“Bu işlərin başında dayanan Nəcməddin Sadıkovdur!” – “Onun kadrları hələ də vəzifələrdə qalırlar və…”
Sabiq hərbi polis rəisi: “Onun həbsi üçün vəzifədə olduğu müddətdə də, indi də kifayət qədər əsas var….”
Müdafiə Nazirliyində həbs olunanların sayı itib. Son 1 ay ərzində nazirliyin əsasən maliyyəçiləri istintaqa cəlb olunmaqdadır. Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində Nazirliyin Mənzil İstismar İdarəsinin keçmiş rəisi Fikrət Mirzəyev də tutulub. O da digər həbs edilən vəzifəli şəxslər kimi xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Fikrət Mirzəyevin həbsinə qədər isə Nazirliyin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə və Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov tutulublar. Hazırda Hərbi Prokurorluqla birgə istintaq davam etdirilir. Belə məlumatlar var ki, aparılan istintaqla hazırda xidmətdə olan və tərxis olunmuş yüksək vəzifəli şəxslərin cinayətə bərabər əməlləri də üzə çıxarılıb.
Silahlı Qüvvələrin Hərbi Polisinin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov nazirlikdəki həbslərlə bağlı “Yeni Müsavat”a açıqlamasında həbslərin miqyasının böyüyəcəyini istisna etmədiyini deyib: “Sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun bu gün də orduda kadrları var. Nə baş verirsə, bu haqda məlumatları ona ötürürlər. Vətən müharibəsindən əvvəl Nəcməddin Sadıkovun Müdafiə Nazirliyində korrupsiya, rüşvətxorluqla bağlı əməlləri tez-tez mətbuatda yazılırdı. Müdafiə Nazirliyinin Maliyyə İdarəsindəki həbslərin hamısı daha çox keçmişə qaynaqlanır. İnanmıram ki, DTX onları bu gün aşkarlayıb. Fikrimcə, bunlar çoxdan nəzarətdə idi. Onlar haqqında qəti qərar qəbul olunması üçün materiallar toplanırdı və nəticədə həbslər gerçəkləşdi. Nəcməddin Sadıkova bağlı kadrlar illərlə Azərbaycan ordusunun zəiflədilməsi ilə məşğul olub, bunun üçün külli miqdarda yeyintilərə yol veriblər. Müdafiə Nazirliyində Büdcə və Maliyə İdarəsinin rəisi sırf Nəcməddin Sadıkovun birbaşa dəstəyi ilə təyin edilmiş şəxs idi. Ondan əvvəl köhnə işlər idarəsinin rəisi İlqar Məmmədov təzə struktura keçəndən sonra yeni təyin olunub, amma o da sırf Nəcməddin Sadıkovun kadrı idi. Nəcməddin Sadıkovun kadrları hələ də vəzifələrdə qalırlar. Hesab edirəm ki, onları tam şəkildə təmizləmək lazımdır. Məsələn, Nəcməddin Sadıkovun ”sağ əli” hesab edilən Zahid adlı biri vardı. Onu orduda hamı “Şlyapa Zahid” kimi tanıyırdı. Onun qudası Hərbi Hava Qüvvələrinin maliyyə rəisi idi, artıq həbs olunub. O da sırf Nəcməddin Sadıkova bağlı kadr idi”.
Rövşən Məhərrəmov deyir ki, istintaq xüsusi diqqətlə satınalmalar, tenderlərlə bağlı məsələləri araşdırmalıdır: “Mətbuatda illərlə bu haqda yazılar dərc olunub. Hətta səs yazıları da var. Məsələn, Ukraynadakı səfir Elmira Axundovanın deputat olduğu zaman səs yazısı vardı. Belə məlum olurdu ki, o Müdafiə Nazirliyinin tenderlərində iştirak edib və hər il nazirlikdən külli miqdarda pul alıb. Deputatın Müdafiə Nazirliyinin tenderində nə işi var? Onu Müdafiə Nazirliyinin tenderlərinə kim buraxıb?
Silahlı Qüvvələrin ərzaq, geyim və əşya əmlakı ilə təchizatı ən yüksək səviyyədə təmin olunmaq üçün hər il dövlət büdcəsindən bu məqsədlər üçün külli miqdarda vəsait ayrılır. Nəcməddin Sadıkov və ətrafı illərlə bu vəsaiti öz maraqlarına uyğun xərcləyirdilər. Müdafiə Nazirliyinin həyata keçirdiyi tenderlərlə bağlı qanunsuzluqlar haqda mətbuatda çoxsaylı məlumatlar var. Bu məsələlərin araşdırılmasının zamanıdır”.
