Cənubi Qafqazda sülh naminə qurulan əməkdaşlıq üfüqləri

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri çərçivəsində aparılan yüksək səviyyəli müzakirələr, imzalanan çoxşaxəli sənədlər və ümumilikdə tərəflər arasında əldə olunan razılaşmalar region üçün nikbin əsaslar yaradıb.
Səfərin nəticələri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir, eyni zamanda Cənubi Qafqazda geosiyasi mənzərənin dəyişməyə başladığından xəbər verir. Həm diplomatik ritorikada, həm də konkret razılaşmalarda müşahidə olunan konstruktiv yanaşma sübut edir ki, Azərbaycan-İran münasibətlərində bir zamanlar mövcud olan gərginlik və qarşılıqlı inamsızlıq dövrü artıq arxada qalıb. Yeni mərhələ qarşılıqlı maraqlara və bölgənin gələcək taleyinə ortaq məsuliyyət prinsipinə əsaslanır. Səfər çərçivəsində imzalanan sənədlər siyasi, iqtisadi, nəqliyyat, energetika, logistika və digər sahələri əhatə edir. Bu, tərəflərin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətində olduqlarının göstəricisidir. Xüsusilə vurğulamaq lazımdır ki, tərəflər arasında Araz çayı boyunca alternativ dəhliz, “Araz dəhlizi” ilə bağlı əldə olunan razılaşmalar region üçün yeni geoiqtisadi platforma yarada bilər. Əgər bu razılaşmalar tam şəkildə həyata keçərsə, uzun illərdir gündəmdə olan və Ermənistanın davamlı müqaviməti ilə qarşılaşan Zəngəzur dəhlizinə alternativ yol reallaşacaq. Bu isə Ermənistanın regiondakı siyasi proseslərdən daha da təcrid olunmasına və yeni regional düzənin formalaşmasına gətirib çıxaracaq.
Azərbaycan-İran münasibətlərinin normallaşması və daha geniş əməkdaşlıq müstəvisinə keçməsi yalnız iki ölkənin maraqları üçün deyil, bütövlükdə regionun sabitliyi, təhlükəsizliyi və inkişafı baxımından da əhəmiyyətlidir. Unutmayaq ki, İran uzun illər Ermənistanla yaxın münasibətlər saxlayan və bəzi hallarda onun hərbi potensialını dəstəkləyən dövlətlərdən biri kimi çıxış edirdi. Lakin bu gün Tehran rəhbərliyinin yanaşmasında ciddi fərqliliklərin müşahidə olunması onu göstərir ki, İran da bölgədə baş verən dəyişikliklərin fərqindədir və yeni geosiyasi reallıqları qəbullanmağa başlayıb. Əgər müəyyən olunan yol xəritəsi ardıcıl və qarşılıqlı inam şəraitində reallaşarsa, Cənubi Qafqazda davamlı sülhün və real əməkdaşlığın təməli qoyulacaq. Azərbaycan tərəfinin dəfələrlə vurğuladığı kimi, regional məsələlər region ölkələrinin iştirakı ilə, onların maraqları nəzərə alınaraq həll olunmalıdır. Xarici, bölgə ilə maraqları üst-üstə düşməyən üçüncü qüvvələrin müdaxiləsinin qarşısının alınması isə məhz belə əməkdaşlıq formatları ilə mümkün ola bilər.
Eyni zamanda Azərbaycan ilə İran arasında münasibətlərin yaxşılaşması dərin dini, mədəni və tarixi bağlara söykənir. Azərbaycan hər zaman İranla mehriban qonşuluq münasibətlərinin tərəfdarı olub, lakin keçmişdə İranda bəzi dairələrin ölkəmizin müstəqil siyasət yürütməsini təhdid kimi dəyərləndirdiyi də sirr deyil. Lakin görünən odur ki, İranın yeni rəhbərliyi məsələlərə daha rasional və regionun ümumi rifahına xidmət edən prizmadan yanaşır. Məsud Pezeşkianın səfəri, imzalanan sənədlərin geniş spektri isə onu deməyə əsas verir ki, tərəflər münasibətləri yalnız normallaşdırmaqla kifayətlənmək niyyətində deyillər, əlaqələri daha da dərinləşdirərək onları uzunmüddətli və dərin əsaslara söykənən əməkdaşlıq modelinə çevrilməyi hədəfləyirlər.
Oqtay QASIMOV, politoloq
Polise.az