“Bu prinsiplər Azərbaycanın maraqlarına uyğundur” – Vitse-prezident

Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin Teleqraf.com-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik

– Azay müəllim, bu ilin əvvəlində Qondarma Dağlıq Qarabağda seçki keçirilib. ATƏT PA-nın buna münasibətini necə qiymətləndirmək olar?

– ATƏT-in Parlament Assambleyası bu ilin mart ayının 31-də Dağlıq Qarabağda Ermənistanın səhnələşdirdiyi qondarma seçkiyə adekvat və sərt reaksiya verdi. ATƏT PA rəsmi olaraq Qarabağda keçirilmiş qondarma seçkiləri qeyri-qanuni adlandırdı və ictimai sağlamlıq üçün təhlükəli bir addım kimi qiymətləndirdi. Əlbəttə, Parlament Assambleyası tərəfindən qəbul edilmiş bu qərar həm ədalətli, həm də beynəlxalq hüququn prinsipinə uyğun idi. Hesab edirəm ki, Ermənistanın uzun müddət həyata keçirmək istədiyi strateji bir xəttin, yəni, Dağlıq Qarabağdakı seçkilərin tanınması siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən birmənalı rədd edilməsi Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin çox böyük diplomatik və siyasi qələbəsi idi. Artıq ermənilər bu mövzuda nə ATƏT PA-da, nə də digər beynəlxalq qurumlarda heç nə deyə bilmirlər. Azərbaycanın haqlı mövqeyi hamı tərəfindən müdafiə olunur.

– İyul ayının əvvəlində Tovuz istiqamətində Ermənistan tərəfindən növbəti təxribata cəhd edildi. Bu bu təxribata Parlament Assambleyasının mövqeyi necə oldu?

– İyul ayının 12-də Tovuz istiqamətində Ermənistanın təxribatı ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycan nümayəndə heyəti adından ATƏT PA-ya müraciətlər edildi. Bu müraciətlər araşdırıldı. ATƏT PA-nın prezidentinin bu məsələ ilə bağlı bir açıqlaması yayıldı. Bu açıqlamada açıq şəkildə Ermənistan-Azərbaycan sərhəddində yaranmış gərginləşmənin təhlükəli olduğu qeyd edildi. Münaqişənin beynəlxalq hüquq normaları, Helsinki Yekun Aktının prinsipləri çərçivəsində həllinin vacibliyi qeyd olundu. Bildiyiniz kimi Helsinki Yekun Aktının prinsipləri Azərbaycanın maraqlarına uyğundur, Yəni, Azərbaycanın ərazi bütövlüyü, suverenliyni və beynəlxalq aləm tərəfindən qəbul edilmiş sərhədlərinin toxunulmazlığı prinsipini tam dəstəkləyir.

– ATƏT PA xalqların öz müqəddəratını təyinetmə məsələsinə necə yanaşır?

– Ermənlərin daha çox manipulyasıya etdiyi “xalqların müqəddəratını təyin etmə” prinsipi Helsinki Yekun Aktında açıq şəkildə qeyd edilib. Həmin prinsipə əsasən öz müqəddəratını təyin etmə heç bir halda ölkələrin ərazi bütövlüyünün hesabına həyata keçirilə bilməz.

– İşğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən qanunsuz məskunlaşma ilə bağlı ATƏT PA-nın mövqeyi nə dərəcədə təsirli olacaq?

– Ermənilərin qanunsuz olaraq işğal edilmiş ərazilərə köçürülməsi haqqında ölkəmizin narahatlığı ilə bağlı ATƏT PA-ya məktub göndərilib. Sentyabrın 2-də ATƏT PA-nın Büro iclasında yayılan açıqlamada bu fakt açıq şəkildə öz əksini tapıb və Livan ermənilərinin işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən qanunsuz yerləşdirilməsi ilə bağlı narahatlıq bildirilib. Eyni zamanda Ermənistan tərəfindən Azərbaycana qarşı təşkil edilən hərbi təxribatlara da münasibət bildirilib.

– ATƏT PA-da Azərbaycanla bağlı daha hansı məsələlər müzakirə olundu?

– Qeyd etdiyim kimi, ATƏT PA-nın Büro iclasında həm ermənilərin qanunsuz köçürülməsi, həm münaqişənin həll edilməməsi ilə bağlı Azərbaycanın haqlı mövqeyi diqqətə çatdırıldı. Eyni zamanda Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı ATƏT PA-nın Büro iclasında məlumat verdim. Tərəfimdən ATƏT-in Misk Qrupunun fəaliyyətsizliyi ciddi tənqid olundu və Minsk Konfransının çağırılması ilə bağlı təklif irəli sürüldü.

– Ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq təşkilatlara dolğun formada çatdırılması istiqamətində görülən işləri qaneedici hesab etmək olarmı?

– Azərbaycanla bağlı beynəlxalq qrumlar xüsusilə, ATƏT PA nə qədər çox məlumatlı olsa, o qədər yaxşıdır. Çünki bu kimi nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın qanunsuz fəaliyyətinə reaksiya verir və qətnamələr qəbul edirlər. Bunun nəticəsində Azərbaycanın haqlı mövqeyi daha da güclənmiş olur. Bu cür müzakirə və bəyanatlar gələcəkdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT PA-da qəbul olunacaq vacib sənədlər və qətnamələr üçün baza rolu oynayır. Artıq ATƏT PA-nın rəhbərliyi və Büro üzvləri vəziyətlə bağlı kifayət qədər məlumatlıdırlar və əminəm ki, yaranmış mühit Ermənistanın işğalçı mahiyyətini bundan sonra da ifşa etmək üçün əlverişli rol oynayacaq.

Hamısını Göstər

Related Articles

Back to top button