BULANIQ DİPLOMATİYA KİMƏ SƏRF EDİR?

“Məqsəd ümumi rifaha hesablanmayanda xaos baş verir. 

Alov parlaqlığını, güc isə qüdrətini itirir”.

Teodor Drayzer-Amerika yazıçısı

 

Yaşadığımız fani dünyanın tükürpədici, ədalətsiz, bəzən də heyrətedici səhifələrini varaqlayanda nəfəs boğazda qəbz olur. Burada hegemon dövlətlərin üzv olduğu BMT-nin günahı daha çoxdur. Acgöz və tamahkar, şər xislətli insanların məskunlaşdığı yer üzü çox hökmdarlar və müharibələr görüb. Nə qədər qadın dul, nə qədər uşaq hər iki valideynlərini itirərək yetim qalıb. Amma övladlarını itirən ata-anaların “adı” yoxdur. Onları anmaq və daxili iztirablarını duymaq üçün mütləqdir ki, övlad itirəsən(?) Dərdlərinə şərik olmaq da, səmimilikdən uzaqdır, – desəm məni qınamayın!

Kolonial, milli, regional və dini müharibələrin, miqrant axınının, qaçqın və məcburi köçkünlük hallarının planlı və məqsədli şəkildə davam etməsi riyakar siyasi liderlərin utanc gıtirən uğursuz diplomatiyasının heç vaxt unudulmayacaq nəticəsidir. Bu mənzərə hər gün yeni forma və məzmunda dəyişir.

Haşiyə çıxıram: 1973-cü ildə ABŞ-nin xeyir- duası ilə Çilidə başlanan terror ərəfəsində alman kansleri Villi Brandt vəzifəsi ilə bağlı BMT-də bir nitq söyləmişdi. O, dünyada artan yoxsulluqdan və səfalətdən danışmışdı. “Aclıq – bu da, bir müharibədir!” fikri o qədər inandırcı səslənmişdi ki, hamı ayaq üstə Villini alqışlamışdı. Zaman gələcək və aclıq villilərin qəsrlərinə də, yol tapacaq, qaçqınlıq onları da yaxalayacaq!

Ötəri keçmişin qanlı səhifələrindən müasir dövrümüzə qədər vandalizmə xas dağıntılar, kütləvi qırğınlar, xarabalıqlara çevrilmiş ölkələr – (Azərbaycanın işğaldan azad olunmuş və artıq Böyük Qayıdış Proqpamının birinci mərhələsində 2026-cı ilin sonuna qədər 140 min vətəndaşın öz ata-baba yurdlarına qayıdışı baş tutacaq)İraq, Fələstin, Qəzza, Livan, Suriya və sair Allahın ümidinə qalıb. Bütün baş verənlər iri dövlətlərin bulanıq diplomatiyasının, eybəcər, ədalətsiz xarici siyasətinin əyani sübutudur. Hələ çox başlar ağrıyacaq. Belə çıxır ki, bəşəriyyətə sakitlik nəsib olmayacaq.

Dünyanı zorla amerika(lı)laşdırmaq və ya qərb(li)ləşdirmək istəyirlər. Kübarlıq itib. Beynəlxalq hüququn əsas prinsiplərindən sayılan İnsan hüquq və azadlıqlarının müdafiəsi, habelə dövlətlərin ali məqsədinə çevrilən bəşəri dəyərlərin təmin edilməsi kağız üzərində qalıb. Hadisələrin bu sayaq gedişi Allahsızlaşmış dövlətlərin böyük və bağışlanılmaz səhvləridir. Artıq Beynəlxalq hüququn hamılıqla tanınan prinsipləri işləmir, hadisələr məcrasından və nəzarətdən çıxıb. Güclü dövlətlər tərəfdar çıxdığımız normaları tez-tez, maraqlarına uyğun, Avropa və Qərb məmurlarının hər gün dəyişdikləri köynəkləri kimi dəyişir. Dünyada baş verən ədalətsizliklərin və haqsızlıqların şahidi olduqca ədaləti və haqqı əlimizə fənər alıb axtarmalı olacağıq.

