Bu ilin üç ayı ərzində narkotiklərlə bağlı 2443 cinayət faktı aşkarlanıb – HESABAT

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-mart aylarının yekununa dair məlumat yayılıb.

Bu barədə Teleqraf-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.

Məlumata görə, 2026-cı ilin yanvar-mart ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2443 cinayət faktı aşkarlanıb.

Onlardan 549-u narkotik vasitələrin qanunsuz satışı, 1889-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 4-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 896 kq 808,712 qram və 17 ədəd həb narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 477 kq 653,24 qramını marixuana, 171kq 664,846 qramını heroin, 57 kq 520,39 qramını tiryək, 160 kq 241,04 qramını həşiş, 6 kq 536,7 qramını digər narkotik vasitələr və 23 kq 192,496 qramını psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 15 ədəd çətənə bitkisi və 17 həb psixotrop maddə aşkar edilərək götürülmüşdür.

Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 896 kq 808,712 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 75 milyon 978 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1044 nəfər cəlb edilmiş, onlardan 13 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 13 xarici ölkə vətəndaşından ümumilikdə 112 kq 789,853 qr və 17 ədəd müxtəlif növ narkotik vasitələr götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 44 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 759 kq 474,815 qr narkotik vasitə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 54-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 625 kq 285,9 qr narkotik vasitə və psixotrop maddə və 1,2 qr güclü təsir edən maddə müsadirə edilmişdir. 500 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 454 kq 500,9 qr müxtəlif növ narkotik vasitə müsadirə edilmişdir.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-mart ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 118, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 251 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 691 kq 798,93 qr artmış, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 14 fakt, qrup halında olan cinayətlərin sayı 2 fakt, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktlatın sayı 2, digər cinayətlərlə əlaqədar faktların sayı 1 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 24, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 15 nəfər azalmışdır.

2025-ci ilin yanvar-mart ayı ilə müqayisədə 2026-cı ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış digər narkotik vasitələrin çəkisi 14 kq 565,067 qr (69%), psixotrop maddələrin çəkisi 32 kq 894,117 qr (58,7%) azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 2 ton 477 kq 653,24 qr-nı (85,5 %) marixuana təşkil etmişdir. Onun da 1 ton 949 kq 312,6 qr qramı (78,6%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 528 kq 340,64 qramı (21,3 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir narkotik vasitələrdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 30 yanvar 2026-ci ilin tarixdə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən 25 məhkəmə və istuintaq qərarları əsasında barəsində məhvetmə qərarı qəbul edilmiş 858 kq 620,899 qr, 22139 ədəd həb, 1056 ampul narkotik vasitə, psixotrop maddə və 4745 ədəd həb, 240 paket güclü təsir maddələr yandırma üsulu ilə məhv edilmişdir.

Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 8 rayon və şəhərdə 380 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 6 kq 574,623 qr müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin və 19 ədəd həb güclü təsir edən maddənin məhv olunması təmin edilmişdir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 21944 nəfər istiqamətləndirilmişdir.Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1527 nəfərdən 736 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 276, QİÇS-lə Mübarizə Mərkəzində 297, Sumqayıt Narkoloji Mərkəzində 125 nəfər) 698 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2026-ci ilin mart ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 15 (4,2%)nəfəri inyekson narkotik istifadəçisi olmuşdur.

2026 ilin yanvar-mart ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 183 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 16-ı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 16-sı narkotik asılılıqdan müalicə, 151-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 32 məktub ünvanlanmışdır.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

2026-cı ilin yanvar-mart ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 39 tədbir (24 maarifləndirici və təşkilati tədbir, 15 maarifləndirici sosial aksiya) təşkil edilmişdir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button