Rövşən Məhərrəmov bildirib ki, Müdafiə Nazirliyinin Satınalma İdarəsi ilk dəfə 2014-cü ildə yaradılıb: “Səfər Əbiyevin vaxtında belə bir qurum yox idi. Onun dövründə komissiya vardı və belə məsələlərlə həmin komissiya məşğul olurdu. Daha sonra bunu sərbəst qurum kimi yaratdılar. Bütün sənədlər Satınalma İdarəsindən keçirdi. Əvvəllər isə idarə rəisləri Müdafiə Nazirliyindən kənarda özləri satınalmaları sərbəst həyata keçirirdilər. Daha sonra bunu mərkəzləşmiş formada etdilər. Diqqəti general-mayor Rasim Babayevin yaramaz xidmətinə sərf etmək istəyirəm. Rasim Babayev 2014-cü ildə Təşkilat Səfərbərlik İdarəsinə rəis müavini təyin edilib. Nəcməddin Sadıkovun dəstəyi və komandası ilə İdarə rəisi, polkovnik Hikmət Xalıqov barədə böhtan xarakterli məlumatlar yaymağa başladı. Həmin məlumatları Nəcməddin Sadıkova ötürdü və sonuncu Hikmət Xalıqovu vəzifəsindən uzaqlaşdırdı. Bir müddət sonra Rasim Babayevə Nəcməddin Sadıkovun xeyir-duasi ilə general-mayor rütbəsi verildi. Heç zaman döyüş bölgəsində xidmət etməyən, heç bir xidməti təcrübəsi olmayan, heç bir zaman hərbi hissə komandiri belə olmayan Rasim Babayev Sadıkovun dəstəyi ilə general rütbəsinə yüksəldildi.
Bu gün ən çox korrupsiya və rüşvətxorluq məhz Rasim Babayevin rəhbərlik etdiyi sahədədir. Bütün hərbi hissələrdəki yerdəyişmələr, əsgərlərin ön xətdən arxa cəbhəyə keçirilməsi, idmançı olmayanların Mərkəzi Ordu İdman Klubuna keçirilməsi üçün sərəncamların hazırlanması və öz imzasi ilə təsdiq edib icraya yönəltməsi kimi əməllərdən də korrupsiya iyi gəlir.
Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi dövründə bu yollarla döyüşlərdən yayındırılan və arxa cəbhəyə göndərilən xeyli hərbçi olub. Rasim Babayevin bundan xəbəri olmayıb? MOİK-ə idmançı olmayanların ezam olunması valideynlərə neçəyə başa gəlir?”
Rövşən Məhərrəmova görə, zabitlərin mənzil təminatı məsələsi də Rasim Babayevin imzasına bağlı məsələdir: “Bəzi zabitlər uzun müddət xidmət etmələrinə baxmayaraq, indiyə qədər mənzillə təmin edilməyiblər. Lakin elə zabitlər də var ki, Nəcməddin Sadıkovun dəstəyi ilə bir necə mənzillə təmin olublar. Üzümü DTX və Hərbi Prokrorluğa tutub deyirəm və xahiş edirəm ki, bu adamların yaramaz fəaliyyəti yoxlanılsın. Müdafiə Nazirliyində baş verənlər dövlətciliyimizə xəyanətdir”.
Rövşən Məhərrəmov
Rövşən Məhərrəmov hesab edir ki, DTX tərəfindən Müdafiə Nazirliyində gerçəkləşdirilən həbslər, bu qədər cinayətlərin üstünün açılması Müdafiə Nazirliyindəki nəzarətsizlikdən irəli gəlir: “Maliyyəçi hansısa hərbi hissənin maliyyə tələbatı haqqında Müdafiə Nazirliyinin Maliyə İdarəsinə sifariş verir. Həmin Maliyə İdarəsi isə verilən sifarişi yoxlamalıdır ki, tələbat verilən sifarişlə üst-üstə düşsün. Əgər üst-üstə düşmürsə, onlar yenidən əsaslandırılmış sifariş tələb etməlidirlər. Görünür, burada Maliyə İdarəsinin özündə bilərəkdən buna göz yumublar və bu qədər yeyintilər ortaya çıxıb. Hər bir halda Müdafiə Nazirliyinin Maliyə və Büdcə idarəsi nəzarət etməli idi. Yəqin ki, bunlar əlbir olublar. Düşünürəm ki, nazirlikdəki başqa sahələr, məsələn, Maddi-Texniki Baş İdarəsi də yoxlanılmalıldır. Onların da satınalmaları, tikintiyə xərclədiyi pulları var. Bu yoxlamalarla bərabər həbslərin sayı da çoxala bilər. Yoxlamaların da nəticəsi göz qabağındadır. Bir satınalmada 3.5 milyon manat yeyintinin aşkar olunması çox pis olaylardan xəbər verir. Müdafiə Nazirliyi elə bir qurumdur ki, bu hallar orada olmamalıdır. Çünki bu, insanların büdcəyə toplanan pullarıdır. Torpağımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz, qazilərimiz var. Bu nazirliyə ciddi surətdə nəzarət olmalı və orduda təmizlik işləri aparılmalıdır. Saxlanan hərbçilər yüksək vəzifəlidir və aydındır ki, belə bir miqyasda mənimsəni təkbaşına həyata keçirə bilməzdilər. Bu işlərin içində ali və yüksək rütbəli hərbçilər olub. Bu işlərin başında dayanan isə Nəcməddin Sadıkovdur. Tutulanlar onun kadrlarıdır. Amma Nəcməddin Sadıkov bu gün də Azərbaycanda sərbəst gəzib dolaşır. Onun həbsi üçün vəzifədə olduğu müddətdə də, bu gün də kifayət qədər əsas var. O, nəhayət ki, əməllərinə görə cəzasına çatdırılmalıdır”.