Son 500 ilin ən mühüm və taleyüklü hadisəsi 16 iyul 1945-ci ildə, sübh çağı, saat 5:29-da baş vermişdi. Həmin an Amerika alimləri ilk atom bombasını Nyu-Mexico ştatının Alamoqozdo şəhərində sınaqdan keçirmişdi…

O gündən başlayaraq bəşəriyyət sadəcə, tarixin təkərlərini dəyişib balanslaşdırmaq əvəzinə, ona son qoya biləcək imkana sahib oldu. Bu, elmi inqilab adlandırılsa da əslində, “nə üçün” və “nəyə lazım idi”- suallarına cavab tapılmadı. Dünyaya meydan oxumaq, kiçik dövlətlər üzərində ağalıq istəyi hayasızcasına davam edir. Belə “inqilablara” çox sərmayə qoyulur. Əhalinin boğazından kəsib kütləvi qırğın silahlarına üstünlük vermək bəşəriyyəti açıq-aşkar təhdid etməkdir.

Məlumatlara görə, ABŞ höküməti ötən 15 il ərzində nüvə istehsalının öyrənilməsinə milyonlarla dollar vəsait qoyub. Elmi təqdiqatlar nəticəsində ərsəyə gələn kəşflər atom elektrik stansiyalarını inşa etməyə, Amerika sənayesinin ucuz enerji ilə təchizatına imkan yaratdı. İnşa edilən bu stansiyalar ABŞ hökümətinə vergi ödəyir və əldə edilən gəlirin, verginin müəyyən hissəsi yenidən nüvə sahəsində təqdiqata yönəldilir.

Nobel mükafatına layiq görülmüş ilk Amerika yazıçısı Luis Sinkler Nobel nitqində vətəndaşı olduğu ölkəsini tənqid etməkdən çəkinməyib. “Amerika dünyanın ən ziddiyyətli, ən dözülməz və ən həyacanverici ölkəsidir”, – demişdi.

Araşdırmaçı Yuval Noah Harari atası Şlomo Harariyanin əziz xatirəsinə həsr etdiyi “Bəşəriyyətin qısa tarixi” kitabında (səh.15) bəşəriyyət tarixinin üç mühüm inqilabı barədə yazır: Təxminən 70 min il əvvəl başlayan “Təfəkkür” inqilabı, on iki min il əvvəl yaranan “Aqrar” inqilab, və 500 min il əvvəl başlayan “Elmi” inqilab ətrafında oxucularına bilgi çatdırır .

Təfəkkür inqilabından sonra kainat anlanılmağa başlanılıb. Müasir elm “İqnoramus” – latınca “bilmirik” mənasını verən nəsihətinə əsaslanıb. Ən başlıcası isə bu vaxta qədər qazandığımız biliyin müəyyən müddətdən sonra topladığımız məlumatlar sayəsində səhv çıxa biləcəyini də qəbul edir, heç bir fikir və ya nəzəriyyənin tənqiddən azad olmadığının qənaətinə gəlirik.

1776-cı ildə qəbul edilən Amerika “istiqlaliyyət Bəyannaməsi”nin ən məşhur hissəsinə diqqət edək: “Biz ,bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabər yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edib, bunlara “yaşamaq istəyi”, “azadlıq”, “xoşbəxtliyə canatma hüququ” da daxildir”.

Biologiya elminə istinadla yanaşsaq, insanlar yaradılmayıb, təkamül edib. Təbii ki, təkamül “bərabərliyin” ortaya çıxmasına təsir edə bilməz. Bərabərlik ideyası yaradılış ideyası ilə bağlıdır. Doğulan andan insan fundamental və üniversal mülki-siyasi hüquqlara da, malik olur. Həmin vaxtlarda köləliyə qarşı çıxan Amerika dövlət və siyasi xadimlərinin əksəriyyəti məhz qul əməyindən istifadə və qulun istismarı nəticəsində kapitalistə çevrilmişdilər. (Amma köləliyin ləğvinə səs verirdilər). Deməli, pulu çox olanın hakimiyyəti də, güclü olur. İndi də müharibəyə üstünlük verən dövlətlər “güclülərdir”.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bütün dünyanı İsrailə qarşı CAR-ın BMT-nin beynəlxalq məhkəməsinə göndərdiyi şikayətinə dəstək verməyə çağırıb.

“Dünya İsrailin qətliamı ilə bağlı Beynəlxalq məhkəmədə baxılacaq prosesə dəstək olmalıdır. Kim bu işdə İsrailin tərəfində durarsa, onlar Qəzzada törədilən cinayətlərin iştirakçısıdır. Qəzzadakı cinayətlər cəzasız qalmayacaq və cavab verəcəklər”, – deyə nazir vurğulayıb.

