıq kommunikasiyaların açılması prosesindəyik.
Və sonuncu: Yuxarıda dediyi fikir ümumiləşdirilir:
“Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in (yəni birbaşa sizin!) qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik”.
Prezident İlham Əliyevin cəmi bir neçə cümlədən ibarət olan bu sözlərinin hər biri ayrıca ismarış, proqram, yol xəritəsidir. Bircə əlavə söz, məqsəddənkənar ifadə, müəmmalı və müzakirə yaradacaq ehtimal, qarşı tərəf üçün heç bir “əlyeri” yoxdur. Bütün sözlər ən dərin altmənasına qədər düşünülüb və ortaya PROQRAM qoyulub.
Diqqət edin: Prezident ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşür, amma bircə yerdə də “Dağlıq Qarabağ” sözünü işlətmir;
Prezident ATƏT sədri ilə müzakirə aparır, ancaq ənənəvi qəlibə çevrilən “klişe”dən istifadə etmir: “Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” ifadəsi yerinə “ATƏT Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilatdır” sözünü işlədir.
Prezident ATƏT sədri ilə görüşdə bir dəfə də olsun “ATƏT-in Minsk Qrupu” adlı qurumun mövcudluğunu belə xatırlatmır.
Sadəcə, ideal diplomatiya, olduqca incə siyasət, hər imkandan maksimum istifadə və bəhrə…
Əlbəttə, Ann Lindenin diplomatik cavabında müəyyən elementlər vardı və onları “müzakirə imkanlarını saxlamaq üçün cəhd” kimi dəyərləndirmək mümkündür.
Ancaq kim deyir ki, hamı dərhal rəsmi Bakının istəyi ilə yüz faiz razılaşıb, dəstəkləyəcək. Əsas məsələ prinsipiallıq, davamlılıq və milli hədəflərə istiqamətlənmiş yolu ən xırdalığına qədər düşünüb getməkdir.
Prezident İlham Əliyevin ATƏT sədri Bakıda digər yüksəksəviyyəli görüşlərini davam etdirərkən Füzuli və Xocavəndə yola düşməsi də mütləq şəkildə diqqətə alınmalıdır. Çünki
İlham Əliyev heç nəyi təsadüfən etmir
İlham Əliyev Linde ilə görüşünün ardınca işğaldan azad olunmuş torpaqlara səfərinin həm Bakıdakı ali qonaq, həm də Avropa tərəfindən daha diqqətlə incələnəcəyinin də fərqindədir.
Əlbəttə, bütün siyasi vaxt nizamlanmaları, planlaşmalar hamısı ölçülüb-biçilir.
Prezident tələsir, hamını da tələsdirir: biz başlamışıq, biz bərpa edirik, biz qururuq!
Düşmənin viran qoyduğu əraziləri bir-bir, həm də Birinci xanımın əli ilə çəkib dünyaya göstərir, danışır, tarixləşdirir, arxivləşdirir və bütün bu soyğunçuluğun cəzasının olacağını hər dəfə hər kəsin beyninə həkk edir!
Eyni zamanda bu quruculuq prosesinin maksimum sürətləndirmək üçün mümkün olan hər şeyi edir.
Prezident ən qısa müddətdə bu tarixi missiyasını tamamlamaq, məcburi köçkün anlayışını “eks”ə çevirmək, o yurd yerlərinə həyat vermək istəyir.
Prezident bilir ki, Xankəndi, Xocalı üzərində suverenliyimizin bərpası da bundan keçir.
İlham Əliyev Xankəndi üzərində nəzarəti qaytarmaqda yalnız qərarlı deyil, həm də bu istiqamətdə Proqrama, aydın Yol xəritəsinə, dəqiq Milli strategiyaya sahibdir.
Ona görə bütün fəaliyyətini quruculuq işlərinə fokuslandırıb.
Bu, həm də deyəsən bütün xalqa bir ismarışdır: Qarabağda “tikinti bumu”na hamı hazır olmalıdır – yeri gəlsə, maddi çətinliyinə, əziyyətinə, zəhmətinə də dözməliyik!