ÇALXALANAN İran üçün ŞOK MESAJ – Pezeşkian etirazçıların tərəfinə keçəcək?

İranda baş verənlər klassik “tez bitən etiraz” mərhələsini artıq geridə qoyub. Bu, uzunmüddətli sistem böhranının növbəti dalğasıdır. Rejim hələlik dağılmır, amma əvvəlki kimi də möhkəm görünmür.

Bəs proseslər nəzarətdən çıxarsa, Məsud Pezeşkian hansı addımı ata bilər? Pezeşkian etirazçıların tərəfinə açıq şəkildə keçə bilər, yoxsa?

elxan.jpg (68 KB)

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

“Güney azərbaycanlı soydaşlarımız hansı qərarı verəcəklərsə, biz Azərbaycan olaraq həmin qərara hörmətlə yanaşacağıq. Hazırda Güney Azərbaycanda iki əsas mövzu ətrafında ciddi müzakirələr gedir. Əgər hadisələr nəzarətdən çıxarsa, yəni rejimin dəyişməsi ehtimalı yaranarsa, Güney Azərbaycan necə hərəkət edə bilər?

Birinci mövqe ondan ibarətdir ki, tarixən azərbaycanlılar və digər türk xalqları İran dövlətinin bütövlükdə idarə olunmasında həlledici rol oynayıblar. Bu baxışa görə, əsas məsələ İranın parçalanması deyil, onun bütövlüyünün qorunması, lakin bu bütövlük daxilində azərbaycanlıların söz sahibi olmasıdır. Bu fikri müdafiə edənlər hesab edirlər ki, problem dövlətin dağılması yox, idarəetmədə real siyasi iştirakın təmin olunmasıdır. Buna nümunə olaraq Məsud Pezeşkianın məhz azərbaycanlıların səsi hesabına prezident seçkilərinin ikinci turuna çıxmasını göstərmək olar. Pezeşkian azərbaycanlılarla yaxşı münasibətlər qurmağa çalışsa da, mühafizəkar dairələr ona sərbəst hərəkət etmək imkanı vermirlər.

İkinci mövqe isə ondan ibarətdir ki, azərbaycanlıların İranın bütün idarəetməsinə tam şəkildə sahib olması belə Güney azərbaycanlıların həyatını köklü şəkildə yaxşılaşdırmayacaq və bu, problemin həlli deyil. Bu baxışa görə, problemin yeganə real həlli Güney Azərbaycanın müstəqil dövlət olmasıdır. Yəni hazırda Güney Azərbaycanda iki əsas baxış mövcuddur və müzakirələr də məhz bu iki baxış ətrafında aparılır. Lakin fakt ondan ibarətdir ki, İranda hələ də gərginlik və təlatümlü iğtişaşlar davam edir”.

Politoloq vurğulayıb ki, artıq Güney Azərbaycanın şəhərlərində də etiraz dalğası yüksəlib. Amma bu etirazların Pəhləvinin çağırışları ilə heç bir bağlılığı yoxdur:

“Əksinə, Güney Azərbaycandakı etirazlar həm mövcud rejimə, həm də Pəhləvinin geri qayıdışı ideyasına qarşı yönəlib. Məhz buna görə də küçələrdə “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” kimi şüarlar səsləndirilir.

Bu şüarlar bir mesajdır: rejimin dəyişməsində maraqlı olan qüvvələr bunu anlamalıdırlar. Eyni zamanda xaricdəki güclər – ABŞ-də və İsraildə Pəhləviyə üstünlük verən mərkəzlər də başa düşməlidirlər ki, İranda heç də hamı Pəhləvinin geri dönüşünü istəmir. İranda qeyri-fars millətlərin payı 60–70 faiz arasında dəyişir və bu toplumların böyük əksəriyyəti dəyişiklik istəsə də, Pəhləvi sülaləsinin geri qayıtmasını qəbul etmir. Əsas tələb ondan ibarətdir ki, rejim dəyişsin və normal, ədalətli bir sistem qurulsun. Lakin əgər bu mümkün olmazsa, təbii ki, Güney azərbaycanlı soydaşlarımızın düşüncəsində müstəqil dövlət yaratmaq ideyasının da mövcud olduğu danılmazdır”.

Xalidə Gəray
Musavat.com

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button