Hz.İsanın “Dəvənin iynə dəliyindən keçməsi, bir zənginin cənnətə düşməsindən daha asandır”,- kəlamı harınlamış dövlətlərin bəd əməllərinə görə tövbə etməyənlərə, səltənətlərinin bir hissəsini yoxsullara paylamayanlara, dünyanı sülhə dar edənlərə bağışlanmanın da olmayacağına işarədir!

Hələ 1957-ci ildə Böyük Britanyanın Baş naziri, yazıçı, jurnalist, rəssam Britanya akademyasının fəxri üzvü (1940-1945 və 1951-1955) Vinston Çörçill, Böyük Britanyanın Məxfi Şurasının üzvü Eytken Uliyamın Fransadakı( Kap-dayda) qəsrində şam yeməyi zamanı ABŞ Prezidenti Eyzenhauerlə bağlı qəribə fikir səsləndirmişdi: ”Eyzenhauer tam ağlını itirib. Düşünürəm ki, yer kürəsi yaxın zamanlarda məhv olacaq… Mən, Allahın yerində olsaydım yeri ikinci dəfə yaratmazdım, çünki növbəti dəfə Allahın özü də təhlükə ilə üzləşə bilər…”(Əstəğfirullah)

Ağlı dayaz liderlər yalnız “Silahlanma və onun yeni növlərini kəşf etməklə sülhün təmin edilməsi mümkündür‘‘ prinsipi ilə az qala hamıya bomba axtarışında olmağı tövsiyə edir.

Bu gün fitnəkar diplomatiyası ilə tanınan Avropa və Amerka Ermənistana maliyyə, müxtəlif çeşiddə hərbi və siyasi dəstək verməkdən çəkinmir. Cənubi Qafqazda yeni müharibə ocağının alovlanmasında maraqlarını gizlətmirlər. Yeni müharibələrin göz yaşlarına, dağıntılara və ağrılara səbəb olacağını öncədən çox yaxşı görürlər. Cənubi Qafqazda bir tərəfdən guya sülhün tərəfdarıdırlar, digər tərəfdən, bölgədə hərbi arsenallarını gücləndirirlər.

42 il bundan öncə – 7avqust 1982-ci ildə Ankaranın Esenburq beynəlxalq hava limanında Ermənistanın məxfi hərbi təşkilatı – ASALA üzvləri Zöhrab Sarkisyan və Levon Ekmekçiyan bombadan və avtomat silahlardan istifadə etməklə sərnişinlərə, kafedəki insanlara, pasport rejimini yoxlayan əməkdaşlara atəş açaraq 20 nəfəri girov götürmüşdülər. Türkiyənin xüsusi təyinatlarının həyata keçirdiyi çevik tədbirlər nəticəsində terrorçulardan biri – Sarkisyan zərərsizləşdirilmiş, digəri Ekmekçiyan isə yaralanaraq həbs edilmişdi. Terrorçuları zərərsizləşdirmək məqsədilə davam edən 2 saatlıq atışma nəticəsində 9 nəfər həlak olmuş, 72 nəfər yaralanmışdı. Ölənlər arasında bir ABŞ vətəndaşı qadın, Qərbi Almaniyadan olan bir mühəndis, üç nəfər Türkiyə polisinin əməkdaşları, türk sərnişinləri və Türkiyənin hava limanının əməkdaşları da olub. ASALA məsuliyyəti boynuna götürərək, səbəbini ‘‘türk faşistləri’’nin erməni torpağını ilhaq etməsi ilə əlaqələndirmişdi(?) Tanış ‘‘arqumentlərdir ’’, elə deyilmi?

42 il bundan əvvəl, yəni müdhiş hadisə ilə bağlı istintaq zamanı Türkiyənin polis əməkdaşları erməni terrorçularına sual edirlər: ‘‘Törədilən xüsusilə ağır və Transmilli mütəşəkkil cinayətiniz nəticəsində 9 adam öldü….”

Polisin sualı bitməmiş, erməni terrorçusu “Bu, hələ azdır! ‘‘, – demişdi. 

Əks cavab gecikmədi, 7 sentyabr 1982-ci ildə məhkəmə haqlı olaraq ona müstəsna cəzanı – ölüm hökmünü tətbiq etmiş və cəzanın dəyişdirilməsilə bağlı verilən şikayətlər-vəsatətlər rədd edilmişdi. Terrorçu barədə hökm qanuni qüvvəyə mindikdən sonra 29 yanvar 1983-cü ildə ölüm aktı asılmaqla icra olunmuşdu..

