Cəmi 2-3 ilə bütün dünya Zəfəri tanıdı… 1-ci Pyotrun 20-30 il gecikmiş nümunəsi… Aydın QULİYEV yazır…

Zəfərin 5 illiyi ilə bağlı möhtəşəm hərbi parad məzmun etibarilə özlüyündə böyük hadisədir və bir sıra amillər onun möhtəşəmliyinə yeni güc qatmaqla müstəqillik tarixindəki mövqeyini daha da gücləndirir.

Əvvəla, möhtəşəm parad 5 il əvvəlki Zəfərin baş verdiyi o zamankı beynəlxalq- siyasi şəraiti bir daha aktuallaşdırır və həmin proseslərə yeni baxış imkanları açır. 2020-ci ildə baş verənlər çox yaxın tariximiz olsa da, ötən 5 il bir sıra yeni nüansları üzə çıxardı. O zaman Prezident İlham Əliyevin yerində dediyi kimi, “çox daşları tərpətdiyimiz üçün” dünyada çoxları şokda idi və Zəfərimizi heç cür həzm edə bilmirdilər. Həmin anlar üçün Zəfərimizə “çox tezliklə dıyişəcək kövrək bir təsadüf” kimi baxırdılar. Zəfərdən ötən hər il dünyada yeni-yeni qüvvələr anladılar ki, Zəfərdə təsadüf heç nə yox idi və bu, Azərbaycan xalqının bütün real və potensial qüvvələrinin vəhdətindən doğmuş əbədi bir prosesin başlanğıcıdır. Bu mənada Zəfərin 5 illik hərbi paradı Zəfərə münasibətdə dəyişən beynəlxalq və siyasi reallıqların aşkar nümayişidir. İndi dünyada Zəfərimzi təsadüf, müvəqqəti və ya kövrək təzahür sayan bircə nəfər belə qalmayıb. Bu, Zəfərin doğurduğu böyük qlobal prosesdir.

İkinci, hərbi paradın Ermənistanın sülh ritorikasının daha da güclənməsi ilə eyni vaxta düşməsi o deməkdir ki, hətta Ermənistanın özü də Azərbaycanın Zəfərini qəbul etdi.

Üçüncü, möhtəşəm parad münasibətilə prezident İlham Əliyevin daha isti beynəlxalq diqqətin mərkəzində yer alması o deməkdir ki, Azərbaycanın Zəfəri qlobal miqyasda görünən reallıqların mənbəyinə çevrilib.

Dördüncü, 5 illik hərbi paradın möhtəşəmliyi Azərbaycanın təkcə hərbi, siyasi və inteqrasiya gücünü nümayiş etdirmir. Eyni zamanda, Zəfərin dünya tərəfindən legitim olaraq tanınmasına böyük təkan verir. Bu, o qədər əhəmiyyətli amildir ki, belə paradların hər beş ildən bir keçirilməsini daimi, zəruri və təsirli dövlətçilik aktı səviyyəsinə qaldırır. Zəfərdən cəmi 5 il ötüb. Bütün dünya Azərbaycanın qələbəsini artıq legitim olaraq tanıyır.

Belə nailiyyət heç də bütün ölkələrə nəsib olmur. Baxmayaraq ki, Qələbə Azərbaycanın halal haqqı idi, ancaq haqqımızı tanımayanlar var idi, həm də çox idilər.

Tarixdən müqayisələr gətirmək olar.

1-ci Pyotr 20 illik Şimal müharibəsində İsveç krallığına qalib gələrək Nişdat sülhü imzaladı, Müqəddəs Sinodun və Senatın müraciətləri əsasında 1721-ci il noyabrın 4-də 1-ci Pyotr “Böyük Pyotr”, Çar Rusiyası “Rusiya imperiyası” elan olundu. Ancaq qalib Rusiyanın yeni statusunu dünya dərhal qəbul etmədi, tək İsveçin özünün bu qələbəni 2 il sonra tanıdığını nəzərə almasaq, 10 illər boyu dünya Rusiyanın yeni qalib statusunu tanımadı, yalnız 1742-ci ildə Britaniyanın Rusiyanı imperiya kimi tanıması həmin prosesi gücləndirdi.

Müqayisə aparaq. Pyotrun qələbəsini dünya 20-30 ildən sonra yavaş- yavaş tanımağa başladısa, Azərbaycanın, İlham Əliyevin Zəfərinin bütün dünya tərəfindən tanınması cəmi 2-3 ilin ərzində özünü təsdiqləmiş qlobal hadisəyə çevrildi… Çünki haqq idi, halal idi…

Aydın QULİYEV

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button