Bu, erməni terrorçularınınn heç vaxt unudulmayan, transmilli mütəşəkkil cinayətlərinin xüsusilə ağır və amansız növlərindən biriydi.

İndi də erməni revanşistlərdən Azərbaycan dövlətinə və xalqına qarşı eyni münasibətlərin şahidi oluruq. Avropa ssenarisi Amerikanın quruluşçu rejissorluğu ilə davam edir…

Ermənilər və onların havadarları həyasızcasına bəyan edirlər ki, müharibə hələ bitməyib. Müsəlmanların qanına susayanların hələ də Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları var, Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi olaraq tanıyırlar.

Beynəlxalq müstəvidə həyasızlığın dərəcəsinə baxın!

Siyasi şərhçi və jurnalist Reyçel Abraam ”Caliber.az” saytında ‘‘Fransa Azərbaycanı öz hədəfi seçib’’ məqaləsində yazır: Ermənistan Azərbaycan münaqişəsi məsələsinə qayıdanda dərhal “fransız ikiüzlüyü” ortaya çıxır. Fransa erməni sepatizminə və Qarabağda terrorçuluğa dəstək olur. Yeni Kaledoniyada aksiyaların və gərginliklərin baş verməsinə əsas səbəb yerli əhaliyə-kanaklara qarşı ayrıseçkilik hallarının olması təsdiqlənsə də, Fransa qeyd olunan qeyri-insani münasibətləri aradan qaldırmaq əvəzinə, Yeni Kaledoniyada etiraz dalğasının genişlənməsində Azərbaycanı günahlandırır(?).

Fransa özünün xarici siyasətində korrektələr etməkdən və BMT-nin subyekti olan ölkələrlə hamılıqla tanınan normaların icrasından EKSTEZ edib kənara çəkilərək, müstəqil Azərbaycanı özü üçün hədəfə çevirir. Qeyd etmək yerinə düşərdi ki, 2020-ci ildə Fransa parlamentinin hər iki palatası Azərbaycanın süverenliyinə xələl gətirən və Beynəlxalq hüququn bütün prinsiplərinə zidd olaraq Ermənistanın da, tanımadığı ‘‘artsax respublikası’’nın müstəqilliyini bəyan edərək özünün neokolonialist mövqeyini təsdiqləmişdi”.

Sonda: XX əsr dünya ədəbiyyatının unudulmaz simalarından sayılan Kolumbiya yazıçısı Qabriyel Qarsia Markesin jurnalistin sualına verdiyi cavabını xatırladıram:

“-Ən çox nə ilə fəxr edirsən?

-Bu yaxınlarda eyni sualı anama da vermişdilər. Hamı gözləmişdi ki, anam dünya şöhrəti qazanmış oğlu Qabriyelin adını çəkəcək. O, isə gözlənilmədən “Mən bu dünyada ən çox rahibə qızımla fəxr edirəm”, – deyə cavab vermişdi. Mən özüm də, əsərlərimlə deyil, iki oğlumla, iki arxamla öyünürəm. Bu ikiüzlü dünyada onları namuslu və xeyirxah adam kimi böyütmüşəm… Riyakar dünyada bunu edə bildiyimə görə fəxr edirəm.”

Bəşəriyyətin müharibələr, dağıntılar, əzab və məhrumiyyətlərlə fəxr etməsini söyləmək çətindir. Müharibələr və dağıntılar əzazilliklə yadda qalan günlər, aylar və illərdir. Rəhm, mərhəmət və humanistlik orada ərşə çəkilir….

Azərbaycan isə ərazi bütövlüyünün bərpasını öz gücü və qanı bahasına təmin etməklə fəxr edir. Canından keçməyə hazır olan igidlərimiz erməniləri və onların havadarlarını məğlub edib PARTER vəziyyətinə məruz qoydu, diz çökdürdü.

Zəfər qazanmağımızla fəxr edirik… Şəhidlərimizin ruhu və onları bətnlərində bəsləyib həyata bəxş edən ANALAR qarşısında baş əyir, Tanrıdan ordumuza fədakarlıq, əzmkarlıq və qəhrəmanlıq arzulayırıq!

Veteran soydaşlarımıza sürəkli alqışlar düşür… 

Polise.az

Şəmsəddin Əliyev

Hüquqşünas

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button